İranlı ayətullah od püskürdü

Əli Məhəmməd Dəstğeyb: «Xalqla pis rəftar sistemin islami mahiyyətinə son qoydu»

Iranda parlament seçkiləri yaxınlaşdıqca mühafizəkar dini xadimlərin Mahmud Əhmədinejad hökumətinə yönəlik sərt açıqlamaları da davamlı xarakter alıb. Iran Üləmalar Məclisinin üzvü, müxalif ayətullah Əli Məhəmməd Dəstğeyb ölkənin üç nüfuzlu ruhanisinə etiraz məktubu unvanlayıb. Üləmalar Məclisinin rəisi ayətullah Məhdəvi Kəni, ayətullah Mömin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri, ölkənin keçmiş prezidenti ayətullah Haşimi Rəfsəncaniyə yazılan məktubda hökumətin müxaliflərə qarşı repressiyaları pislənib.
Dəstğeyb yazır ki, qarşıdan gələn parlament seçkiləri öncəsi ölkə daxilində ictimai-siyasi durum ürəkaçan deyil. Xalqın parlamentdə görmək istədiyi şəxslər mühakimə olunmadan zindanlara salınıblar. Hökumətin apardığı yanlış siyasət və ədalətsiz qərarları üzündən insanların dövlətə olan inamı azalıb: “2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin nəticələrinə etirazlardan sonra respublika sistemi və idarəçilik üsulu öz mahiyyətini itirdi. Seçki etirazlarında xalqla rəftar isə sistemin islami mahiyyətinə son qoydu”.
Iran Üləmalar Məclisinin üzvü hökumətin yürütdüyü siyasətin islam şəriətini, dini qanunları tapdandığını, Islam inqilabının uğursuzluğa yuvarlandığını yazıb: “Belə olan halda ölkənin islam şəriəti ilə idarə olunduğunu necə iddia etmək olar? Bu vəziyyətdə dini mərkəzlər zalıma qarşı çıxa biləcək, islamın müdafiəsinə qalxa biləcək ruhaniləri necə yetişdirə bilər? Bəzi özbaşına qüvvələrin islam şəriətini istədikləri kimi təfsir etməsi şəriət və islam respublikası qanunlarına uyğundurmu? Insanları mühakimə olunmadan mürtəd və kafir adlandıraraq həbsə salmaq düzgündürmü? Zindanda insanların gözünü bağlayıb təzyiq və təhdid yolu ilə onlardan yalançı etiraflar almaq islam qaydalarına uyğundurmu? Hansısa bir şəxsin günahı sübut olunmadan icazəsiz onun evinə girmək və bəzən onun hətta şəxsi əşyalarını da götürüb aparmaq islam dəyərlərinə zidd deyilmi? Insanların telefonuna gizlicə qulaq asmaq, heç bir günahı olmayan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığında saxlanması düzgündürmü?”.
Müxalif ayətullah hökumətin özünə qarşı repressiyalarına da toxunub: “”Sepah”qüvvələri mənim arvad-uşağım mənzildə ola-ola evimə hücum çəkir, hədə-qorxu gəlirlər. Özünü müdafiə edə bilməyən arvad-uşağa hücum çəkmək, onları qorxuya salıb təhdid etmək islam şəriətinə uyğundurmu?”.
Əlavə edək ki, son zamanlar hətta hökumətin özündə belə Əhmədinejada qarşı müxalif əhval-ruhiyyə hökm sürür. Bu yaxınlarda isə parlament prezidentin deputatlar qarşısında dindirilməsi haqda qərar çıxarıb. Əhmədinejad daxili və xarici siyasət, hökumətin iqtisadi-sosial siyasəti haqda millət vəkillərinin suallarını cavablandıracaq.

Informasiya şöbəsi