Qəzzafinin oğlu qisas üsyanı başlatmaq istəyir

Liviya hökuməti isə Saadinin təhvil verilməsi üçün Nigerə müraciət etdi

Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin oğullarından biri –
Saadi Qəzzafi Liviyanın keçid hökumətinə qarşı üsyana başçılıq etmək niyyətindədir. O, Nigerdən telefon vasitəsilə “Əl-Ərəbiyə” kanalına müsahibəsində belə deyib. Xatırladaq ki, Saadi Qəzzafi ötən ilin avqustunda atasının devrilməsindən sonra Nigerə qaça bilmişdi.
Qəzzafinin oğlunun sözlərinə görə, devrilmiş diktatorun tərəfdarlarının üsyanı bütün ölkəni bürüyəcək. Saadi deyib ki, atasının tərəfdarları hətta Milli Keçid Şurasının üzvləri arasında da var. Onun özü isə hər an Liviyaya qayıtmağa hazırdır.
38 yaşlı Saadi Qəzzafi Liviya yığmasının keçmiş futbolçusudur. 2011-ci ilin dekabrında o, Meksikada sığınacaq tapmaq istəsə də, Meksika hökuməti onun qarşısını almışdı.
Liviyanın yeni hökuməti isə Niger dövlətindən Saadi Qəzzafinin geri qaytarılmasını istəyib. Milli Keçid Şurasının sözçüsü Məhəmməd əl Harizm bildirib ki, Niger hökuməti Liviya xalqıyla əlaqələrini davam etdirmək üçün Saadi Qəzzafi və digər qaçaqları dərhal Liviyanın müvafiq qurumlarına təhvil verməlidir. Harizm hökumətin bu məqsədlə rəsmi tələbləri artıracağını da söyləyib. Milli Keçid Şurasının sözçüsü Qəzzafi ailəsinin üzvlərinin Liviya məhkəmələrində mühakimə olunması üçün bu ölkəyə qaytarılmasının vacibliyini vurğulayıb.