“Bomj”ları sevindirən 5 günlük sığınacaq

«Hansı xəstəxanaya üz tutdumsa, yiyə duran olmadı»

Füzuli Ələkbərov evsiz-eşiksizlərin ömrünü bir qədər «artırdı»

4 dəfə yağan qar ölkənin bir daha qışa hazır olmadığını üzə çıxardı. Paytaxtdan tutmuş əyalətlərə qədər insanlar işıq, su, qaz problemiylə sınağa çəkildi. Evində işığın və qazın olmaması üzündən neçə-neçə insan dondu. 10 dərəcədən bir qədər artıq şaxta bütün ayıblarımızı açıb ortaya tökdü. Avropa ölkələri insan itkisinin qarşısını almaq məqsədi ilə dövlət səviyyəsində xüsusi tədbirlər həyata keçirməkdədirlər. Belə ki, Hollandiya, Rusiya, Ukrayna, Avstriya, Polşada və başqa ölkələrdə sahibsiz insanları soyuqdan qorumaq üçün küçələrdə isitmə məntəqələri yaradılıb. Burada onların isti çay və qida ilə təmin olunması istiqamətində işlər həyata keçirilir. Daha dəqiq desək, bu ölkələr öz bomjlarına sahib çıxmaqdadırlar. Bəs Azərbaycanda?

Üfunətli mağara

Sən demə, Bakıda bomjlar və gecələməyə yeri olmayanlar üçün beş günlük sığınacaq qurulub.
Rəsmi məlumatlara görə, sığınacaqlar Bakının Nərimanov (Şərq bazarı yaxınlığında, Xətai prospekti, 11),  Nəsimi, (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20), Xəzər (Xəzər bazarının yaxınlığı, A.Ildırım küç. 18) və Nizami (“Xalqlar Dostluğu” metrosunun yaxınlığı, Q.Qarayev küç 118) rayonlarında yerləşir.
Bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Ötən gün sözügedən ünvanlardan birinə – Şərq bazarı yaxınlığında olan sığınacağa baş çəkdik.

On çarpayılıq, 20-25 nəfəri yeməklə təmin edə biləcək stol və stullar qoyulan mağar qurulub. Içəridə iki bomj yatıb, üzü tüklü, işsiz, sifətlərində yara, danışmağa taqəti olmayan üç nəfər isə stulda ehmalca oturub çay içirlər. Aranı üfunət iyi bürüyüb. Siqaret çəkib ortaya atan kim, çayını qaşıqla qarışdırıb, sonra içinə tüpürən kim, əlini yuxarı qaldırıb Allahından imdad diləyən kim.
Bomjların yanına getmək mümkün deyil, cin görürmüşlər kimi hürkürlər, yastığın bu başına keçirsən, üzünü o yana çevirir, o biri başına keçirsən, əks tərəfə. Gizlənqaç oynayırmışlar kimi hərəkət edirlər, arada da qəh-qəhə çəkib gülürlər. Səylərimiz nəticəsiz qalır.
Kənarda dayanan üç nəfərlə söhbət etməyə çalışırıq. Biri ümumiyyətlə, bizə fikir vermədən öz işiylə məşğul olur. Sual verəndə isə üzünü çevirir. O biri iki nəfərsə suallarımıza çox həvəslə cavab verirlər.

Işsizlik onları dost elədi

Şakir Şadimanov Yevlax rayonundandır. Bir ildir Bakıdadır. Evi-eşiyi yoxdur. Iş adıyla bura gəlsə də, ona heç nə nəsib olmayıb. Işi-gücü “Yaşıl bazar”a mal almağa gələnlərin yüklərinə kömək etməkdir. Aldığı bir-iki manat isə siqaretə ancaq yetir. Gündə bir dəfə müştəri “tutsa” Allahına şükür edər. Deyir ki, indiki sığınacağa gəlməsəydi vəziyyəti lap betər olacaqdı: “Iki-üç günə yəqin ki, ölərdim. Kürəyimdə yanıq var. Hansı xəstəxanaya üz tutdumsa, yiyə duran olmadı. Yaxşı ki, bura açıldı. Beş günlük burada qalmağa yerim var. Bura bağlanandan sonra yenə arabaların üstündə gecələyəcəm. Fəhləlik olsa, işləyərəm. Mənə gündəlik yemək pulum və qalmaq üçün kiçik bir koma lazımdır. Başqa heç nə istəmirəm”.
Şakir Şadimanov yaxşı ustadı. Hər halda özü belə deyir. Üç-dörd ev tikib. Sahibləri ondan razı qalıb, ancaq indi fəhləliyə də yaramır.

Ilham Abdullayev də işsiz-gücsüz adamdır. Qalmağa yeri olmadığından sığınacağa üz tutub. Sumqayıtdan olan Ilham valideynləri, qardaşı və həyat yoldaşını itirib. Qızına isə baldızı baxır. Iş adıyla bir ildir ki, Bakıdadır. Heç nə qazanmayıb. Qazancı yalnız Şakirdi. Onunla yol-yoldaşıdır. Gecələrini iki arabanı çarpaz qoyub yatmaqla keçirirlər.
“Hara gedirimsə, ”sənə iş yoxdur” deyirlər. Elə bil Prezident Aparatına (onun aparatın administrasiya olmasındasn xəbəri yoxdur. Bu heç ona gərək də deyil – R.D.) gedib iş istəyirəm. Qaçırlar məndən. Böyrəyim, ciyərlərim soyuqlayıb. Ümumiyyətlə, ağrımayan yerim yoxdur?, – deyir Ilham. Bir neçə saniyəlik susur, hər şey belə olmalıymış kimi sözlərinə davam edir: “Adamı işə götürəndə vidinə-fasonuna diqqət edirlər. Mən özüm də müdir olsam öz görkəmimdə yanıma gələnləri işə götürmərəm. Pulum olsaydı normal pal-paltar alardım, üzümü qırxardım, sonra iş axtarmağa gedərdim. Mənim kimi adamı heç kim qəbul etməz. Üst-başımdan oğruya oxşayıram”.

“Gün ərzində gələnlərin sayı çoxdur”

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev sığınacaqların beş gün qurulacağını deyir. Onun sözlərinə görə, şaxtalı hava davam eləsə, müddət uzanacaq: “Məqsəd evləri olmayan, səfil həyatı yaşayan, o cümlədən gecə işdən çıxan zamanı evinə gedə bilməyən adamları yerlə təmin etməkdir. Gündə üç dəfə yemək və fasiləsiz çay verilir. Tibb məntəqəsi yaratmışıq. Problemi olanlara kömək edirik. Nazirliyin 142 nömrəli ”qaynar xətt”i var. Vətəndaşlardan xahiş edirik ki, yaşadıqları ünvanların yaxınlığında səfil həyatı yaşayan insanlar gördükdə bizə zəng vurub məlumat versinlər. Hər bir sığınacağa bir maşın ayrılıb ki, məlumat alan kimi vaxtı-vaxtında hadisə yerinə gedib, onları sığınacağa yerləşdirək”.
Nazirliyin sözçüsü deyir ki, axşam 5-6 nəfər sığınacaqda gecələyir: “Ancaq gün ərzində bura gələnlərin sayı çoxdur”.

***

Səfalət içində yaşayan insanlar üçün beş günlük sığınacaq var. Qar, şaxta davam eləsə, bu günlərin sayı artacaq. Bakıda şaxtalı havaların uzun sürməsini istəyənlər təkcə onlardır. Axı qalmağa yerləri, şam eləməyə pulları yoxdur…

Ramin DEKO