Obamanı öldürmək istəyiblər

Özbəkistan vətəndaşı ABŞ prezidentinə sui-qəsd hazırladığını etiraf edib

Özbəkistan vətəndaşı Uluğbəy Qədirov bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərinin təşviqat kampaniyası zamanı Ağ evin hazırkı rəhbəri Barak Obamanı öldürmək niyyətindən olduğunu etiraf edib. Onun sözlərinə görə, təlimatları öz ölkəsində fəaliyyət göstərən Islamçı qrupdan alırmış və sui-qəsdin həyata keçirilməsi üçün tam hazır imiş. Plana əsasən, Qədirov Obamaya avtomat tapança ilə hücum edəcəkmiş.
22 yaşlı Uluğbəy Qədirov ABŞ-a 2009-cu ildə tələbə vizası ilə gəlib. Ali məktəbə qəbul ola bilməyən Qədirovun vizası bir ildən sonra ləğv edilib. O, ötən il iyulun 13-də Birminhem şəhərinin hotellərindən birində M15 tüfəngini aldıqdan sonra həbs olunub. Alabama ştatının şimal dairəsinin prokuroru Coys Uayt Vens bildirib ki, radikal islamçı olan Qədirov dəfələrlə prezident Barak Obamanı öldürəcəyini və bununla dünya müsəlmanlarının qisasını ABŞ-dan alacağını bəyan edib. Qədirov özünü “Əmir” adlandıran və Özbəkistan Islam hərəkatının nümayəndəsi kimi təqdim edən bir şəxsdən göstəriş alırmış.
Qədirovun məhkəməsindən sonra jurnalistlərə müsahibə verən vəkil Lens Bel qeyd edib ki, onun əməlinə görə peşmançılıq hissi keçirməsi və günahını etiraf etməsi killeri ömürlük cəzadan xilas edib. Belə ki, Alabama məhkəməsi Qədirova 30 il həbs cəzası verib. Bundan əlavə hakim bildirib ki, o, həbsdən çıxdıqdan sonra ölkəsinə deportasiya ediləcək.

Informasiya şöbəsi