Hakan Fidanı istintaqa çağıran prokuror işdən uzaqlaşdırıldı
KCK olayını araşdırmaq iki yeni prokurora həvalə olundu
Türkiyə Milli Istihbarat Təşkilatının (MIT) rəhbəri Hakan Fidanın və bir neçə keçmiş və hazırkı MIT işçisinin ifadə vermək üçün Istanbul Prokurorluğuna çağırılması Türkiyə mediasının gündəmini tamamən dəyişib. Hazırda yerli mətbuat orqanları, eləcə də televiziya kanallarının əsas xəbər başlıqlarında məhz bu olayla bağlı məlumatlar əksini tapır.
Məsələni maraqlı edən məqamlardan biri Hakan Fidanın, eləcə də digər MIT işçilərinin ifadə vermək üçün prokurorluğa getməkdən boyun qaçırmalarıdır. Bunu nəzərə alaraq fevralın 10-da prokuror Sədrəddin Sarıkaya Ankara Prokurorluğuna Fidanın ifadəsinin məcburi qaydada alınması üçün təlimat göndərilib. Ifadə verməkdən imtina edən MIT şefinin müavinləri Yaşar Yıldırım və Hüseyn Kuzuoğlunun, həmçinin MIT-in keçmiş direktoru Əmrə Taner və müavini Afet Günəşin barəsində isə həbs qərarı çıxarılıb. Hələlik bu şəxslərin həbsi, həmçinin onlardan ifadə alınıb-alınmadığı ilə bağlı məlumat yoxdur. Polisin həbsləri həyata keçirmək üçün onlardan bir neçəsinin evinə və iş yerinə getdiyi ilə bağlı dünən Türkiyə mətbuatında yayılan xəbərlər isə çox keçməmiş MIT yetkililəri tərəfindən təkzib olundu. Indi Türkiyə ictimaiyyətini maraqlandıran əsas sual Ərdoğanın yaxın kadrı sayılan Hakan Fidanın KCK olayın aidiyyətinin olub-olmamasıdır. MIT-in etirazlarına, hökumətin H.Fidanı müdafiəedici açıqlamalarına baxmayaraq Istanbul Prokurorluğu MIT-çiləri istintaqa cəlb etmək tələbində israrlı görünür. Öz növbəsində Fidanı müdafiəyə qalxan AKP yetkililəri isə məsələyə fərqli formada dirəniş göstərirlər. Ötən sayımızda məlumat vermişdik ki, AKP-dən olan millət vəkilləri fevralın 10-da parlamentə dövlət istihbarat xidmətləri və “MIT” qanununa dəyişiklik edilməsi üçün təklif irəli sürüblər. Dəyişiklik reallaşarsa, bundan sonra MIT-çiləri və baş nazir tərəfindən özəl tapşırıq alanları baş nazirin razılığı olmadan sorğuya çəkmək mümkün olmayacaq.
Xatırladaq ki, MIT şefi, eləcə də adıçəkilən digər şəxslər PKK-nın bir qolu olan KCK işinə görə istintaqa cəlb olunublar. Istanbul Prokurorluğu bildirir ki, KCK ilə bağlı sənədlərə və saxlanılan şəxslərin ifadələrinə görə, örgüt cinayətlərində bəzi MIT əməkdaşlarının da iştirakı olub. MIT mənsubları terror aktlarının qarşısını almaq üçün hərəkətə keçməyib, bölücülüklə bağlı təlimatların örgütə çadırılmasında vasitəçilik edib. Istanbul Prokurorluğunda iş üzrə 2 min 500 səhifəlik iddianamənin hazırlandığı bildirilir.
Hökumətdən H.Fidanı müdafiə edən reaksiyalar gəlməkdə davam edir. Sosial müdafiə naziri Faruk Çelik olaylara yaxın günlərdə tam aydınlıq gətiriləcəyini bildirib. Prokurorluğun iddiaları ilə bağlı şərh vermək istəmədiyini deyən Çelik əlavə edib ki, Milli Istihbarat Təşkilatı fəaliyyətini qanuna uyğun şəkildə qurur: “Bu fəaliyyətlər masa ətrafında danışılmadığı üçün də bunun adı milli istihbaratdır. Yoxsa adı milli istihbarat olmaz. Bu dərəcə önəmli bir qurumun faaliyyətləri, başqanı və keçmiş yönəticiləri ilə bağlı dəyərləndirməni bir siyasətçinin etməsini doğru hesab etmirəm”.
AKP yetkilisi Əhməd Aydın isə bu cür addımların terrorla mübarizəyə zərər gətirə biləcəyini deyib: “Istihbarat təşkilatının işi budur. Buna damğa vursanız, MIT nə iş görəcək? Məgər AKP-dən əvvəlki dönəmlərdə terror örgütləri ilə istihbarat qurumları arasında görüşlər olmayıb? Dövlət terroru bitirmək üçün terror örgütləri ilə istihbarat qurumları arasında müəyyən görüşlər də keçirə bilər və içinə də sızar. Bu, dövlətin vəzifəsidir. Daha az zərərlə, daha az qanla terroru bitirəcəklərsə, nə mutlu”.
Keçmiş cümhuriyyət savcısı Ahmet Gündelin də açıqlaması H.Fidanı müdafiə xarakterli olub. Gündel bildirib ki, MIT-in məqsədi örgütlərin içərisinə nüfuz etmək, örgütün bölünməsinə xidmət etməkdir: “Proseslərə baxanda görürsən ki, MIT yönətiminin terror məqsədli örgüt qurmaq kimi bir niyyəti olmayıb. Əksinə öz vəzifələrini yerinmə yetiriblər”.
Dünən axşam saatlarında MIT işi üzrə yeni xəbər yayıldı. Məlum oldu ki, Hakan Fidan və digərlərinə qarşı iddialar irəli sürən və onları ifadə verməyə çağıran prokuror Sədrəddin Sarıkayanı bu işin araşdırılmasından uzaqlaşdırıblar. Onun həmkarı Balal Bayraqdar isə KCK işi üzrə soruşdurmanı davam etdirəcək. Istanbul Cümhuriyyət Savcılığı işə iki yeni prokuroru – Ibrahim Işıq və Adəm Özcanı cəlb edib.
S.Sarıkaya açıqlamasında bu qərarın onun üçün gözlənilməz olduğunu deyib. Prokuror bildirib ki, bu barədə onun özünə heç bir məlumat verilməyib, xəbəri isə televiziyadan eşidib.
Gültəkin


