Vaşinqton Fars körfözi və Hörmüz boğazlarına yaxın ərazilərdə hərbi qüdrətini durmadan artırır
Tehran isə nüvə qüdrətini nümayiş etdirəcəyini bildirir
İran ətrafında yaranmış gərginlik davam edir. Tehrana qarşı hərbi müdaxilə variantı son günlər ən çox müzakirə olunan məsələdir. İsrail mətbuatının hərbi mənbələrə istinadən yaydığı xəbərə görə, son bir həftə ərzində ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Fars körfəzi regionunda iştirakını əhəmiyyətli dərəcədə artırıb. Bu isə ABŞ-ın İran ətrafında hərbi dairəni möhkəmləndirməsi deməkdir.
Bununla yanaşı 10 mindən çox amerikalı mütəxəssis Raket Əleyhinə Müdafiə sistemlərini (RƏM) sınaqdan keçirmək üçün İsrailə yollanıb.
“İnetrfax”ın xəbərinə görə, ABŞ HHQ-ə aid təyyarələr Sinay yarımadası və Səudiyyə Ərəbistanın ərazisindən keçməklə Fars körfəzi üzərində uçuşlar edib. ABŞ Fars körfəzi regionunda bir neçə nəhəng aviasiya, hərbi dəniz və quru qoşunlarından ibarət bazalar yaratmağı planlaşdırır.
İranın ətrafı ABŞ qoşunları ilə doludur
Əlavə edək ki, ABŞ-ın Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman sahillərində “Abraham Lincoln” və “Carl Vinson” kimi təyyarədaşıyan gəmiləri lövbər salıb. Küveytdəki hərbi bazada isə 15 min nəfərdən ibarət quru qoşunları cəmləşib.
ABŞ-ın əlavə hərbi texnikası və canlı qüvvələri Omanın Masirə adasında yerləşən HHQ-nə aid bazaya toplanıb. Bu ada Hörmüz boğazına cənub-şərq istiqamətdən girişdir. İran hökuməti son zamanlar məhz Hörmüz boğazını bağlayacağı ilə ABŞ və müttəfiqlərini təhdid edir. Bu boğaz dünya neft bazarına çıxış baxımdan ərəb ölkələri və Qərb üçün mühüm əhəmiyyət daşıyır.
İran mətbuatı isə bildirir ki, ABŞ Qətərdəki Əl Übeydi HHQ-nə aid bazaya 6 “B-1B” tipli strateji qırıcılar yerləşdirib. Bundan başqa həmin bazaya “C-17”, “C-130” kimi hərbi helikopterlər və “Р-3 Orion” tipli hərbi dəniz kəşfiyyatı laynerləri toplanıb.
İsrailli nazir zərbə ilə hədələyib
Qeyd edək ki, İsrail kəşfiyyatı İranın yaxın 1 il ərzində nüvə silahı əldə etmək üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olduğunu açıqlayıb. Müdafiə naziri Ehud Barak isə İranın nüvə silahı əldə etməsini önləmək üçün bütün Tehran rejiminin nüvə obyektlərinə hava zərbələri endirəcəyini bildirib. Nazir Qərbin İrana qarşı sərt sanksiyalarının işə yaramayacağı təqdirdə hərbi müdaxilə variantına əl atacağını söyləyib.
İran inadından əl çəkmir
Rəsmi Tehran isə bütün hədələrə baxmayaraq nüvə silahı
əldə etmək niyyətindən daşınmayacağını bəyan edir. İslam İnqilabının 33-cü ildönümü münasibətilə paytaxt Tehranda keçirilən kütləvi yürüşdə çıxış edən prezident Mahmud Əhmədinejat ölkəsinin tezliklə nüvə sahəsində yeni nailiyyətlər ortaya qoyacağını bildirib. Əhmədinejad nüvə proqramıyla bağlı yaranmış ziddiyyətlərin aradan qaldırılması üçün rəsmi Tehranın danışıqlara hazır olduğunu, Qərbin isə müzakirələrdən yayındığını deyib.
Türkiyə hərbi gücə qarşıdır
İrana yönəlik hərbi müdaxilə variantının gündəmdə olduğu bir vaxtda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, problemin həlli üçün güc yolunun seçilməsi fəlakətə səbəb ola bilər. Davudoğlunun fikrincə, hərbi müdaxilə variantı ümumiyyətlə nəzərdən keçirilməməlidir. Xüsusilə, Yaxın Şərq bölgəsi üçün dönüş anında belə bir variant mümkün deyil.
İnformasiya şöbəsi



