Rusiyada müxalifət Putini təkrar seçki keçirməyə vadar edə bilməsə də, onu mətbuatda məqalələrlə çıxış etməyə və politoloqlarla görüşə məcbur etdilər. Bu, potensial prezidentin ictimai rəyə diqqətinin təzahürü kimi dəyərləndirildi.
Amma mən bu məqalələrdən birinin tezislərilə tanış olandan sonra bunun da bir dekorasiya olduğunu başa düşdüm. Elə bunun ardınca da bizimkiləri xatırladım – imitasiyalı demokratiya dövrü yadıma düşdü. Bəli, bu ölkələrin təkcə tarixi yaxın deyil, elə bu günü də oxşardır. Ona görə də mənim burada gəldiyim əsas nəticə bu oldu ki, demokratiyanın taleyi heç də Kremlin isti otaqlarında deyil, Moskvanın və Federasiyanın ən ucqar şəhərlərinin şaxtalı və soyuq küçələrində həll olunur.
U.Çerçill deyirdi ki, ruslar qədər heç bir xalq gücü qiymətləndirmir, bu xalq yalnız güclə hesablaşır, ona görə də güclü olmaq lazımdır! Elə yazımın başlığı da bu mənanı özündə ehtiva edir.
Rusiyadan özümüzə keçsək, son illərin acı praktikası nəyi göstərir? Bəlkə “acı” sözündən kimsə məyus olacaq. Amma bu da bir reallıqdır. Uğurlu siyasətin nəticəsi xoş ovqat yaradır. Fəqət, mən özümüzün son illərdə apardığımız bu siyasətə “uğurlu” deməyə çətinlik çəkirəm. Çünki hələlik işimizin bir nəticəsi var: biz göstərdik ki, varıq və mövcuduq! Amma mövcudluğumuza məzmun verə bilsəydik, öz fiziki mövcudluğumuzu siyasi reallığa çevirə bilsəydik, bu daha yaxşı olardı. Söhbət nədən gedir?
Bəzən bizə elə gəlir ki, dinc mübarizə metodları güc amillərini istisna edir. Amma belə deyil. Elə dinc mübarizə üsullarıyla da dirəniş göstərmək imkanı var. Vicdan məhbusları nə vaxt azadlığa buraxılacaq? Mən bunun üçün bir yol bilirəm: bu, o vaxt olacaq ki, yüzlərlə, minlərlə insan vicdan məhbusu və siyasi məhbus olmağa hazır olsun. Təbii ki, bununla mən bu adamların azad olması üçün edilən digər cəhdləri gözdən salmaq istəmirəm, onların hamısı vacib və qiymətlidir. Zira, daha vacibi inad göstərmək və dirəniş nümayiş etdirmək, insanları dinc mübarizə üsullarının effektivliyinə inandırmaqdır.
Təbliğatın bütün ruporlarının bu hakimiyyətin əlində olduğu bir vaxtda mənə də elə gəlir ki, ictimai diqqəti fərqli istiqamətə yönəltmək çox çətindir. Lakin buna cəhd etmək lazımdır. Cəmiyyətin diqqətini yenidən intellektual müstəvi üzərinə qaytarmalı və bu müstəvidə güclü olduğumuzu sübut etməliyik. Bir çox nüanslar var ki, biz bunları etiraf etməliyik. Bunların gözdən pərdə asmaq üçün olsa belə, “elektron hökumət”dən danışdıqları vaxtda biz 1988-ci ilin şüar və təkliflərilə kifayətlənə bilmərik, bir az dərinə getmək lazımdır. Təbii, bunu etmək çox çətindir. Çünki böyük resursları əlində cəmləşdirən hakimiyyət o qədər əlverişli vəziyyətdədir ki, milyardlardan bu xalq üçün hətta qəpikləri belə, sərf edəndə müsbət tonda görünür. Biz bu prosesin də gülünclüyünü və ucuz təbliğat üçün edildiyini nümayiş etdirməliyik. Bu dünyanın hansı bir ölkəsində prezident təmir olunmuş uşaq bağçasının, yeraltı keçidin və daha nə bilim, nəyin açılışına gedir? Məgər bunun üçün müvafiq aşağı vəzifəli və səlahiyyətli məmurlar yoxdur? Əgər söhbət böyük uşaq şəhərciyindən getsəydi, mən bunu prezidentin uşaqlara diqqəti kimi başa düşərdim. Amma burada söhbət hansısa qəsəbədə hətta yeni açılmış uşaq bağçasından yox, təmir olunmuş bağçadan gedir.
Təbii, müxalifət və bir də jurnalistlər böyük işlər görürlər. Hakimiyyətin, demək olar ki, elə bir layihəsi, elə bir işi yoxdur ki, onun əsl məğzi, mahiyyəti açılıb göstərilməsin, şişirdilmiş ədədlər, xərc və məsrəflər ifşa olunaraq vaxtında bu cəmiyyətə çatdırılmasın.
Mümkün olmayanı etmək sənəti
Bu yazını tənqidi tonda qəbul etmək lazım deyil. Çox böyük işlər görülür və bir çox hallarda, hətta cəmiyyət bundan kütləvi şəkildə xəbər tutmur. Siyasi leksikonda belə bir deyim var ki, siyasət mümkün olanın sənətidir. Amma o da var ki, M.Veber və bir də ötən əsrin 60-cı illərində etiraz edən fransalılar buna kiçik bir düzəliş ediblər: realist olun, mümkün olmayanı tələb edin!
Bu fikrə də kiçik bir düzəliş etmək olar: realist olun, mümkün olmayanı etməyə cəhd göstərin, çünki bu, əsl sürpriz olacaq!

Siyasətin ən böyük sürprizi
•


