Fransa prezidenti Nikola Sarkozi 1915-ci il olaylarıyla bağlı inkar qanununa yəhudilərdən dəstək istəyib. Fransa Yəhudiləri Təmsilçi Şurasının (CRIF) ənənəvi səhər yeməyinə qatılan və çıxış edən Sarkozi yəhudi soyqırımıyla ermənilərin iddia etdiyi 1915-ci il olaylarını eyniləşdirib. Fransa rəhbəri yəhudilərin hücuma, təhqirə uğramasının 65 milyon fransızın problemi olduğunu deyib.
Daha sonra 1915-ci il olaylarına toxunan Sarkozi “Türkiyə böyük bir ölkədir, böyük bir mədəniyyətin beşiyidir. Amma tam mənasıyla böyük ola bilmək üçün hər kəs öz tarixinə nəzər yetirməlidir. Hər kəs tarixinin kölgədə qalan, eyni zamanda günəşli üzünü görə bilməlidir” söyləyib.
Fransanın pis rəftara məruz qalan xalqlara hər zaman sahib çıxdığını söyləyən Sarkozi yəhudilərə səslənib:“Buna diqqətlə yanaşmağınızı iztəyirəm. Əgər ölkəmizdə bir soyqırımın varlığını inkar etsək, bir gün yəhudilərin üzləşdikləri gerçəyin inkar edilməsi ehtimalına qarşı hazırlıqlı olun. Biz bunu bir fürsət məsələsi kimi deyil, bir prinsip məsələsi olaraq görürük. Türkiyə öz tarixini yenidən nəzərdən keçirsə hörmət qazanmış olar. Bunu tələb etdiyimiz ölkənin dost bir ölkə olduğunu bilirik, amma yenə də bunu söyləməyə ehtiyac görürük”.
İnformasiya şöbəsi


