XVI Benediktə sui-qəsd təşkil olunacağı söylənilir
İtaliyada nəşr olunan “İl fatto Quotidiano” qəzeti ölkəni qarışdıran sarsıdıcı xəbər yayıb. Bir baş yepiskopun şəxsi söhbət zamanı “Roma papası XVI Benedikt bir il ərzində dünyasını dəyişəcək” deməsi gündəmə bomba kimi düşüb. Məlumatda deyilir ki, bir kardinal isə Roma papasına xəbərdarlıq məktubu göndərib. Qəzet də bir kopiyasını ələ keçirdiyi həmin məktubu “Papaya sui-qəsd” başlığıyla dərc edib. “İl fatto Quotidiano” yayımladığı məktubu “Vatikan: intriqalar və kinlər”, “Papaya sui-qəsd, 12 ay ərzində öləcək” başlıqlarıyla verib.
İddiaya görə, Palermo baş yepiskopu Paolo Romeo ötən ilin noyabrında getdiyi Çində bəzi şəxsi danışıqlar reallaşdırıb. Bu danışıqlar zamanı da bəzi din adamlarına, “Papa 1 il ərzində öləcək” deyib. Bununla da kifayətlənməyib yeni papanın Milanın baş yepiskopu Ancelo Skola olacağını da söyləyib. Bundan sonra kolumbiyalı kardinal Dario Kastrilliyon Hohyos həyatından narahatlıq keçirdiyi və sui-qəsd təşkil ediləcəyini şübhə etdiyi üçün papa XVI Benediktə məktub yazaraq onu xəbərdar edib. Kardinalın ötən il dekabrın 30-da almanca qələmə aldığı məktub bu ilin yanvarında Roma papasına çatıb.
Bu məlumat qəzet satışa çıxarılmadan öncə bir televiziya proqramında yayımlanıb. Bundan sonra Vatikan xəbərə dərhal reaksiya verərib. Vatikan sözçüsü Federiko Lombardi bildirib ki, bu xəbər ciddi qəbul edilməsi lazım olmayan iddiadır:“Bu psixoloji problemlərdən qaynaqlanan bir məlumatdır”.
İnformasiya şöbəsi