Ramiz Mehdiyevdən oliqarxlara “şikayət zərbəsi”

PA rəhbəri quruma daxil olan şikayətlərdən rəqiblərinə qarşı istifadə edir

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılov ötən ildə çalışdığı quruma daxil olan müraciət və şikayətlərlə bağlı məqalə yazıb. Məqalədə “Azərbaycan” qəzetinin dünənki sayında dərc olunub. Aydın olur ki, 2011-ci ildə müraciətlərin sayının regionlar üzrə  artımı daha çox Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında, o cümlədən  Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən, Aran iqtisadi rayonunda Beyləqan, Bərdə,  Saatlı, Dağlıq Şirvan iqtisadi rayonunda Qobustan rayonlarında müşahidə edilib. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər, Gəncə-Qazax iqtisadi rayonunda Göygöl və Qazax, Bakı şəhəri üzrə Binəqədi, Qaradağ rayonlarında da artım olub.
Süleyman Ismayılov yazır ki, elə şəhər və rayonlar var ki, son 3 ildə onlardan Prezident Administrasiyasına göndərilən müraciətlərin sayı mütəmadi artır: “Sel daşqınlarından zərər çəkən  rayonlarda bu artımın obyektiv səbəblərini başa düşmək olar, lakin Lənkəran, Şəki, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Qax, Qazax, Lerik, Siyəzən, Zaqatala şəhər və rayonlarında bunun səbəbləri araşdırılmalı və lazımi  tədbirlər görülməlidir”.
Şöbə müdiri dövlət qurumları ilə bağlı daha çox  müraciətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azərenerji” və “Bakıelektrikşəbəkə” ASC-lərdə və “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatındandır.
Süleyman Ismayılov yazır ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi bilavasitə şəhər və rayon icra hakimiyyətlərinin, yerli idarə, müəssisə və təşkilatların səlahiyyətlərinə aid olan məsələlər barəsindədir: “Bu məsələlər ya yerində operativ həll edilməli, ya da vətəndaşlara əsaslandırılmış cavablar və dolğun izahatlar verilməli idi. Məsələn, Prezident Administrasiyasına Şəki, Ağstafa, Astara, Balakən, Hacıqabul, Ismayıllı, Qax, Neftçala, Oğuz, Sabirabad, Şamaxı, Tərtər şəhər və rayonlarından belə müraciətlərin daxil olduğunu göstərmək olar. Bunun əksinə olaraq daxil olan müraciətlərdə şikayətlərin faizinin daha çox artması Bakı şəhəri və onun bəzi rayonlarında, Lənkəran, Şəki, Ağdaş, Bərdə, Biləsuvar, Gədəbəy, Göyçay, Göygöl, Imişli, Ismayıllı, Qobustan, Lerik, Neftçala, Siyəzən, Tərtər şəhər və rayonlarında müşahidə olunmuşdur”.
PA rəsmisinin sözlərindən aydın olur ki, vətəndaşların məhkəmələr və prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı da müraciəti çoxluq təşkil edir.
Məqalədə vətəndaşların şikayətçi olduğu bir sıra şirkətlərin də adı çəkilir. Bunlar “Mur-ay”, “Birlik-Inşaat”,  “Şərur-Inşaat”, “Safari-N”, “Şahbulaq”, “Badu-Kubə”, “Oskar”, “Xəmsə-Inşaat”, “Şəfəq”, “Kosmos”, “Elita-R”, “Günəş Holdinq”, “Şaiq”, “Fuad Ltd”, “Vedi-E”, “Kamran B.Ə.”, “Olimpus-Az”, “Qafqaz MTZ”, “In Eksklyuziv Servis”, “Ələsgəroğlu-K” MMC və MTK-lardır.
Maraqlıdır ki, Süleyman Ismayılov daha çox PA rəhbəri Ramiz Mehdiyevin nəzarətindən kənarda olan rayonlar, dövlət qurumları və şirkətlərin adlarını açıqlayıb.