NATO radarını Türkiyədə qurmağı Ankara istəyib

Rasmussen gözlənilməz bəyanatla çıxış edib

Son zamanlar NATO-ya məxsus raket hücumundan müdafiə sisteminin Türkiyədə yerləşdirilməsi ətrafında ziddiyətlər artıb. Rusiya və İran həmin sistemin özlərinə qarşı ciddi təhlükə yaratdığını iddia etsə də, NATO bunun əksini bildirir. Avroatlantik alyansın baş katibi Anders foq Rasmussen Türkiyənin NTV kanalına verdiyi müsahibəsində Rusiya və İranın qarşı çıxdığı raket hücumundan müdafiə sisteminin (RƏM) Türkiyədə yerləşdirilməsi tələbinin Ankaradan gəldiyini söyləyib. NATO baş katibi RƏM-lə bağlı detalların ABŞ-ın Çikaqo şəhərində keçirilən sammitdə müzakirə olunacağını vurğulayıb.

ABŞ-ın öz müdafiə sistemiylə NATO-ya dəstək verdiyini söyləyən Rasmussen Türkiyədə qurulacaq radarın təşkilata üzv ölkələr arasında həmrəylik nümunəsi olduğunu deyib. Rasmussen İzmirdə isə NATO-nun Quru Qüvvələri komandanlığının da qurulacağını bildirib:“İzmirdə güclü quru qüvvələri komandanlığının qurulmasına qərar vermişik. Bura həm Türkiyə, həm də NATO üçün əhəmiyyətli bir baza olacaq”.