Hakimiyyəti xalq yox, öz cibi maraqlandırır

«Bu hakimiyyətə ziyalı sözü, məsləhəti sərf etmir»

Həsən Kərimov: «Korrupsiyaya qarşı real mübarizə aparmaq istəyirlərsə, özlərindən başlasınlar»

Bugünki həmsöhbətimiz xeyli vaxtdır ki, səhhətindəki problemlər üzündən aktiv siyasətlə məşğul olmayan AXCP Ali Məclisinin sədri Həsən Kərimovdur. Xatırladaq ki, ötən il Ictimai Palatanın aprelin 2-də təşkil etdiyi mitinqlə əlaqədar həbs olunan H.Kərimova qarşı polisin etdiyi zorakılıq nəticəsində onun səhhətində ciddi problemlər yaranmışdı. Elə H.Kərimova ilk sualımız da səhhəti ilə bağlı oldu:

– Həsən bəy, hazırda səhhətiniz necədir. Həkimlər aktiv siyasətlə məşğul olmaqda problem görmürlər ki?
– Səhhətimlə bağlı müalicə hələ davam edir. Bununla əlaqədar bir dəfə Iranda, iki dəfə Türkiyədə olmuşam. Ürəyimdə gedən proseslər, həkimlərin qənaətinə görə, hələlik stabildir. Evdə müalicəmi həkimlərin tövsiyələrinə uyğun aparıram. Hər ay zamanında müvafiq müayinələrdən keçirəm. Martda yenidən Türkiyəyə müainəyə gedəcəm və bu yoxlanışdan sonra həkimlər aktiv siyasətdə iştirakımla bağlı rəy verəcəklər.

“KamAZ”dan iki fəhlənin yola qum səpməsi qışa hazırlıq deyil

– Hakimiyyət təmsilçilərinin qışa tam hazır olduqlarını bəyan etmələrinə baxmayaraq reallıq tam başqadır. Siz bir müddət Səbail kimi böyük rayona rəhbərlik etmisiniz. Əslində qışa hazırlıq hansı formada aparılmalı və hansı addımlar atılmalıdır?
– Azərbaycanda hava şəraitinin pisləşməsi bir daha göstərdi ki, bu hakimiyyət insanları aldatmaqla məşğuldur. Qışa hazırlıq belə olmur. Hökumətin paytaxtda və rayonlarda görülən tədbirlərlə bağlı verilən bəyanatlarını ciddi izləyirdim. Nəqliyyat Nazirliyi bəyanat verirdi ki, şəhərdə qarın təmizlənməsi üçün 700-ə yaxın texnika iişləyir. Bakı şəhər komunal idarəsinin rəisi isə deyirdi ki, bu rəqəm cəmi 56-dır. Bu bir daha göstərir ki, hökumət qışa hazır deyildi və yalnız növbəti dəfə “pripiska” ilə məşğuldur. Qışa hazırlıqla əlaqədar ən azı dövlət başçısının və merin yanında müşavirələr keçirilməli və aidiyyəti orqanlara xəbərdarlıqlar edilməli idi. Havanın necə olacağı ilə bağlı aidiyyəti qurumlara əvvəlcədən telefonoqramlar vurulur. Bu məlumatlara əsaslanaraq tədbirlər görülməli idi. Amma təəssüflər olsun ki, bütün bu xəbərdarlıqlara baxmayaraq heç bir addım atılmayıb. Digər tərəfdən, bəlkə araşdırma aparılarsa, qarın təmizlənməsi üçün alındığı elan olunan texnikanın əslində korrupsiyaya məruz qaldığı ortaya çıxar. Elə bir dövrdür ki, “KamAZ” kuzovundan iki fəhlənin yola qum səpməsi qışa hazırlıq deyil. O zaman belə çıxır ki, havanın tempraturu Avropanın bəzi ölkələrindəki kimi aşağı düşsəydi, o zaman insanlar hətta çörək problemi ilə qarşılaşa bilərdi. Azərbaycanda da bir sıra rayonlarla əlaqə gəsilib. Ölkə soyuq havalar zamanı, demək olar, iflic vəziyyətinə düşür. Bu hakimiyyətin xalqa göstərdiyi “xidmətin” məntiqi nəticəsidir.

– Hətta paytaxtın bəzi rayonlarında bir sıra rayonlar, kəndlər işıqsız, qazsız qalıb. Amma bütün bunlarla bağlı hakimiyyətin ciddi addımlar atmasının, fövqəladə qərargah yaratmasının şahidi olmadıq?
– Bu cür fövqəladə vəziyyətə hazırlıq hadisə baş verən zaman yox, may-iyun aylarında olmalıdır. Bu müddətdə Fövqəladə Hallar Komissiyasının ölkədə qar, yağış yağacağı, daşqınların olacağı halda fəaliyyət planı qəbul edilməlidir. Digər tərəfdən, Azərbaycanda Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərir. Texnikaları nümayiş etdirməklə saatlarla təbliğat aparmaq lazım deyil. Konkret iş görülməli və buna uyğun olaraq real vəziyyət dəyərləndirilməli idi. Bunun olmaması onu göstərir ki, hakimiyyəti vətəndaşların gündəlik taleyi maraqlandırmır. Yenə də soyuq hava ilə mübarizə adı altında külli miqdarda pullar mənimsənilir. Kim bu gün sübut edə bilər ki, Bakı şəhər Komunal Təsərrüfat Idarəsi və “Azəryolservis”in verdiyi bəyanatlar reallığa uyğundur. Onlar hazırda bəyan edirlər ki, 2 min ton duz ehtiyatımız var. Kim yoxlaya bilər ki, bu təşkilatlar küçələrə hansı miqdarda duz, qum səpiblər və buna nə qədər yanacaq sərf olunub? Bu insanları xalqın taleyi deyil, yalnız cibləri maraqlandırır. Dövlət başçısının iki-üç baxça gəzməyi, təhsil nazirinin dərsləri təxirə salması xalqa qayğı deyil. Oğuz-Bakı su kəmərinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə qoyulan qədər sərmayə yatırılıb. Amma heç bir nəticə yoxdur. Dövlət başçısı hesabat tələb etməlidir ki, külli miqdarda xərclənən vəsait hara gedib ki, vətəndaşların bu gün su ilə təminatında heç bir irəliləyiş yoxdur. Bu bir daha sübut edir ki, hökumətdən gələn iri layihələrin arxasında iri korrupsiyalar dayanır.

Xalq gələcəyini müxalifətlə görür

– Ictimai Palata artıq bir ildir ki, fəaliyyət göstərir. Onun fəaliyyətini necə qiymətləndirirsiniz? Qarşıdan seçki gəlir bu müddətə qədər təşkilatlanma işi tam başa çatdırıla biləcəkmi?
– Son sessiyasında Ictimai Palata 2012-ci il ilə bağlı fəaliyyət proqramını elan etdi. Ictimai Palata böyük islahatları özündə əks etdirən yol xəritəsini elan etmişdi. Ictimai Palata ölkədə baş verən problemlərlə bağlı olaraq müxtəlif aksiyalar, tədbirlər həyata keçirib, evləri sökülən vətəndaşlarımızın dərdinə biganə qalmayıb. Çox təəssüf ki, Ictimai Palatanın təkliflərini hakimiyyət qulaqardına vurur. Amma bütün bunlara baxmayaraq Ictimai Palata qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün əlindən gələni edəcək. AXCP olaraq biz çalışacağıq ki, Ictimai Palatanın vahidliyi qorunub saxlansın və təşkilatın genişləndirilməsi istiqamətində mühüm addımlar atılsın. Bu hakimiyyət sosial bazasını itirib və Ictimai Palata xalqın seçki öncəsi narazılığın səfərbər olunmasına çalışacaq. Ictimai Palatada mövqe bundan ibarətdir ki, apreldən başlayaraq kütləvi aksiyalara start verilsin. AXCP olaraq həmin aksiyaların donor rolunu oynamağa da hazırıq.

– “Azadlıq” radiosunun keçirdiyi sorğunun nəticəsinə əsasən Ilham Əliyevə alternativlər kimi AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər görülür. Hər iki müxalifət namizədinin birlikdə reytinqi 70 faizdir. Sizcə, bu sorğu nəyi göstərir?
– Bu sorğunu nə AXCP-Müsavat, nə də Ictimai Palata keçirib. Bu sorğunu “Azadlıq” radiosu təşkil edib. Bu, vətəndaşların mövqeyinin ifadəsidir, xalqın müxalifətə inamının göstəricisidir. Gələcək seçkilərdə kimin Ilham Əliyevə əsas namizəd olacağı sualına cavabda Əli Kərimlinin 40 faiz səs toplaması onu göstərir ki, cəmiyyət bu hakimiyyətə gələcəkdə səs vermək niyyətində deyil. Iki müxalifət liderinin birgə 70 faiz səs toplaması onun göstəricisidir ki, xalq gələcəyini müxalifətdə görür. Əminəm ki, ölkədə sosial vəziyyətin daha da ağırlaşması bu göstəricini 80-90 faizə çatdıracaq. Hakimiyyət bundan nəticə çıxarmalıdır, bilməlidir ki, o artıq sosial bazasını tam itirib. Hakimiyyətin bircə şeyə ümidi qalıb, o da seçkiləri saxtalaşdırmağa. Bu sorğunun nəticəsi bugünkü Azərbaycan reallığının göstəricisidir.

ADP, KXCP, AMIP-i Ictimai Palatada görmək istərdik

– IP-in 2012-yə nəzərdə tutulan fəaliyyət istiqamətləri ilə bağlı sənəddə vurğulanır ki, təşkilat demokratik qüvvələrin köklü demokratik dəyişikliklər uğrunda mübarizə naminə təşkilatlanması və birləşməsinin davam etdirilməsini qarşısına məqsəd kimi qoyub. Yaxın zamanda IP-nin hansı təşkilatlarla dialoqa başlayacağının şahidi ola bilərik?
– Məsələn, biz ADP-nin, KXCP-nin, AMIP-in Ictimai Palatada partiya olaraq təmsil olunmağında maraqlıyıq. Çünki bu təşkilatların ayrı-ayrı funksionerləri artıq Ictimai Palatada təmsil olunublar. Bundan başqa, biz bir sıra ictimai təşkilatların da Ictimai Palatada təmsilçiliyində maraqlıyıq. Ictimai Palata təşkilatın genişləndirilməsi istiqamətində addımlar atır. Bu istiqamətdə nəticələr əldə olunan kimi bu barədə mətbuata açıqlama veriləcək. AXCP-nin mövqeyi bundan ibarətdir ki, bu rejimə müxalif olan qüvvələrin bir təşkilatda birləşməsinə nail olsun.

– Hakimiyyət bir müddət əvvəl korrupsiyaya qarşı mübarizə elan etsə də bu kampaniya heç bir nəticə vermədi. Əli Həsənov isə bu cür sonluğun səbəbini əhalinin boynuna atır. Onun fikrincə, camaatın rüşvət verməyə vərdiş etməsidir. Bəs bu vərdişi əhalidə kim yaradıb?
– Bu vərdişi yaradan iqtidardır. Korrupsiyaya qarşı mübarizənin elan olunmasının ilk günlərində baş prokuror Zakir Qaralov bildirmişdi ki, korrupsiyaya qarşı mübarizəni biz öncə özümüzdən başlamalıyıq. Bu rejim bələdiyyə üzvünü, MIS işçisini, tibb bacısını tutmaqla korrupsiyaya qarşı mübarizə apardığını bəyan edir. Korrupsiyaya qarşı mübarizə yuxarıdan başlamalı və bunu reallaşdırmaq üçün hakimiyyətin iradəsi olmalıdır. Azərbaycanda korrupsiyaya qarşı heç bir mübarizədən söhbət getmir. Hakimiyyətin korrupsiyaya qarşı mübarizəsi bir lətifəyə bənzəyir. Iki ay müddətində bəzi dövlət müəssisələrində əgər rüşvətin alınması ilə bağlı çəkinmələr olsa da, daha sonra ənənəvi rüşvət on qat artıq alındı. Korrupsiyaya qarşı mübarizə mövsümü xarakteri daşımamalı və real olmalıdır. Korrupsiyaya qarşı real mübarizə aparmaq istəyirlərsə, özlərindən başlasınlar.

Bu hakimiyyət heç zaman ziyalı sözünü eşitməyib

– Ölkədə fəaliyyət göstərən tikinti şirkətlərinin adlarının hamısı, demək olar, dələduzluqda hallanır. Bir mənzilin bir neçə nəfərə satılması artıq adi hala çevrilib. Sizcə, qanunsuzluğun bu dərəcədə geniş miqyas almasının səbəbi nədir?
– Tikinti şirkətləri bu hərəkətləri özbaşına etmirlər. Bu tikinti şirkətlərinin başçıları gözəl məlumdur. Niyə onlar həbs olunmur? Niyə onlardan tələb olunmur ki, xalqdan aldığınız pulları geri qaytarın. Çünki onların arxasında dövlət məmurları dayanır. Tikinti şirkətlərinə rəhbərlik edən şəxslər gözəl bilirlər ki, ölkədə qanun işləmir və onlar əməllərinə görə məsuliyyətə cəlb olunmayacaqlar. Hakimiyyət qanunun bu şirkətlərə qarşı işləməsində maraqlı deyil. Çünki bu şirkətlər onların özünə məxsusdur və bu qanunsuzluğun yayılması üçün hakimiyyət geniş imkan yaradır.

– Ölkədə nə siyasi partiyaların sözü eşidilir, nə də ölkənin tanınmış ziyalılarının təmsil olunduğu Ziyalılar Forumunun hakimiyyətə verdiyi təkliflər. Belə olan halda ölkə hara gedir?
– Bu hakimiyyət heç zaman ziyalı sözünü eşitməyib. O hakimiyyət güclü olur ki, xalqın mandatını alır. Xalqın iradəsinə uyğun formalaşan hakimiyyətdə ziyalı sözünə, siyasilərin təkliflərinə də böyük ehtiyac olur. Bu hakimiyyətə ziyalı sözü, məsləhəti sərf etmir. Rafiq Əliyevin bir fikri var. Bu hakimiyyətdəkilər ölkəyə gələn neft pullarını saya bilirlərsə, bu onlara kifayət edir. Ona görə bu insanlara təhsil və ziyalı sözü lazım deyil. Ziyalı cəmiyyətin düşdüyü vəziyyətdən çıxartmaq üçün çox dəyərli təkliflər verirlər. Onlar isə yerinə yetirilərsə, o zaman ölkədə nə rüşvət olar, nə də insan haqları tapdanar.

– AŞ PA-nın Azərbaycan üzrə məruzəçilərindən biri Jozef Debono Qrexin sözlərinə görə, hakimiyyətdən ona vəd veriblər ki, iki-üç həftəyə Azərbacandakı siyasi məhbus problemi həll olunacaq. Sizin, gözləntiləriniz nədən ibarətdir?
– Bu hakimiyyət dəfələrlə beynəlxalq təşkilatlara belə vədlər verib. Təəssüflər olsun ki, hakimiyyət verdiyi vədləri əksər hallarda yerinə yetirmir. Ona görə mənim ciddi gözləntim yoxdur. Amma qarşıdan “Eurovision” kimi müsabiqə gəlir. Hakimiyyət səhvlərindən dərs götürməlidir. Ictimai Palata olaraq siyasi məhbus probleminin həll olunması üçün bir sıra tədbirlər nəzərdə tutmuşuq. Hakimiyyət anlamalıdır ki, “Eurovision” müsabiqəsi zamanı dünyanın bütün ökələrindən mətbuat nümayəndələri Bakıya gələcəklər. Və bu müsabiqə ərəfəsində hakimiyyət siyasi məhbus problemini çözməlidir. Problemin çözülməsi də hər hansı bir kampaniya xarakterli olmamalı və Novruz bayramı, Müstəqilik Günü ərəfəsinə təsadüfi etməməlidir. Hakimiyyət siyasi iradə nümayiş etdirərək bir neçə həftəyə bu problemi çözə bilər.

Xəyal