“Anormal hava şəraiti”, “təbiətin şıltaqlığı”, “qəfildən yağan qar”… bu cür ifadələrı yəqin ki, qar əriyənə qədər tez-tez eşidəcəyik. AzTv başda olmaqla, ona tay telekanallar Bakı küçələrindən, qardan “məmnun uşaqlar” reportajı ilə bərabər, təbiətin “namərdliyindən” əziyyət çəkən Xorvatiya və Çexiyayadan dəm vururlar.
…Sual olunur, yanvar ayıdır, qar yağmayıb, nə yağmalıdır? Mənfi 3-4 (!) dərəcə şaxta, 6 santimetr qar bir həftədir ölkəni iflic edib, təbiətin nə günahı var burda? Qar təmizləyən maşın əvəzinə, balalarınıza Londonda, Dubayda ev, katibənizə “Leksus” alıb, təbiətə niyə şər atırsınız? Təbiətin öz qanunları var, qışda soyuq olur, yazda hər tərəf yaşıllığa bürünür, payızda ağaclar bar verir, bostanlarda qarpız, yemiş, xiyar, pomidor yetişir. Heç görmüsünüzmü, telekanallar Qubanın alma bağlarında məhsul yığımını “təbiətin şıltaqlığı” kimi qələmə versin?. Axı o da təbiətin bir fəslinin özəllikləridir. Amma qar yağanda mütləq bunu “anormal hal” kimi sırımağa çalışırlar. Anormallıqdır, deyilmi?.. Bir də ki, problemimiz təkcə qar olsaydı, nə vardı ki?..
Siyasi anormallıq yoxsa…
Qarabağı işğal edən ermənilərin bizim iqtidar sarıdan(!) bəxti “yaman” gətirib. Sakitcə oturublar işləri ilə, bizimkilər isə onları demokrat(!) kimi təbliğ etməklə məşğuldur. Azərbaycan iqtidarı əlheyinə səslənən hər hansı bir tənqidə, reaksiya dəyişməzdir: “burada erməni barmağı var”, “erməni lobbisi yenə çirkin əməllərlə məşğuldur”, “Avropa ermənipərəstdir” və s.
Tənqid olunan isə vətəndaşlarını demokratiya və sərbəst toplaşma hüququndan məhrum edən, ölkəni korrupsiya və rüşvət içində boğan hakimiyyətdir. Həmin tənqidlərdə, hesabatlarda, lap elə verilən suallarda, Azərbaycan xalqının ünvanına güldən ağır bir kəlmə tapacaq iqtidarın bundan necə istifadə edə biləcəyini düşünəndə adamın tükləri biz-biz durur.
Belə çıxır ki, ermənilər Azərbaycanda demokratiya və insan haqlarının qorunmasında, rüşvət və korrupsiyanın kökünün kəsilməsində maraqlıdırlar?!. Anormal bir vəziyyət yaranır, deyilmi?
Günəbaxan yoxsa Sözəbaxan?
…Bir neçə gün əvvəl, ANS kanalında “Günəbaxan”(!) verilişində qadın alveri haqda qızğın mübahisələr gedirdi, aparıcı var gücü ilə, maço-məmurlarımızın toruna düşən gənc qızları ittiham edirdi, sanki onların vəkili idi. Qəribə məntiqi var idi, sanki gənc qızları yoldan çıxarmaq məmurlarımızın alınlarına(?) yazılmış “vəzifə borcu” imiş, tora düşənlər zavallılar isə, sən demə, əxlaqsızlığa meyilli imişlər… Verilişdə iştirak edən başqa bir xanımın bu utancverici halların haradan qaynaqlanması haqda obyektiv fikirlərini yarımçıq kəsdi, ondan qətiyyətlə “mövzudan kənara çıxmamağı” tələb etdi. Əvəzində isə fahişələr haqda lətifə danışmağa başladı. Amerika Dövlət Departamentinin ötənilki hesabatında, Azərbaycanda qadınların cinsi istismara cəlb edilməsi və bu biznesin yüksək rütbəli məmurlar tərəfindən himayəsi, xüsusi olaraq vurğulanmışdı. Bu hamımızın bildiyi acı həqiqətin təsdiqidir, hətta mən deyərdim, hesabat real vəziyyətə nisbətən bir az mülayim hazırlanmışdır. Və mən əminəm ki, həmin aparıcı bunları bilməmiş deyil, sadəcə xidmət etdiyi, klan hakimiyyəti uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir. Lap 2 aprel günü hakim partiyanın balkonunda, polis zorakılığından ekstaza(!) gələrək qədim romalıların məşhur “şəhadət barmağı” işarəsini göstərən “kitayski” partiya sədri kimi…
Yeri gəlmişkən, son illər telejurnalistlər arasında deputat olmaq dəbə minib, kriteriyalar isə məlumdur… Bir neçə il əvvəl ölkədə yenə qar yağmışdı, təxminən eyni vəziyyət idi, bir jurnalist isə ağzı köpüklənə-köpüklənə müxalifətin buna sevindiyini iddia edərək guya hədəf yayındırdı və məmurların qəlbinə yol “tapa bildi”. Hazırda həmin adam döşündə fəxrlə deputat nişanı gəzdirir və müqəddəs ziyarətgahlarımızı su yoluna döndərib. “Gözəl” nümunədir, digərləri üçün.., əvvəl şər at, təhqir elə, sonra ziyarət et, günahlarını yu!(?).
Nikbin proqnoz
Diktaturalar haqda, dahilərin birinin dəqiq diaqnozu var: “Diktatura hamının bir adamdan, o bir adamın isə hamıdan qorxduğu quruluşdu”. Ilk baxışda “anormal” səslənir, amma nədənsə, mənə təsəlli və ümid dolu fikir kimi gəldi. Hətta ardını da fikirləşməyə “cürət etdim”, “Sonda hamı qorxmaqdan bezir, və yaxud o bir adam özü qorxmağa başlayır və beləliklə, ədalət qələbə çalır.

“Ermənipərəst” təbiətə… senzurasız əlavə
•