Bizə “ermənipərəst” deyənlərin “ermənipərəst” olması…

5 erməninin səsi Fransada qiymətlidir, bütünlüklə erməni xalqının səsini isə Ermənistanda saya salan yoxdur. Soyqırım iddiasını inkar edənlərə qarşı Fransa Senatının qərarı ilə bağlı olanlar ən azı bu barədə sualları ortaya çıxardı. Elə biz də həmin sualları özümüzə verməliyik…
Məlum qərarla bağlı qaynar günlər arxada qalmaqdadır. Soyuq havalar gəlməsəydi belə, qızışan emosiyalar soyuyacaqdı. Hər şeydən əvvəl ona görə ki, həmin qanunun yaşamaq perspektivi yox idi. Fransa kimi demokratik ölkədə partiya maraqları, siyasi mübarizə ehtirasları belə fəsadlar yarada bilər, çünki hər kəsin səsinin qiyməti var, 5-10 erməninin də. Amma söz azadlığına qarşı bir qanun Fransa kimi bir ölkədə yaşaya bilməz. Uzağı Avropa Insan Haqları Məhkəməsinə ilk müraciətdən sonra bu qanunun işləmə mexanizmi dayanacaq.
Amma bu arada Fransaya qarşı hər cür ittihamlar irəli sürənlər özlərinə də bəzi suallar verməlidir. Sarkozinin təmsil etdiyi hakim partiya seçkilərdə səs qazanmaq üçün istənilən seçici qrupunun marağını ödəməyə çalışır. Bu, aşırı olsa da, bəlli dəyərləri keçsə də, ən böyük dəyərdən doğan haldır – demokratiyadan, yalnız xalqın səsi ilə hakimiyyətdə qalmağım mümkünlüyündən irəli gəlir. Bəs Azərbaycanda necədir, xalqın səsini saya salan varmı? Azərbaycanda hakimiyyət xalqın iradəsi iləmi müəyyən edilir? Azərbaycan bu gün lənətlədiyi Fransa qədər demokratikdirmi?
Ermənilər də, biz də eyni suallarla üz-üzəyik. Üstünlük isə Türkiyənin tərəfindədir, demokratiya baxımdan çox problemləri olsa da, orada iqtidarlar xalqın səsi ilə müəyyən edilir və Türkiyə məhz bu səbəbdən güclənir, inkişaf edir. Fransa da, Ermənistan da sözügedən qərarlarla bu ölkəyə ciddi problemlər yarada bilməz.
Ona görə də ilk gündən baş verənlərə ehtiraslı yanaşmadan çox-çox uzaq oldum. Hətta “niyə Ilham Əliyev Fransa senatının qərarı barədə susur” sualı məni maraqlandırmırdı. Nə dəyişəcəkdi? Vətənpərvərmi olacaqdı? Həqiqətin yanındamı olacaqdı?
Dostlarımızdan birinin dediyi kimi, qoy heç olmasa bizə yalançı ermənipərəst damğası vuranlar özləri “ermənipərəst” ittihamı ilə üz-üzə qalsınlar. Qoy onlar atdıqları böhtanların barını yesinlər. Hətta yaxşı bilirəm ki, Ilham Əliyevin susması onun ermənipərəstliyi ilə bağlı deyil, onu yalnız öz hakimiyyəti maraqlandırır. Amma qoy indi ermənipərəst rolunda qalaraq, bu ölkənin həqiqətini deyənlərə vurdurduğu eyni böhtanın bir hissəsini ödəmiş olsun…
Çünki illərdir bu hakimiyyətin bütün səviyyədə olan adamları rəqiblərinə, tənqidçilərinə ermənipərəst damğası vurur. Müxalifətçilər, jurnalistlər, QHT-lər, nüfuzlu beynəlxalq təşkilatlar ağzını açan kimi bir cavab gəlir: ermənipərəst.
Hətta Ilham Əliyevin övladlarının adına Dubayda mülklər aşkar olunanda, bunu Qarabağ sevgisi ilə bağlatdırdılar və guya bunu deyənlər ermənipərəstlərdir. Hətta 40 illik beton yolun 3 ildən sonra dağılmasını deyirsən, cavab verirlər ki, ermənipərəstlərin gözü ölkədəki inkişafı götürmür…
Bunlar isə yalnız yalanların dalan dirənməsidir. Gəlin ölkənin az qala yarısına ermənipərəst damğası vuran Bəxtiyar Sadıqovun növbəti ixtirası üzərində dayanaq. Deputat və rəsmi qəzetin redaktoru olan Bəxtiyar müəllim bu günlərdə “Azərbaycan” qəzetində yazıb: “Özlərini dünyada ”demokratiya keşikçisi” və “demokratiya barometri” sayan bir qisim beynəlxalq qurumlar – “Freedom House”, “Human Rights Watch” və “Sərhədsiz reportyorlar” təşkilatları 2011-ci ilin yekunlarına görə hesabatlarını açıqlayıblar. Həmin hesabatları oxumasam da, bilirdim ki, hesabatlarda yenə də Azərbaycan qara boyalarla təsvir edilib, “bir neçə pillə” geriləyib. Marağım Fransada sərbəst düşüncəyə qoyulan yeni senzuraya, fikrin sərbəst ifadəsinə görə cəza nəzərdə tutan qanuna həmin hesabatlarda göstəriləcək münasibətlə tanış olmaq idi. Bəli, səhv etməmişdim. “Demokratiya və insan hüquqları keşikçiləri” XXI əsr Fransasında baş verən bu biabırçılığa görə nə yaxalarını cırır, nə də bu qanunun qəbulunun təşəbbüsçüsü Nikola Sarkozini qınayırlar. Sanki heç nə baş verməmişdir!”.
Görürsünüzmü, Bəxtiyar müəllim yenə də beynəlxalq təşkilatları ermənipərəstlikdə ittiham edir, amma bütün dünya bilir ki, Fransa senatının qərarına məhz həmin təşkilatlar hamıdan birinci olaraq etiraz etdilər. Hətta Ilham Əliyev susduğu halda…