Müzəffər Baxışov: «Bunun səbəblərini aşağı təbəqələrdə, rüşvət vermək istəyən insanlarda axtarmaq absurddur»
Nurəddin Məmmədli: «Əhalinin ən azı 70 faizinin ehtiyac içində olduğu bir vaxtda insanların hansısa məmura könüllü rüşvət verməsi qədər absurd bir şey yoxdur»
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Azərbaycanda rüşvət və korrupsiyanın vəziyyəti ilə bağlı son açıqlaması olduqca diqqətçəkəndir. PA rəsmisi bildirir ki, rüşvətxorluq və korrupsiya ilə mübarizəni çətinləşdirən səbəblərdən biri də vətəndaşların pis vərdişləri və bu keçmiş mərəzdən qurtula bilməmələridir. Başqa bir səbəb isə insanların qeyri-prinsipiallıq nümayiş etdirərək işlərini tez həll etmək üçün rüşvətə əl atmalarıdır. Ölkədə korrupsiya və rüşvətin yüksək vəzifəli himayədarlarının olmasına gəlincə, Ə.Həsənov bunu birmənalı şəkildə inkar edib. O bildirib ki, əgər belə bir şey olsaydı, sözügedən əməllərə görə həbs olunan kiçik məmurlar həmin o yüksək vəzifəli himayədarlarının adlarını çəkərdilər. Belə bir faktın olmaması isə bu işlərin birbaşa həmin xırda məmurun öz fəaliyyətindən qaynaqlandığını göstərir.
Hüquqşünas Müzəffər Baxışov isə Ə.Həsənovun fikirlərinin reallığı heç bir halda əks etdirmədiyini deyir: “Əli Həsənovun məntiqinə görə, insanlar rüşvəti öz məsələlərini həll etmək üçün verirlər. Demək istəyir ki, aşağı təbəqə rüşvət verməsə, yuxarı təbəqə rüşvət ala bilməz. Bu fikir məmurların cılız təfəkkürlü olduqlarını bir daha təsdiqləyir. Onların məntiqindən belə çıxır ki, adi bir kasıb gedib daş daşıyır, günü 10 manata işləyir, sonra da könüllü şəkildə rüşvət verib övladını hərbi xidmətdən saxlatdırır, yaxud onu rüşvətlə işə qoyur. Bunu ağılsız adama da desən inanmaz. Çünki tam yalandır. Azərbaycanda yüksək vəzifədə çalışan məmurlar elə bir şərait yaradıblar ki, insanlar rüşvət verməyə məcburdular. Yaxud bu gün sistem elə qurulub ki, məsələn, hüquq-mühafizə orqanlarında rüşvət almayan işçi yaxşı işçi sayılmır. Ona pis gözlə baxırlar ki, sən pul qazana bilmirsən”.
Hüquqşünas deyir ki, Ə.Həsənovun inkar etməsinə baxmayaraq Azərbaycanda korrupsiya ən yüksək vəzifəli şəxslər tərəfindən himayə olunur: “Korrupsiyanın səbəblərini aşağı təbəqələrdə, rüşvət vermək istəyən insanlarda axtarmaq absurddur. Əli Həsənov deyir ki, korrupsiyaya görə həbs edilən hər hansı kiçik məmurun himayədarı olsaydı, o ad çəkərdi ki, pulu yığıb filan adama vermişəm. Əli Həsənov unudur ki, bunu deməyin heç bir faydası yoxdur. Üstəlik, Azərbaycanda dəfələrlə belə hallar olub, amma nəzərə alınmayıb. ”Mur-Ay”ın səlahiyyətli nümayəndələri açıq şəkildə bildirmişdilər ki, biz pullları Bakı Şəhər Icra Hakimiyyətindəki səlahiyyətli şəxslərə vermişik, sərəncam almışıq. Bəs nə üçün həmin şəxsəlri məsuliyyətə cəlb etmədilər? Korrupsiya cinayətlərində xeyli sayda belə ifadələr var. Üstəlik, yuxarı vəzifəli şəxslərin həyat şəraiti, onların sahib olduqları mal varlığı da göstərir ki, bütün bu korrupsiya əməliyyatlarından yığılan pullar son nəticədə onlara gedir”.
AXCP sədrinin müavini Nurəddin Məmmədli deyir ki, ölkədə yaradılan idarəetmə sistemi hər hansı problemi rüşvətsiz həll etməyə imkan vermir: “Əhalinin ən azı 70 faizinin ehtiyac içində olduğu bir vaxtda insanların aparıb hansısa məmura könüllü şəkildə rüşvət verməsi qədər absurd bir şey yoxdur. Insanlar 69-cu ildən bu yana bütün problemlərinin həlli yolunu rüşvət verməkdə görürlər. Bu, rejimin xarakterindən, idarəçilik üsulundan irəli gəlir. Bu gün heç bir Azərbaycan vətəndaşı deyə bilməz ki, mən uşağımı doğum evindən rüşvətsiz götürə bilərəm. Bu gün orta məktəbdə normal oxuyub qiymət almaq, müəllimlərə konfliktə getməmək üçün rüşvət verməlisən. Övladının hərbi xidmətdən sağ-salamat gəlməsi üçün rüşvət verməlisən. Əgər məmur özbaşınalığı varsa, ölkədə korrupsiyaya qarşı mübarizə getmirsə, heç bir problemi rüşvətsiz həll etmək mümkün deyil. Rüşvətxorluq və korrupsiya dövlət siyasətinin bir elementinə çevrilib. Azərbaycan xalqını rüşvətə məcbur edirlər və insanlar da bu rüşvəti verməyə məhkumdular”.