Rafiq Əliyevin 70 yaşından birbaşa reportaj
Lütfü Zadə: “Rafiq Əliyev milli xəzinəmizdir və biz onu qiymətləndirməliyik”
Patrik Züskindin “Ətriyyatçı” romanının qəhrəmanı Qruney mənfi obrazdır – bu, birmənalıdır. Ancaq nədəncə mən onu müsbət xarakterli kimi qəbul edirəm. Qruney cinayətkar olsa da, cəsarətli və qabiliyyətlidir. Romanı oxuyanların buna heç bir şübhəsi ola bilməz. Qruney 25 qız öldürür (əslində 26-dı, sadəcə biri qəsdən deyil – R.D). Məqsədi onların saçından, dərisindən dünyanın ən gözəl qoxusunu yığıb istədiyi ətri yaratmaqdır. O, cəsarət və qabiliyyətinin hesabına bunu bacarır və istəyinə çatır.
…Hər dəfə Onu görəndə, adını eşidəndə yadıma Qruney düşür. Mən də onun kimi cəsarət və qabiliyytə sahibi olsaydım, o insanı öldürərdim. Qeyd-şərtsiz, heç nəyə baxmadan. Qruney əgər dünyanın ən gözəl qoxusunu yaratmaq üçün belə bir addım atdısa, mən onun beynini ələ keçirmək istəyirəm. Susmayan, düşünən, daim elmi axtarışda olan beynini. Amma…
Dostoyevskinin “Cinayət və cəza” romanının əsas qayəsini “bəşəriyyətə xeyir vermək üçün cəmiyyətə yararsız bir insanı öldürmək olar” cümləsi təşkil edir. Bunu düşünəndə Qruney olmaqdan vaz keçirəm. Axı o, elə insan deyil. Nəinki elə insan, həm də necə bir İnsan!
Deməli, mən yenə arzumdan vaz keçməli oluram və bu dəfə necə sevinərək…
Mismar vurulmayan mənzil
Söhbət, 23 ildir akademiyanın müxbir üzvü olan, ancaq heç cür Həqiqi üzv “seçilə bilməyən” professor Rafiq Əliyevdən gedir.
Bununla ikinci dəfədir ki, onun evində oluruq. Yenə Pərviz Cəbrayılla. Bu dəfə özüm istəmədim, o istədi ki, Pərviz də gəlsin. Ancaq ürəyimdən oldu. Üç-dörd ay öncə bu evi necə görmüşdümsə, elə həmin-həmindi. Bu üç-dörd ayda nə dəyişəsiydi ki? 1988-ci ildən bəri heç nə dəyişməyib – alındığı gündən bu evə yeni bir mismar da vurulmayıb. Necə var, elə də qalıb. Orta təmirlidir. Ancaq Azərbaycan akademiki deyəndə insanın gözü önünə dəbdəbəli, Avro-təmirli ev, daha doğrusu qəsr gəlir. O, Avropanı qarış-qarış gəzsə də, bizə məlum olan və olmayan avro-təmirli evi onun ocağında görmədik. Avropa onun evində deyil, zəkasındadı.
Üç otağı, eyvanı və mətbəxindən ibarət evində xoş auralı, gülərüzlü insanların əhatəsində böyük insanın 70 yaşını qeyd edirdik. Bu onun üçün yubiley deyil. “Doğulmuşam, ancaq ad günüm deyil…” – bu, böyük ziyalının onu təbrik etmək üçün zəng edən yoldaşlarından birinə dediyi sözdür. Fikrini tamamlamaq üçün davam edir: “Həyat yoldaşım Aidə dünyasını dəyişib. İli çıxmayana qədər heç bir tədbir keçirməyi düşünmürəm”.
…Üç gün öncə danışdığımız kimi, fevralın 10-u, saat 12-də evlərinin qarşısını kəsdirdim. Yubileyini qeyd etməyən böyük insanın ad günündən reportaj yazmaq üçün bir gün onunla olmalı idim. Düzü, ilk dəfədir ki, bir insan haqda yazı yazmaq üçün günümün yarısından çoxunu ona həsr etməli oluram. Nə az, nə çox – düz 13 saat…
Salamlaşıb ad gününü qutladım və… onunla birgə ömür-gün yoldaşı Aidə xanımın məzarını ziyarət etməyə yollandıq.
Yol boyu söhbət etmək istəyimi aramsız təbrik zəngləri yarımçıq qoyur. Havanın şaxtalı olması belə, ona heç bir maneə yaratmır. Aidə xanımı yad edir, ruhuna dualar oxudub geri qayıdırıq.
Ən mədəni insan
Görüşümüzün bir saatı tamam olanda artıq evdəyik. Baldızları, yaxınları, doğmaları gəlir, söz-sözə qarışır. Rafiq Əliyevin qəfil çıxışı ab-havanı dəyişir. O, Aidə xanımı itirəndən sonra baldızlarına ülvi məhəbbətinin daha da artdığını və hardasa bunun səbəbini tam anlamadığını deyir. Söhbətə Pərviz müdaxilə edir: “Məncə bu, belədi – Rafiq Əliyevin Aidə xanıma sevgisi metafizik olaraq yerində qalır. Vaxtı ilə ona olan real sevgi isə indi onun doğmalarına yönəlib”.
“Əzizim Aidə, səni hər gün, hər an düşünürəm, düşünəcəm də. Lakin mənim bütün rahatlığımı alan sənin məzar daşındakı şəklindən baxan, yol çəkən, ürəyimdə dilim-dilim alovlanan, közərən, yandıran nisgilli gözlərindi. Hansı səmtdən şəklinə baxıramsa, gözlərin mənimlədi”, – bu sözlər Rafiq Əliyevin 47 illik ömrü-gün yoldaşı olan Aidə xanımı itirdiyi 39-cu gündə yazdığı məqaləsindədir.
Çayı bir kənara qoyub, eyvana keçirik. Çünki siqaretin dəmi gəlib. Elə bil ilk dəfədir siqareti damağıma qoyuram. Acgözlüklə sümürə- sümürə söhbəti orada da davam etdiririk. Rafiq müəllim öz R1 siqaretini damağına qoyur. Ancaq söhbətimiz baş tutmur. Çünki zənglərin arası kəsilmir. Hər zəng üçün “üzr istəyirəm” söyləyən böyük insan haqda dostlarımdan birinin dediyi söz yadıma düşür: “Yəqin ki, Rafiq Əliyev yer kürəsinə gələn ən mədəni insandır”. Bəli, buna söz ola bilməz.
Otağa qayıdırıq. Pərvizin “Əliyevin yanında xoşbəxt olmaq…” yazısını oxumaq istəyir. Ancaq əvvəlki kimi zənglər mane olur. Nəhayət, 30-35 dəqiqədən sonra yazını bitirir.
“Azərbaycan xalqı böyük bədbəxtliklər içindədi. Onun anormal hakimiyyət dərdi, Qarabağ dərdi var. Ancaq təkcə Rafiq Əliyev kimi bir xəzinəyə sahib olmaq bu dərdlərin hamısının bədəlidi”, – bu isə Pərvizin yazısındadır. Sonradan məlum olur ki, Lütfü Zadə də yubilyara yazdığı təbrik məktubunda onu xəzinəyə bənzədib: “Rafiq Əliyev milli xəzinəmizdir və biz onu qiymətləndirməliyik”.
Bir ev təbrik
Zənglər davam edir. Məlum olur ki, ad gününə bir gün qalmışdan təbriklər başlayıb. Rafiq Əliyevə xarici ölkələrdən elektron poçtuna göndərilən məktubları və zəngləri ötən əsrdə olduğu kimi zərflərə yığa bilsəydik, yəqin ki, onun orta təmirli üç otaqlı evi ağzınacan dolu olardı. Onların adını bir-bir qeyd etmək imkanından məhrumuq. Ölkənin içindən və dışından…
Təkcə şəxslərin ismini yazsaq, mənə ayrılmış bu bir səhifə çatmaz.
Zəng edənlər arasında çox ünlü və maraqlı şəxslər çoxdur. Məsələn, təbrik edənlərdən biri “Rafiq müəllim nə mən sizi, nə də siz məni əyani tanıyırsınız. Ancaq bilin ki, biz sizə qarşı olan alçaqlıqları həqarətlə qarşılayırıq”,- deyə ad gününü qutladı.
Təbrik edənlər sırasında Cahangir Məmmədli də vardı. O, Cahangir Məmmədli ki, uşaqlığı Rafiq bəylə bir yerdə keçib. Ağdamda qapı qonşu olan bu iki insan tut ağacına çıxıb uşaqlıq sevincini yaşayırdılar. Ancaq tale elə gətirdi ki, bu qonşular ayrı-ayrı ünvanda – biri ədalətin, o biri isə…
Rafiq Əliyevə qarşı hökumət öz əxlaqına uyğun kampaniya aparanda bir vaxtlar tut ağacına çıxdığı uşaqlıq dostu susdu. Rafiq bəydən uşaqlıq dostu haqda söz qoparmaq mümkün deyil. Biz sadəcə, gördüyünu çağıran aşığıq…
“Sizin elmi bioqrafiyanıza həsr olunmuş “Fuzzy Systems” (Qeyri Səlis Sistemlər) jurnalını həsr edəcəyik” Rusiya Qeyri-səlis Sistemlər assosiasiyasının prezidenti Valeri Bulbot deyə təbrik edir.
“Siegen” universitetinin kansleri professor Şafer “Bizim universitetin uzun müddətli və əhəmiyyətli Azərbaycan ilə əlaqəsi sizin bizimlə əməkdaşlığın nəticəsində mümkün olub. Sizin töhfəniz olmadan belə əlaqələr mümkün deyildi”, – deyə təbrikdə vurğulanır.
Almaniyadan Ulrich Eberhard, Türkiyədən Gözde Ulutaqay, Amerikadan Ronald R. Yanger, Kanadadan Witold Pedrycz, Hindistandan Aşok Daşpende, Misirdən Aşraf Derviş və yüzlərlə təbriklər…
Tapıntı məclis…
Kiçik bir məclis olsa da, burada çox maraqlı şəxslərlə qarşılaşırıq. Onlardan biri – zamanının ən tirajlı qəzetlərindən olan “7 gün”ün baş redaktoru Emin Eminbəyli Rafiq Əliyevin həm qaynı, həm də əmi nəvəsiymiş.
Böyük baldızı Səidə xanım isə, keçmiş səhiyyə naziri Əli İnsanovun fakültə yoldaşı olub. Rafiq Əliyev haqda isə yalnız bunu deyir: “Saf və təmiz insan”.
Baldızı Raidə xanım deyir ki, Rafiq Əliyev onlara ata əvəzi olub: “Nəslimizin ağsaqqalıdır. Yoldaşına qarşı vəfalı ər, övladlarına qayğıkeş ata, nəvələrinin sevimli babasıdır. Ölkənin ən istedadlı alimlərindən biridir”.
Şəkillərinə baxıram. Qalaq-qalaq albomların içərisində onlarla ünlü simalar görmək mümkündür. İndi onların bir qismi dünyasını dəyişib, bir qismi Rafiq Əliyevin yanındadır, bir qismi isə ədalətdən iraq düşüb.
Bacısıoğlu Rəfael bəy isə maraqlı bir tarixçə danışır: “Mən Dövlət Neft Akademiyasında oxuyanda müəllimlərdən biri qiymətimi kəsdi. İki yazdı. Nə sual verdilər, cavab verdim, ancaq “səhvdi” dedi. Sonradan öyrəndim ki, həmin müəllimin yaxınlarından birinə dayım dərsi bilmədiyi üçün qiymət verməyib. O da arxivə nəzər yetirib, mənim onun qohumu olduğumu öyrəndi və öz aləmində qisas aldı. Rafiq Əliyevlə həmişə bu cür xırda hisslərlə mübarizə aparıblar”.
“Mənim 3 övladım var” deyən Rafiq Əliyev qısa pauzadan sonra səhv edirmiş kimi fikrini düzəldir: “Yox dörd övladım var. Gəlinim Leylini öz övladlarımdan az istəmirəm”.
***
Bax belə, mənim 13 saatlıq reportajım buradaca bitdi. Böyük insan və ziyalı olan Rafiq Əliyev haqda çox yazmaq olar. Hələ yazacam da…
Görüşmək ümidiylə ayrılırıq…
Ramin DEKO


