Mustafa Hacıbəyli: «Görünür, Arzu Səmədbəyli müraciəti diqqətlə oxumayıb»
Qurultaya az qaldıqca Müsavatda başqan seçkiləri ilə bağlı müzakirələr də gərginləşir. Bugünlərdə partiya başqanının müavinlərindən Hüseyn Məlik də Isa Qəmbərin sədrlikdən getməsinin qəti şəkildə əleyhinə olduğunu bildirib. H.Məlik I.Qəmbərin gedişinin Müsavatda təlatümlər yaradacağını bildirməklə yanaşı, qeyd edib ki, bunun baş verəcəyi təqdirdə, özünün partiyada qalmasını təsəvvür etmir.
Başqa maraqlı açıqlama isə Müsavat Məclisinin sədri Arzu Səmədbəylidən gəlib. A.Səmədbəyli bildirib ki, Arif Hacılının özü də nizamnamənin dəyişilməsinin və Isa Qəmbərin başqan qalmasının tərəfdarıdır: “Çünki Arif bəy də bilir ki, Isa bəyin başqan olması Müsavat üçün zəruridir. Qarşıda Müsavatı böyük mübarizə gözləyir. Bu mübarizədə bizə Isa bəyin başqanlığı lazımdır. Isa Qəmbərin belə mərhələdə başqanlıqdan getməsi bizim işimizə hansı xeyri verir, bizə hansı üstünlüyü qazandırır? Heç nə. Isa bəy Müsavat üçün məsuliyyət daşıyır, hamının qəbul edəcəyi liderdir. Ona görə bu reallıq nəzərə alınmalıdır”.
Isa Qəmbərin müşaviri, həbsdə olan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə A.Səmədbəylinin fikirlərinə düzəliş etmək üçün qardaşının müsavatçılara məlum müraciətini xatırlatdı: “Arif bəyin müsavatçılara müraciətində göstərilirdi ki, əgər Isa bəy nizamnamənin dəyişilməsinə razıdırsa, mən də razıyam. Eyni zamanda onu da bildirmişdi ki, Müsavatın taleyinin başqanlıqdan və nizamnamə dəyişikliyindən asılı olduğunu iddia edənlər zərərli təbliğatla məşğul olurlar. Görünür, Arzu bəy bu müraciəti diqqətlə oxumayıb. Isa bəyin xəttinin nə olduğunu biz bilirik. Isa bəy Azərbaycan müxalifətinin liderlərindən biridir. O cümlədən Müsavat Partiyasının lideridir. Qurultayın nəticəsindən asılı olmayaraq lider olaraq qalacaq. Qurultayda biz Isa Qəmbərin prezidentliyə namizədliyini irəli sürəcəyik. Indiki dövrdə Müsavat Partiyasında belə insanlara ehtiyac var ki, onlar desinlər, başqan olacam və səlahiyyətlərimdən yararlanaraq Isa Qəmbəri prezident edəcəm. Bu cür təbliğata ciddi ehtiyac var”.
M.Hacıbəyli hesab edir ki, iki dəfədən artıq başqan seçilməyə imkan verməyən məhdudiyyətin qoyulması demokratik bir nümunədir: “Bu yaxınlarda Isa bəyin oğlu Turqut Qəmbərin bu məsələ ilə bağlı açıqlaması olmuşdu. O bildirmişdi ki, Isa Qəmbərin Əliyevlərdən, Müsavatın isə YAP-dan fərqi ondadır ki, bu düşərgədə qanunlar, nizamnamələr hansısa fərdlərin marağına görə dəyişdirilmir. Yəni bu demokratik bir qaydadır, bu cür qaydaları tətbiq edən ölkələr bu gün çox irəli gediblər. Mən arzu edərdim ki, Azərbaycanda olan digər siyasi partiyalar da bu cür nümunələri tətbiq etsinlər”.


