Bəşər Əsəd rejiminə qarşı hərbi müdaxilə gündəmə gəlir
Suriyada qırğınlar ötən gecə də davam edib. Suriya diktatoru Bəşər Əsədin tabeliyində olan hərbçilərin Homs şəhərini bombardman etməsi nəticəsində ən azı 50 nəfərin həlak olduğu bildirilir. Ərəb Ölkələri Liqası Suriyaya BMT müşahidəçilərilə birgə yeni müşahidəçi missiyası göndərməyə hazırlaşır. Bu barədə təşkilatın baş katibi Nabil əl-Ərəbi məlumat verib: “Təəssüf ki, BMT Təhlükəsizlik Şurası Suriyada qan tökülməsini dayandırmaq üçün vahid səslə danışa bilmədi. Buna nail ola bilməməyimiz Suriya xalqı üçün fəlakətdir”.
BMT-nın baş katibi Pan Gi Mun isə Suriya diktatoru Bəşər Əsədin öz legitimliyini itirmək üzrə olduğunu deyib. Baş katib bildirib ki, Suriyada qətllər davam etsə, bu, Əsədin legitimliyini itirməsinə gətirib çıxaracaq.
Təşkilatın insan haqları komitəsinin rəhbəri Navi Pilley Suriyada baş verənləri “kütləvi qətl” adlandırıb.
ABŞ isə yaxın günlərdə Suriyadakı vəziyyətə həsr olunmuş beynəlxalq görüş keçiriləcəyini açıqlayıb. Ağ evin mətbuat katibi Cey Karninin sözlərinə görə, “Suriyanın dostlarının görüşü” adlandırılan toplantıda Bəşər Əsəd əleyhdarları da iştirak edəcək.
Türkiyənin Xarici Işlər Naziri Əhməd Davudoğlu Suriyadakı zorakılığın qarşısını almaq üçün Türkiyənin əlindən gələni edəcəyini bəyan edib. Türkiyəli nazirin sözlərinə görə, Suriyadakı problemin siyasi həlli daha arzuolunandır. Lakin lazım gələrsə, Türkiyə suriyalıların xilas edilməsi üçün hər cür addım atmağa hazırdır.
Bəşər Əsəd rejiminə qarşı sərt addımların atılmasına maneələr yaradan Rusiyanın baş naziri Vladimir Putin Qərb ölkəklərinə Suriyanın daxili işlərinə qarışmamağı məsləhət görüb. Moskvada dini liderlərlə görüşü zamanı Putin bildirib ki, Suriya hökuməti ölkəsində baş verən münaqişləri özü müstəqil şəkildə həll etməlidir: “Kimin tərəfindən törədilməsindən asılı olmayaraq, biz zorakılıqlara qarşıyıq. Lakin insanların talelərini özləri həll edə bilməsi üçün onlara imkan verilmədir. Biz isə onlara, sadəcə, məsləhət verməklə kömək edə bilərik”.
Bu arada, Italiyanın “Corriere della Sera” qəzeti maraqlı məlumat yayıb. Qəzetin yazdığına görə, Suriyaya hərbi müdaxiləni müzakirə edən ABŞ-ın hərbi dairələri Suriya ərazisinə xəfiyyə və xüsusi təyinatlılardan ibarət qrup göndərib. “Corriere della Sera” yazıb ki, xüsusi təyinatlılardan ibarət dəstə artıq Suriya ərazisinə daxil olub. Türkiyənin Isgəndərin limanına isə “mülki uçuşlar” adıyla xeyli sayda mənşəyi məlum olmayan yüklərlə dolu təyyarələr enib.