69-cu ilin şaxtası

Hidrometeoroloqlar açıqladılar: bu gün Bakıda 10 dərəcə şaxta olacaq. Axırıncı dəfə belə şaxtalı hava 1969-cu ildə qeydə alınıbmış.
Yəni, anlayacağınız hidrometeoroloqlarımız bu günə 69-cu ilin şaxtasını proqnozlaşdırıblar.
Məncə, bunda bir mistika var. Siz heç gördünüzmü, ya da eşitdinizmi ki, nə vaxtsa “Azərbaycana 1969-cu, ya da 93-cü ilin istiləri gəlir” deyə, xəbərdarlıq etsin sinoptiklərimiz?
Görmədiniz, eşitmədiniz. Görməyiniz, eşitməyiniz heç mümkün də deyil. Çünki o illər onsuz da bizim beynimizdə sadəcə, şaxta ilə, sazaqla assosiasiya olunur. Ən qutsal dəyərləri don vurması, ən ülvi hisslərin buzlaşması ilə assosiasiya olunur o illər.
O illər Günəşə qarşıdır, bahara qarşıdır, bizim təsəvvürümüzdə. O illəri xatırlamaq belə, üşümək üçün, donmaq üçün kifayətdir.
Qısası, sinoptiklərimizin bizi “diqqətli olun, 69-cu ilin şaxtası gəlir” deyə uyarmasının, xəbərdar etməsinin heç bir anlamı yoxdur. Guya 69-cu ilin şaxtası nə vaxt getmişdi ki?!
Açıqlamanın açıqlaması
Dünən “Azadlıq” radiosu daha bir tikinti şirkətinin fırıldağından yazıb. “Fuad” MMC şirkəti də öz müştərilərini aldatmaqla məşğul olurmuş…
Mənim diqqətimi şirkətin qurbanlarından birinin dediyi sözlər çəkdi. Sitat: “Fuad” MMC-nin təsisçisi və direktoru Qasım Məmmədov əslində fiqurdur. Onun arxasında başqa adamlar dayanır. O adamlar da elə Qasım Məmmədovun yaxın qohumlarıdır. Adamlardan pulları yığanda, hamısı ortalıqda idi, işləri də oğlu Fuad Məmmədov idarə edirdi. Fuad Məmmədov da Milli Təhlükəsizlik Nazirliyində işləyir”.
Məncə, bu MTN əməkdaşı hər kimdirsə, hakimiyyətə çox sadiq adamdır. Həqiqətən ölkədə evləri elə MTN əməkdaşları tiksə yaxşıdır, kameraları da bəri başdan yerləşdirirsən, yoxsa nə vaxtsa tikilmiş evə kamera qoyub sonra da hökumətin xoşu gəlməyən adamların intim görüntülərini, yataq səhnələrini el-aləmə göstərmək uzun işdir, vaxt aparır.
Amma məni düşündürən məsələyə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevin münasibəti oldu. Arif müəllimdən soruşublar ki, nazirliyin belə bir işçisi var, ya yox? O da bir cümlə ilə cavab verib: “Milli Təhlükəsizlik Nazirliyinin işçiləri ev tikməklə məşğul olmur”.
Çox ehtiyatsız açıqlamadır, təkzib üçün daha fərqli sözlər seçmək olardı. Yoxsa, belə çıxır ki, milli təhlükəsizlik işçilərimiz ev yıxmaqla məşğuldur.
Quşların korrupsiyaya bulaşması
Dünən səhər Dənizkənarı Milli Parka quşlar qonaq gəliblər, ən çox da çöl quşları…
Hökumət saytları dərhal götürüb yazıblar ki, bulvarın mənzərəsi qaşqaldaq, qu quşu, qazlara və digər növ quşlara xoş gəldiyindən bura kütləvi quş axın edib. Amma mən həmin yazılarda quşlardan hər hansının açıqlamasına rast gəlmədim. Elə isə onların bulvarı çox bəyəndikləri üçün ora qonaq gəldiklərini bunlar necə müəyyənləşdiriblər, hardan öyrəniblər? Kim bilir, bəlkə rejim saytlarında quş dili bilənlər çalışır? Hər şey mümkündür.
Mən əminəm ki, quşların öz ayağı, daha doğrusu, qanadları ilə gəlib bulvara qonmasına ən çox sevinən Hacıbala Abutalıbov olmuşdur. Əminəm ki, bulvara xaricdən bahalı ağaclar, gül kolları alıb əkən Abutalıbov bu saat quşları büdcəyə oturtmaqla məşğuldur. Pul silmək üçün belə fürsət hələm-hələm ələ düşməz. Quşlar öz qanadları ilə uçub gəlir bulvara, sənsə bunu “bulvarın gözəlləşdirməsi” kimi sənədləşdirib babat pul qatlayırsan.
Siz məzələndiyimi, ironiya etdiyimi düşünün, amma mən çox ciddiyəm. Bunlardan artıq hər şey gözləyirəm.