YAP ziyalılara yenə hücum çəkdi və tutarlı cavab aldı

Hakim partiya Siyavuş Novruzovun dili ilə ziyalılara təhqiri davam etdirir

Ziyalıların cavabı qısa, amma ox kimi dəlib keçən oldu

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun ötən gün “Yeni Azərbaycan” qəzetində geniş bir müsahibəsi çıxıb. Müsahibədə Ziyalılar Forumunun, xüsusən də alim Rafiq Əliyevin, politoloq Eldar Namazovun və vəkil Aslan İsmayılovun ünvanına təhqirlər yağdırılıb.
Biz Siyavuş Novruzovun müsahibəsində söylədiyi fikirləri tirajlamaq niyyətində deyilik. Sadəcə bir-iki qeydi vurğulayırıq.
Məsələn, deputat müsahibəsinin Rafiq Əliyevlə bağlı hissəsində deyir ki, ziyalı olan şəxs Əbdürrəhman Vəzirovla bir yerdə çalışmaz və onun ideoloji katibi olmaz. Əgər Rafiq Əliyev həqiqətən də ziyalı idisə, nə üçün Əbdürrəhman Vəzirovun Azərbaycanın milli azadlıq hərəkatının dağıdılması, fövqəladə vəziyyətin, komendant saatının yaradılması istiqamətindəki fəaliyyətinə mane olmurdu, niyə öz təklifləri ilə bunun qarşısını almağa çalışmırdı?

Eldar Namazov haqqında isə YAP-çı deputat bildirib ki, onun nə məntiqi, nə də prinsipial mövqeyi var: “Hər 6 aydan bir mövqeyini dəyişən insan hər hansı bir məntiqə əsaslana bilməz”.
Aslan İsmayılova gəldikdə isə, Novruzav bunları deyib: “Aslan İsmayılov bir dəfə göstərsin ki, məhkəmədə kasıb bir adamın hüququnu müdafiə edib. Harada imkanlı adam varsa, Aslan İsmayılov onun vəkili olur”.
Müsahibə ilə bağlı hər üç şəxsin mövqeyini öyrəndik.

“Siyavuş Novruzov o cəbhədə olmayıb”

Rafiq Əliyev bildirdi ki, Siyavuş Novruzovun səviyyəsinə düşüb ona cavab vermək niyyətində deyil. Lakin YAP-çı deputatın bilməyib danışdığı tarixi məqamları xatırlatmaq istəyir: “Mən Mərkəzi Komitədə Vəzirovun yox, Kamran Bağırovun vaxtında işləmişəm. Həm də ideoloji katib yox, elmi və təhsil şöbəsinin müdiri olmuşam. 1989-cu ildə elm və təhsil şöbəsi ideoloji şöbəyə birləşəndə katib mən olmamışam. İkincisi, Xalq Cəbhəsinin bütün nümayəndələri Rafiq Əliyevin hansı mövqedə olduğunu çox gözəl bilir. Siyavuş Novruzov bu cəbhədə olmayıb”.

“Ona enerji itirmək istəmirəm”

Eldar Namazov bu günlərdə mediaya açıqlamasında “Azərbaycanda Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı bir Siyavuş Novruzov məntiqi də var” fikrində qaldığını dedi: “Mən bu fikrimdə qalıram. Onun hər danışığına münasibət bildirməyə lüzum görmürəm və enerji itirmək istəmirəm”.

“Sahiblərinə demək istəyirəm ki, onun ipini çəksinlər”

Aslan İsmayılov da Siyavuş Novruzova cavab verib onun səviyyəsinə düşmək fikrində olmadığını söylədi: “Keçən dəfə cavab verməkdə məqsədim sadəcə onun portretini cızmaq idi. Onun “Yeni Azərbaycan” qəzetinə verdiyi və hakimiyyət saytlarında tirajladığı müsahibəsindən görünür ki, mən onun portretini dəqiq cızmışam. İndi isə sahiblərinə demək istəyirəm ki, onun ipini çəksinlər. Oskar Uayldın gözəl bir sözü var: düşməni seçəndə də çox ehtiyatlı olmaq lazımdır”.

Ramin DEKO