Tofiq Qasımovun dondurması

Sevgili Tofiq bəy…
Bu yazını yazarkən Bakı son illərdə özünün ən soyuq günlərindən birini yaşayır. Termometr mənfi 9 dərəcəsini göstərir.
Əlinə əxlaqsızın yekəsi bir yaptokrat keçsə bu an, sən də “fürsət bu fürsətdir” deyib onun üzünə tüpürmək istəsən, çifayda – tüpürcəyin havada donacaq.
Bax, bu qədər soyuq bir gündə, şaxtalı havada yazıram sizə, usta…
Usta!
Siz Azərbaycandakı bu oğru, talançı, dələduz dəstə qarşısında dirəşərkən, Heydər Əliyevin hakimiyyəti xalqdan oğurlamasına bütün varlığınızla sinə gərərkən və… səlahiyyətlərinizi dondurarkən mən bir cocuqdum. O cocuqluğumdan bu günə məndən yaşca çox böyük olan, indi adını unutduğum bir qonşu qızının saçlarımı tumarlayıb “yaşıl gözlərinə qurban” deməsindən, bir də Sizin televizordan eşitdiyim “Mən öz səlahiyyətlərimi dondururam” sözlərinizdən başqa heç nə qalmadı. Başqa heç nə xatırlamıram cocuqluğumdan, sevgili Tofiq bəy…
Və dünən o şaxtalı, adamın damarda qanını donduran o soyuq havada ağlıma ilk gələn də Siz oldunuz.
Əslində, dünən bu ölkədə hər kəsin bir ortaq nöqtəsi vardı: şaxta.
Dünən hər kəs soyuqdan şikayətçi idi.
Dünən hamı üşüyürdü. Dünən hamı titrəyirdi. Dünən hamı üçün pis idi.
Hamı üçün pis idi, dünən. Amma guya bir qızmar gündə də üşümürükmü bizlər? Bizi idarə etmək istəyən zehniyyətin, bu zehniyyətin bütün yaxşı hisslərini don vurmuş məmurlarının soyuqluğu ən isti, ən günəşli gündə də üşütmürmü bizləri sanki?
Sanki günəşli bir gündə bir başqamı olur bu məmləkətin insanları? Sanki günəşli gündə üzümü gülür bu ölkənin insanının? Sanki günəşli gündə üzündən zəhrimar yerinə mutluluqmu yağır bu məmləkətin insanlarının?
Azərbaycan insanının havadan şikayətlənməsindən komik bir şey ola bilməz həyatda. Guya temperatur 0-ın altına düşməyəndə hər şey qaydasındadır bu ölkədə. Guya havalar soyuq keçməyəndə, sular donmayanda, şaxta adamın əlini, üzünü, qulağını dondurmayanda bu ölkədə hər şey qaydasında olur.
Əsla! Qətiyyən!
Azərbaycan 18 il bundan əvvəlin qızmar bir yay günü donmağa başladı, Tofiq bəy, Siz məndən daha yaxşı bilirsiniz. Günəş yandırıb yaxmaqda idi bəlkə o gün, amma…
Amma heç kim fərqində deyildi ki, bunca qızmar günəşə, bunca istiyə rəğmən əslində, Azərbaycanda demokratiya donmağa başlayır. Hüquq “buz heykəl”ə çevrilməyə başlayır. Azadlıqlar üşüməyə başlayır.
Və bu ölkədə demokratiyanı don vurduqca…
Hüquq, azadlıqlar buz parçasına, buzdan heykələ çevrildikcə sürüşənlərin sayı artırdı. Sürüşə-sürüşə gedib irticanın qucağına, istibdadın ayağına düşənlərin, əqidəsinə sırtını dönüb, ideallarına tüpürüb bu çirkin, oğru, əxlaqsız rejimin tüstüsünə qızınanların sayı artırdı.
Və Siz o qızmar yay günündə dondurmaqdan danışdınız – səlahiyyətlərinizi dondurmaqdan. Heydər Əliyev istilasına qarşı ən son dirəniş idi bu. Heydər Əliyev irticasına qarşı ən son və ən namuslu dirəniş idi.
Əminəm ki, o isti, o qaynar yay günü siz yalnız səlahiyyətlərinizi dondurmaq istəməməmişdiniz.
Əminəm ki, əslində, dondurmaq istədiyiniz çox şey vardı həmin an. Heydər Əliyevlə birlikdə bu ölkədə hakimiyyətə həm də yalanın, yaltaqlığın, sümürücülüyün, oğruluğun, işverənliyin, saxtakarlığın, korrupsiyanın, zülmün, zorakılığın gəlişini dondurmaq istəmişdiniz.
Olmadı, usta…
Dondura bilmədiniz. Durdura bilmədiniz.
Və ona görə də dünən hər addımda, hər qarşılaşdığımda donduğunu deyən, üşüdüyünü deyən bu məmləkət insanlarını görüncə ilk Sizi xatırladım, Tofiq bəy.
Çünki mənfi temperatur, soyuq qış-zad boş şeydir.
Onlar əslində, bir vaxt Sizin dondurmaq istəyib, amma dondura bilmədiklərinizə, dondurmağa gücünüzün çatmadıqlarına görə donurdular.
Olsun.
Əsas odur ki, artıq adınız belə, içimizi isitməyə yetər, usta. Buzları əritməyə, qanımızı qızdırmağa yetər.
Və söz Sizə – donduracağıq! Durduracağıq!
Biz üzü yaza gedirik, amma zülmün, irticanın qışı qarşıdadır.
Əsl qış zatən bu zülmkarlar üşüyərkən, bu qansızların, amansızların, allahsızların bədənini titrətmə tutarkən, əl-ayağı donarkən başlayacaq, usta!