Bəşər cəmiyyəti insanlıq tarixi boyunca misilsiz dəyişikliklərdən keçib. Amma qəribə olsa da, minilliklərə uzanan bu inkişaf yolu zaman-zaman insanlığın bəlasına çevrilən despotik cəmiyyətlərin və onların hökmran ruhlu tiranlarının yetişməsinə əngəl ola bilməyib. Həqiqətən, necə olur ki, primitiv düşüncəli ibtidai cəmiyyətdə qul sahibi olan bir quldarla bu günün prezidenti arasında düşüncə fərqi dəyişməsin? Şübhəsiz, bəşəriyyətin böyük inkişaf tarixi daha çox despotik rejimlərin sıradan çıxarılması ilə müşayiət olunan azadlıq tarixi hesab edilə bilər. Dünyanın demokratikləşən böyük kəsimi, şüurlardakı inqilablar yeni dünyanın yeni insanını yetişdirsə də, diktatorluq bəlası hələ də bəşəriyyətin önəmli problemi olaraq qalır. Bu gün yer üzündə ələ keçirdiyi hakimiyyət və güclə öz xalqına qan udduran nə qədər diktator var… Bəli, totalitar düşüncənin əsasında dayanan hakimiyyət çox zaman ona sahiblənənləri azdırır və mənsub olduğu ölkənin başağrısına çevirir. Məşhur amerikan satira yazarı P.C.O’Rurke deyirdi: “Pul və hakimiyyətin hökumətə verilməsi viski və maşın açarlarının yeniyetmə uşağa verilməsi kimi bir şeydir”.ÿ
Hər halda diktatorların xarakterik cizgilərini bundan gözəl ifadə etmək çətin olardı. Bu gün dünyanın əlində əsir-yesir qaldığı Bəşər Əsəd də özünü eynilə o viski və maşın açarlarını ələ keçirmiş ərköyün yeniyetmə kimi aparır. Lovğa bir ədayla sona kimi dirənəcəyini bəyan edir. Özünü hakimiyyətin əbədi olacağına inandırmış bu adam günahsız insanları qarışqa kimi əzib keçməkdən çəkinmir, bununla qəddar atasının prinsiplərinə sadiqliyini nümayiş etdirir. Suriyanın küçələri qan qoxuyur, qətlə yetirilən günahsız insanların sayı artıq minlərlə hesablanır. Əsəd isə kənardan deyilənləri eşitmək istəmir, xalqının qanını içməklə bir az da yerində qalmağa can atır. Axı o uzun illərdir yerini məhz zorakılıq hesabına qoruyub saxlayıb. Onun öz müxalif rəqibləri üçün icad etdiyi xüsusi işgəncə alətinin-müasir “gilyotin”in sorağı bütün dünyaya yayılıb. Əsəd zaman-zaman ona qarşı çıxan bütün müxalifləri bu gilyotindən keçirib, onları ağlasığımaz işgəncələrlə ya birdəfəlik susdurub, ya da həyatlarına son qoyub.ÿIndi onun özünün sonu gəlib çatıb. Tökdüyü qanlar bahasına nə qədər məğlubedilməz görünməyə çalışsa da, Əsəd çoxdan məğlub olub. Öz xalqına qarşı savaş elan edən bir hakimin yolu hara qədər uzana bilər ki?
Dünyada yeni bir demokratiya dalğası çalxana-çalxana qitələri dolaşır. Illər uzunu öz ölkələrini şəxsi plantasiyası kimi idarə edənlərin sonu yaxınlaşır. Artıq onların özü üçün tam normal görünən bu idarəçilik üsulu kimsənin işinə yaramır. “Mən ölkənin birinci şəxsiyəm, hər şey əlimdədir, nə istəsəm, edə bilərəm” iddiaları acı sonluqlar gətirir. Həlqə getdikcə daralır. Siyahıya Rusiya, Iran, Qazaxıstan, Azərbaycan və başqaları da daxil olur. Təbii, bu həlqədə biz də varıq. Həbsxanalarda onlarla vicdan məhbusu, normal seçki keçirməyə möhtac, azad toplaşmaq haqqı əlindən alınmış ölkə. Bu gün, sabah, o biri gün… Sıra tezliklə çatacaq. Ən yaxşısı boşuna dirəniş göstərməməkdir. Boşuna dirənənlərin aqibəti göz qabağındadır.

Sondan əvvəl, sona yaxın…
•