Rejimi dəstəkləyən ulduzlar

Ulduz falları yaralı yerimdir, bu haqda onlarla yazı qaralamışam. Insanlarımızın ulduz falları ilə özlərini tovlamasına həmişə dəhşətlə baxmışam. Ancaq nə edəsən, qara pişiyə, tək səbirə inana insanlarımızı vətəndaşlıqdan çıxara bilmərik ki, buraxaq əqidələrində sərbəst olsunlar. Məni sadəcə bu işin siyasi tərəfi düşündürür.
Böyür-başımda nə qədər insan var ki, ulduzlar hər həftə onları aldadır, ələ salır, bankrota belə düçar edir. Di gəl ulduzların bunca kaprizinə adamlar “uf” demədəm dözür, inamlarından zərrə qədər də sarsılma baş vermir, talelərini yenə də ulduzların ixtiyarına buraxırlar.
Lakin elə ki, həyatını dəyişmək istəyən, güzəranının ağırlığından çiyinləri bükülən bu vətəndaşımızdan ictimai-siyasi sektorda fəal vətəndaş mövqeyi sərgiləməsini tələb edirsən; bir siyasi təşkilata qoşul, toplantılara get, aksiyalara çıx, söyləyirsən, bizim insanları hüceyrələrinə qədər inamsızlıq bürüyür.
“Onlara inanmıram, kimə inanasan ee”- bu sözlər siyasi təbliğatla məşğul olan fəalların qulağını mazol edən fikirlərdir. Qəribədir, az qala hər həftə onu dolayan, dəyişiklik, həyat şəraitinin yaxınlaşması üçün quru vəddən başqa bir şey verməyən ulduza inanırlar, ancaq dəyişiklik üçün min bir məhrumiyyətə qatılaşan, döyülən-söyülən, həbsə düşən müxalifətçilərə söz gələndə insanlarımızı inamsızlıq haləsi bürüyür.
Bəzən mənə elə gəlir ki, Azərbaycan müxalifəti elektoratda inamsızlıq buzunu qırması üçün metafizik təbliğati tezislərə əl atmalıdır. Çünki, həyat təcrübəsi göstərir ki, mistika ilə uzun illərdir bəslənən bu toplumu rasional “Demokratiyaya keçidin Yol xəritəsi” kimi sənədlərlə hərəkətə keçirmək mümkün olmayacaq.
Yaxın keçmişə baxsaq görərik ki, insanlarımız hələ də Nizami Süleymanovun ipləmə ixtiraları üçün xiffət çəkir; Heydər Əliyevin uğurlarının kökündə çiyninə pencəyini atıb ermənilərin üstünə gedərək onları hürküdəcəyi durur.
“Cəbhə-Müsavat” hakimiyyətindən də insanların xəyal qırıqlığının səbəbi dərindən fikirləşsək bəlkə də heç o zaman ortaya çıxan təbii problemlər yox, yollarımızın üzərinin “5 sm qızılla” örtülməməsi olub. Nə qədər adamın belə bir təmənnası varmış…
Bütün dediklərimi IP-in nəzərə alması Azərbaycanda avtoritar rejimin çöküşü üçün çox önəmli bir addım ola bilər. Xalq özü üçün əfsanə sayılacaq plan və proqramlar istəyir. Neynəyəsən, alışqanlıq yaranıb.
Baxın, Ilham Əliyev hakimiyyətdədir. Oturduğu kürsüdən dördəlli yapışmasına baxmayaraq o, xalqı əfsanə ilə yemləmə siyasətindən bir an da əl çəkmir. 1 milyon iş yeri açmışam deyir, inanan azdır, ancaq əcaba neyçün yalan desin, bəlkə də açmış – deyənlər də az sayılmaz. Yox, mən bizim siyasi müxalifətimizə Ilham Əliyev yolunu, tərzini rəva bilmirəm. Məqsəd bu ölkədə bir gün belə Əliyev idarəçiliyinin sürməsini dayandırmaqdır. Lakin bu faktoru da gözdən qaçırmaq olmaz ki, 40 ildir xalq əliyevlərin təlimatı altında yetişib, seçicilərimizin əksəriyyətinin zövqü, düşüncəsi əliyevlərin siyasi alətlərinə uyğunlaşıb. Bu baxımdan, elə bilin ki, indi müxalifətin seçicilərə “şəffaf seçki, azad bazar iqtisadiyyatı, söz azadlığı” kimi şüarlarla xitab edib, onları həyəcanlandırması köhnə sovet televizorlarına “pult”la komanda vermək kimidir. Pult üstün bir alətdir, ancaq onun komandalarını qəbul edən avadanlığın olmadığı təqdirdə o, lazımsız bir ev əşyasına çevrilir.
Nəhayət, bu qədər uzunçuluq etməyə səbəb olan hadisəni yazım: Siz rəsmi dövlət agentliyi “AzərTAc”da ulduz falı verdiyinin bilirdinizmi? Bilmirdinizsə, artıq bildiniz. Mən “AzərTAc”ın və müxalifyönlü astroloq Səbuhi Rəhimlinin fallarını oxudum və düşündüm: Ilahi, deyəsən müxalifət və iqtidarın ulduz-informasiya mənbələri də fərqlidir.
“AzərTAc”ın ulduzları sanki AzTV-nin aparıcılarıdır. Sizə bir neçə bürcün vədini verim yekunlaşdıraq (qeyd: material “AzərTAc”ın dünənki sayından götürülüb).
OĞLAQLAR çoxdankı problemlərinin həllinin maraqlı və optimal üsullarını tapacaqlar. Yaxın gələcəkdə həyatınızı yeni tanışlar rövnəqləndirəcəklər.
DOLÇALARI karyera uğurları gözləyir. Ola bilsin, yeni işlə məşğul olacaq, yeni layihələr həyata keçirəcəksiniz. Bu həftə işdə müvəffəqiyyət qazanacaq, maddi durumunuzdan və dostlarınızdan məmnun qalacaqsınız.
BALIQLARA ulduzlar bir həftə nikbin əhval-ruhiyyə bəxş edir.
QOÇLAR məqsədə çatmaqda, uğur əldə etməkdə isə tərəfdaşlarınız kömək edəcək, ətrafınızda ruh yüksəkliyi ilə çalışmağınıza kömək edən ab-hava yaradacaqlar.
BUĞALAR üçün maraqlı hadisələrlə zəngin bir həftə olacaqdır. Ola bilsin, sizin zəfər saatınız olacaq, yaxud yaxşı adınız xeyli uzaqlara yayılacaqdır.
ƏKIZLƏR ailə və iş münasibətlərində sizi başgicəlləndirən sışrayışlar gözləyir. Tale üzünüzə gülüb.
XƏRÇƏNGLƏRI sevgi və adrenalin bir çox həftə gözləyir. Dünyagörüşünüzə güclü təsir göstərəcək hadisələr istisna deyildir.