Kürdlüyümüz, farslığımız

Buyurun, bu da sizə Heydər Əliyevin milli kimlik siyasətinin sonu. Dilin adını “Türk dili”ndən “azərbaycan dili”nə çevirəndə, millətin adı azərbaycanlı olanda, əlbəttə, türkə fars da, kürd də deyərlər, lap erməni də. Görün, yer mənsubiyyət şəkilçisi ilə bitən millət adımı olar? Demək ki, bu dövlətin hansı millətə aid olduğu bəlli deyil, aləm dəyib bir-birinə. Hələ bu azəri kəlməsi!
Dövlətin başında hansı millətdən birinin olması şərt deyil; məsələn, bir Türk dövlətinin başında kürd də dura bilər, talış da, ləzgi də və s. Əsas odu ki, həmin şəxs o dövlətin vətəndaşı olsun və dövlətin qanunlarına, prinsiplərinə sadiq qalsın. Milli ayrı-seçkilik salmasın. Hakimiyyəti ancaq öz millətindən olanlarla doldurmasın. Indi kimi dindirirsən, deyir, bu dövlət kürdlərin əlindədi və s.
Od olmasa, tüstü çıxmaz deyiblər. Demək, deyilənlər boşuna deyilmiş. Əgər “Avroviziya” müsabiqəsinin rəsmi saytı www.eurovision.tv də bu cür yazıbsa, torpaqlarımızı kürd torpağı, millətimizi kürd-azəri göstəribsə, demək, deyilənlər doğru imiş.
Sözün açığı, mən bir rəsmi saytın durduğu yerdə belə yanlış informasiya yerləşdirəcəyinə inanmıram. Bu, elə bir məsələdi ki, başısoyuqluğa yol vermək mümkün deyil. Ən azı o sayt ölkəmiz, xalqımız haqda özbaşına informasiya toplamağa çalışsaydı, onda istənilən ensiklopediyadan həqiqətə daha yaxın olan informasiya ilə qarşılar, millətin adını azəri yox, elə türk, ən azı “azərbaycanlı2 yazardı. Dilinin ən azı sovet dərsliklərində deyildiyi kimi ”türk dilləri ailəsinə daxil olan, türk dilləri ilə qohum olan” bir dil olduğunu yazardı. Lakin bunlardan heç biri olmayıb. Deməli, sayta yerləşdirilən informasiya haradansa hazır şəkildə təqdim olunub saytın idarəçilərinə.
…Saytın təqdimatında tariximiz, ictimai-siyasi həyatımız və iqtisadiyyatımız haqda yanlış məlumatlar yerləşdirilib. Yarışmanın rəsmi yayın orqanı olan “www.eurovision.tv”də Azərbaycanın kürd və fars əsilli insanların vətəni olduğu vurğulanır. Bununla yanaşı azrbaycanlıların türk yox, “azəri” millətinə mənsub olduğu deyilir: “Azərbaycanda qəbilə-tayfaların formalaşması b.e.ə üçüncü minilliyə təsadüf edir. Bunda Manna və Midiyanın nüfuzlu tayfa-qəbilələrinin üzvlərinin rolu olub. Midiya əhalisi hind-avropa kökənlidir və müasir kürdlərin əcdadlarıdır”,- “azadlıq.info” yazır.
Bu informasiya öz formasına görə ilk olaraq Iranda fars şovinistlərinin Azərbaycan türkləri haqda dediyi fikirlərə bənzəyir. Hətta eynisidi. Sadəcə, Iranda bizim haqqımızda danışarkən milli kimliyimizə kürd sözü qoşulmur. Qalanları isə eynidi. Fars şovinizmi Güney Azərbaycan türklərini fars hesab eləyir, sadəcə, deyirlər ki, böyük türk axınları zamanı onlar türkləşiblər. Hətta farslar onlara geri dönüş qapısının açıq olduğunu belə deyirlər – nə qədər gec deyil, dönün,- deyirlər. Lakin mən bir Avropa saytının durduğu yerdə birdən-birə farsa-kürdə qahmar çıxmasını o qədər ağlabatan saymıram.
Nə olur-olsun, fəhmlə də olsa, hiss eləyirəm ki, sayta yerləşdirilən bu “tarixi” bilgi məhz Azərbaycandan ötürülüb. Hətta mümkündü ki, yaxın günlərdə sayta rəsmi təkzib göndərilsin. Məlumat götürülsün və daha gerçəkçi bir informasiya ilə əvəz edilsin. Lakin artıq olan-olub. Nəzərdə tutulan məqsədə çatılıb. Gələcək üçün nəzərdə tutulan etnik problemlərin əsası qoyulub. Türkiyəni illərdir girinc eləyən kürd sorunu Azərbaycan üçün də işlək vəziyyətə gətirilir bu informasiya ilə.
Zənnimcə, göndərilən təkzibdən sonra sayt səs-küy salmayacaq, “bizə xəbəri özünüz göndərmisiniz” deməyəcək. Heç şübhəm yoxdu ki, Azərbaycan neftindən qazanılan paralarla sayt yerində farağat oturacaq, hətta yanlışlığa görə üzr də istəyəcək. Bu neft başımıza hələ çox bəlalar gətirəcək. Necə deyərlər, qızınmadıq istisinə, kor olduq tüstüsünə…