İki rektora bir xatırlatma və bir sual

“Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsinin yaradılması ilə bağlı dövlət səviyyəsində müvafiq qərar olacaq. Dünyada elə bir təcrübə yoxdur ki, ölkədə ancaq bir Tibb Universiteti olsun. Moskva Dövlət Universitetində artıq 10 ilə yaxındır ki, tibb fakültəsi fəaliyyət göstərir. Latviya və Türkiyə universitetləri də BDU kimi klassik universitetlərdir, onlarda da tibb fakültəsi var”.
Bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, deputat Abel Məhərrəmov bildirib.
“Ümumiyyətlə, praktikaya nəzər salın. Özəl universitetlərdə tibb fakültələri açdılar, amma yoxlamalar nəticəsində məlum oldu ki, özünü doğrultmadı və hamısı bağlandı. Bunun üçün ciddi kadr potensialı, texniki təchizat, klinika olmalıdır. Indiki durumda Azərbaycanda hansısa universitetdə tibb fakültəsinin açılması mümkün deyil. Mən bunu ciddi məsələ kimi qiymətləndirə bilmirəm, bu cür iddiaları yersiz hesab edirəm”.
Bunu isə mətbuata Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov deyib.
Əvvəla, qeyd edim ki, bu məsələdə bir həkim kimi Əhliman Əmiraslanovu haqlı sayıram. Nədən? Birincisi, həkim ixtisasına yiyələnmək üçün 80-dən artıq kafedranın olması lazımdır. Ikincisi, Tibb Universiteti Azərbaycanın həkim kadrlarına olan tələbatını tam ödəyir. Və hətta, mən deyərdim ki, artıqlaması ilə ödəyir.
Texniki bazası tam olmayan universitetlərdə tibb fakültələrinin açılması heç də daha keyfiyyətli kadrlar yetişdirilməsi məqsədi güdmür, bunu ağlı başında olanların hamısı bilir. Sonucda təhsil sistemindəki bazar daha da çiçəklənəcək. Bunun da səbəbi var. Hər kəsə bəllidir ki, Azərbaycanda valideynlərin əksəriyyəti övladlarını Tibb Universitetinin bəzi fakültələrinə qəbul etdirməkdən yana dəridən-qabıqdan çıxır. Uşaqlarına həkim diplomu almaq heç də humanistliyin aşıb-daşmasından irəli gəlmir. Aylıq maaşı 150 manat olan ixtisas üçün 50-100 min manat arası pul sərf edənlər var. Bunu məgər bilməyən var? Məhz biri də bu səbəbdəndir ki, Azərbaycanda mükəmməl savada sahib mütəxəssislərin sayı olduqca azdır. Əksər həkimlər xəstə bazarında dəllal funksiyasını yerinə yetirirlər. Və əminəm ki, hörmətli rektorlarımız bu bazarın nə qədər mənəviyyatsız bir bazar olduğunun fərqindədirlər.
Azərbaycanda bəzi özəl universitet sahibləri bir vaxt maya qoyub tibb fakültələri açmağa nail oldular. Tam texniki təchizat, Əhliman müəllim qeyd etdiyi kimi, kadr potensialı olan bir universitetdə maksimum 10-15 faiz savadlı, uzman həkim yetişdirmək mümkün olursa, 5-10 kafedrası olan özəl universitetlərin “məhsulunun” tamamən zay olacağına şübhə qalmır.
Kimsə deyə bilər ki, Tibb Universitetində təhsil yüksək səviyyədədir, ancaq bu fikir inandırıcı görünməz. Əminəm ki, Tibb Universitetində baş verən anormallıqlardan az da olsa xəbəri olanlar mənimlə eyni fikirdədir. Razılaşmayanlar, zəhmət olmasa, bir gün bu təhsil ocağının qarşısına gedib tələbələrlə səmimi söhbət etsinlər.
Universitetində tibb fakültəsi açmaqda israrlı olan hörmətli rektor Abel Məhərrəmova və onun bu istəyinə qarşı çıxan hörmətli Əhliman Əmiraslanova bir xatırlatma etməyi zəruri saydım. Cənab rektorlar, rəhbəri olduğunuz universitetlərin dünyanın aparıcı universitetləri ilə bir sırada durmaması verdiyiniz təhsilin bərbad vəziyyətdə olduğunu təsdiqləyir. Rektor olaraq bu sizi daha çox narahat etməlidir. Həm Azərbaycan Tibb Universitetində, həm də Bakı Dövlət Universitetində rüşvətxorluq, yerlibazlıq və digər anormallıqlar barədə mətbuatda çoxlu yazılar gedir.
“Bizdə bunlar yoxdur” deyib etiraz edə, lap belə məni məhkəməyə verə bilərsiniz, bu sizin öz işinizdir, ancaq əlahəzrət reallıq var axı. Reallıq da ondan ibarətdir ki, siz, hörmətli rektorlar, adını beynəlxalq təşkilatların rüşvət və korrupsiyanın tüğyan etdiyi dövlətlər sırasında saydığı bir dövlətin iqtidarının təmsilçilərisiniz. Total rüşvətxorluğun və korrupsiyanın fontan vurduğu bir ölkədə steril rektorluq fəaliyyəti əsla mümkün olan iş deyil axı.
Və sonda hörmətli rektorlar, sizin hər ikinizə bir sualım olacaq.
Ikiniz də çoxminlik bir kollektivə – Dövlət Universitetinə rəhbərlik edirsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademikisiniz və eyni zamanda Milli Məclisin deputatısınız. Lütfən, söyləyin, bir elm adamı kimi, bir akademik kimi Milli Məclisin deputatı olmaq nəyinizə gərəkdir və deyə bilərsinizmi ki, nümunə gətirilən Litva və Rusiya bir yana, qardaş Türkiyə Cümhuriyyətində hansı Dövlət Universitetinin rektoru həm də millət vəkilidir?
Akademikin məktəbi olmalıdır. Çox istərdim ki, hörmətli alimlərimizin – Əhliman Əmiraslanovun və Abel Məhərrəmovun da elmi məktəbi olsun. Və bu məktəblər dünya elminə layiqli töhfələr versin. Olacaqmı?