Hövsanda işıq üsyanı (VİDEO)

Qəsəbə sakinləri yolu bağladı, məmurlar əl-ayağa düşdü və problem yarım saata həll edildi

Fevralın 9-da axşam saatlarında Hövsan qəsəbəsində işıq və qaz tələbi ilə böyük etiraz aksiyası keçirilib. Əvvəlcə 300 nəfərdən çox sakin “Şüşəli bazar” ın yanında yığışaraq günlərdir kəsilmiş elektrik enerjisinin bərpa olunmasını tələb edib. Burada təxminən 1 saat davam edən aksiyadan sonra “Pekarni” deyilən əraziyə, qəsəbənin əsas avtobus dayanacağına doğru yürüş olub.  “Qaz”, “işıq”, “su” kimi qısa şüarlarla etirazlarını bildirən sakinlərin aksiyasına polis kobud müdaxilə etsə də, aksiyanı dağıtmaq mümkün olmayıb. Aksiyaçılardan bir neçə nəfər gənci saxlamaq istəyən polis ətrafdakı başqa etirazçıların köməyi və “qartopu atəşi” nəticəsində onları buraxmalı olub.
3 saat davam edən aksiyadan sonra qəsəbəyə  və Hövsan kəndin bir çox yerlərinə elektrik enerjisi verilib. Aksiya yalnız bunudan sonra başa çatıb.

Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli isə “Yeni Müsavat” qəzetinə deyib ki, etiraza qalxan əhali qəsəbənin girişində  yolu bağlayandan sonra əraziyə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib. Onlar elektrik enerjisinin veriləcəyini bildiriblər. Lakin əhali məmurların sözünə inanmayıb.
Beləliklə də etiraz aksiyası qəsəbəyə elektrik enerjisi veriləndən sonra dayandırılıb.
Əhalinin əsasən elektrik enerjisi tələb etməsinə səbəb isə qəsəbədə istilik sisteminin və qazın yoxluğu, bu çatışmazlığı elektrik enerjisi hesabına aradan qaldırmaq məcburiyyətinin yaranmasıdır.
Qəsəbə sakini Rüfət Hüseynov “Azadlıq” qəzetinin əməkdaşına deyib ki, iki gündür işıq yoxdur: “Dünəndən  işıq yoxdur. Gecə saat 1-də yandırırlar. O vaxt işıq bizim nəyimizə lazımdır”.
Başqa bir etirazçı qadının sözlərinə görə, şaxtadan bir nəfər evində donub: “Qaz, işıq vermirlər, insanları göz görə-görə don vurub öldürür. ”Avrovizion”a hazırlaşa bilirlər, insanları işıqla, qazla təmin edə bilmirlər? Bizə parklar, heykəllər lazım deyil. Hökumətdən iş istəmirik, pul dilənmirik, haqqımızı tələb edirik. Işıq, qaz pulunun vaxtı çatanda az qala qapını sındırsınlar, ancaq indi bizi hər şeydən məhrum edirlər”.

İslam Şıxəli, Ramin DEKO