Bizim xalçalarla eyni olan minillik elementlər
Azərbaycan xalqının milli sərvəti olan xalça sənətinin tarixi uzaq minilliklərə gedib çıxır. Hələ lap qədim zamanlardan xalça önəmli sərvət sayılmış və evlərin, məclislərin bəzəyi olmuşdur. Indi qədim türk xalqlarına məxsus olan bu dəyərli sənət nümunələri dünyanın ən məşhur muzeylərində saxlanılır.
Belə xalçalardan biri də keçən əsrin ortalarında rus arxeoloqlarının Altayda apardığı qazıntılar zamanı tapılmışdır. Yerli türk sakinlərin Pazırıq (Basırıq) dediyi bu ərazidən tapılan xalça Sankt-Peterburqun Ermitac muzeyindədir. Pazırıq kurqanlarından aşkar edilmiş toxuculuq məmulatları arasında unikallığı ilə seçilən bu xalı 4,5×6,5 metr ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunmuşdur.
Tarixən Anadoludan Türküstan bölgələrinə qədər yayılmış xalçaçılıq sənətinin tipologiyası, təsnifi və çeşidləri üzərində elmi araşdırmalar aparan professor Nəriman xanım qeyd edir ki, Pazırıq xalısının toxunma üslubu (türk-gördes düyümü) saqa, hun, türkmən, Azərbaycan, türk toxuma sənəti əsərləri ilə eyni mənşəlidir.
Kurqanlardan aşkara çıxarılan başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5×6,5 metr ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Professor F.Cəlilov deyir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması olmuşdur.
1960-cı illərdən şüşə arxasında saxlanılan bu xalının toxunma üsulu haqqında da müxtəlif fikirlər vardır: bəziləri onun ilmikli, bəziləri də buklə (dolama, sarma, lülə) üsulu ilə toxunduğunu qeyd etmişlər. Başqa-başqa ölkələrdə yaşayan bir neçə alim bir-birindən xəbərsiz olaraq, Pazırıqda ortaya çıxan xalının Türkmənistan, Azərbaycan və Anadoluda geniş yayılmış oğuz (türkmən) xalıları ilə eyni tipdə olması haqqında eyni qənaətə gəlmişlər. Bu xalı ilə türkmən xalıları arasındakı tipoloji yaxınlıqla bərabər, istifadə olunmuş toxuma üsulları, eyni naxışlar, eyni boya (rəng) çalarları var.
Pazırıq xalısı iç-içə bir neçə çərçivəyə bölünmüş, birincidə qrifonlar, ikincidə atlılar, üçüncüdə sığırlar (maral), dördüncüdə hun çiçəyi şəklində simvollar verilmişdir. Beşinci çərçivə isə çiçəkli 24 xanaya ayrılmışdır. Buradakı sığırların və orta xana sayının 24 olması məsələsini türkmən alimi Axmət Bekmıradov 24 oğuz boyunun simvolu olduğunu qeyd etmişdir. Sonralar E.F.Tekçe və N.G.Qırzıoğlu da eyni fikrə gəlmişlər.
Xalıdakı atların quyruğu əski hun şəkillərindəki kimi düyünlüdür, başlarında yüyən var, yəhərin üzəngisi yoxdur. Çünki həmin xalını toxuyan saqaların törəmələri hunlar dünyada ilk dəfə üzəngini bu xalıdan min il sonra icad etmişdilər.
Araşdırmalardan çıxan ilginc nəticələr
Bu tapıntı ilə bağlı professor F.Cəlilov araşdırmalar apararaq, maraqlı fikirlər irəli sürmüşdür: “Xalçanın tapıldığı kurqanda saqa elbəyi (hökmdarı) basdırıldığı fikri irəli sürülmüş və bu bunu əksər tədqiqatçılar qəbul etmişlər. Belə ki, kurqanın möhtəşəmliyi, oradakı əşyaların zənginliyi və xalçanın üzərindəki simvollar da həmin fikri təsdiqləyir. Kurqanın aid olduğu tarixdə heyvandar, yarımköçəri saqa boyları Azov dənizindən Altaya qədər olan ərazilərdə müxtəlif dövlətlər qurmuşdular. Bu durum şərq və qərb qollara ayrılan hunlar və sonralar Göy-Türk xaqanlığı çağlarında da davam etmişdir. Quzey Qafqazdan eramızdan əvvəl VII əsrin əvvəllərində Azərbaycana qayıdan saqa boyları indiki Ermənistanı da içinə alan və Dərbənddən Urmu gölünə qədər uzanan bir ərazidə, qədim Azərbaycanda çox qüdrətli bir dövlət qurmuşlar. Antik çağ yazarları burada oturan Saqa elbəylərinin qonşu ölkələrdən bac-xərac, vergi aldığını və bəzən uzaq ellərə yürüş etdiklərini, hətta Misirə qədər getdiklərini yazmışlar. Buradakı saqa elbəylərindən biri də haqqında əfsanələr yaranmış məşhur Əfrasiyab (Tunqa Alp Ər) idi. Urmu gölü yaxınlığında öldürülən bu türk başbuğunun yas törənində yazılmış ”Tunqa Alp Ər öldümü?” misrası ilə başlanan ağıtı XI əsrdə M.Kaşğari yazdığı “Türk dillərinin lüğəti” kitabında yad etmişdir…”
Amma gözüaçıq çıxıb tez bir zamanda bu nadir tapıntının ermənilərə məxsus olduğunu bəyan edən “müdrik” tədqiqatçılar da peyda olmuşdur. Onlar eramızdan əvvəl V-IV əsrlər arasında hazırlandığı ehtimal olunan bu xalının Altaya gedib çıxmasını onunla izah emişlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı “Armeniyada” (Qarabağda) toxunmuşdur. Xalçaçılıq sənətinin tarix etibarilə türk xalqlarına məxsus olması faktını gözardı edərək, xalçaşünas alman alimi Ulrix Şürman bunu “erməni sənətinin şah əsəri” adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini “təsdiqləmişdir”.
Amma məşhur xalçaşünas alim, professor Kurt Erdmann “Ilmikli şərq xalısı” adlı əsərində bunu “Noppen türü” adlandıraraq yazır: “Bu cür toxumada çözgü teli (arış) arasından keçirilən atqı ipliyi (arğac) həm də çözgü üzərinə yerləşdirilmiş incə çubuqlara da sarılır. Çubuqları çəkəndə Noppen türü alınır və artıq ortadan yarılanda ilmikli xalının xovuna bənzər görüntü yaranır”.
Noppenin fikirlərinə əsaslanan F.Ağasıoğlu da bu xalının Azərbaycan türklərinə məxsus olması ilə bağlı bir sıra tutarlı faktlar gətirir. Azərbaycanda da qədimdən bitki kökündən və yarpağından təbii boya alınırdı. Haqqında danışdığımız xalının toxunduğu əsrdə yaşayan Herodot Qafqazda yarpağını əzib suda qarışdıranda boya alınan ağac növü olduğunu yazır və özəlliklə bu boyanın solmadığını, hopduğu parça yuyulanda itmədiyini vurğulayırdı. Qarabağ xalçaları mis rəngi, qırmızı, al, palıdı, qızılı sarı, mavi rəngləri və bu rənglərin çalarları ilə seçilir. Pazırıq xalısında da bu rənglərdən istifadə olunmuşdur.
Saqa-oğuz türklərinə məxsus sənət nümunəsi
Xalının orta bölümündə 24 ədəd hun gülü deyilən nilufər çiçəyinin simvolu var. Bu naxışın azacıq fərqli variantı ilə üçüncü zolağın içi də bəzədilmişdir. Nilufər çiçəyi işıqda deyil, qaranlıq düşəndə açıldığı üçün onun qaranlıq dünyada yaşam simvolu vardır. Oğuz xalçalarında bu naxışdan geniş istifadə olunur. Pazırıq xalısındakı yalı kəsilən atlar maralların hərəkətinə tərs yöndə düzülmüş və quyruqları da düyünlənmişdir. Təbriz və özəlliklə Şirvan xalçalarında da atların quyruğunun eyni formada düyünləndiyi səhnələr var.
Göründüyü kimi, aradan minillər keçsə də, Azərbaycanın xalça toxuyanları savaş atının quyruğuna eyni formada düyün vururlar. Qarabağda toxunub, Pazırıqda ortaya çıxarılan xalıdakı atların quyruğuna düyün vurulması bir daha göstərir ki, xalı yas törəni üçün hazırlanmışdır. Keçmişdə atın sahibi öləndə onun yəhərini bir neçə gün tərsinə qoyardılar ki, adamın ruhu qayıdıb evdəkilərə xətər toxundurmasın. Pazırıq xalısında eyni istiqamətdə düzülüb sakit otlayan marallar burada həyat (yaşam) simvoludur. Maralların sayının da simvolik anlamı vardır. Belə ki, burada verilən 24 maral Mete çağında hunların və Oğuznamələrdə oğuzların bəlli 24 boyunu əks etdirir. Xalının simvolik “dilində” yaşam simvolu olan maralın sayı ilə (24) xalının orta bölümündə nilufər gülü (hun gülü) naxışı ilə yer alan 24 saqa-oğuz boyuna və Dədə Qorqud eposunda “24 sancaq bəyi” deyimi ilə xatırlanan boy başçılarına sanki “başsağlığı” verilib, onlara yeni yaşam arzulanır. Saqa an üslubunda adətən heyvanlar dinamik və gərgin hərəkətli pozada verilir. X əsrdə əl-Müqəddəsi yazırdı ki, misli olmayan xalçalar Qarabağda toxunub Bərdə bazarında satılır.
Yuxarıda verilən müqayisələr göstərir ki, eramızdan əvvəl V əsrdə Altayda saqa elbəyinin yas törəni üçün Azərbaycandan göndərilmiş “saqa-oğuz xalısı” sonrakı Qarabağın bir hissəsini də içinə alan o çağın Sakasena bölgəsində yaşayan saqalar tərəfindən toxunmuşdur. Beləliklə, istifadə olunmuş rənglərdən tutmuş, toxunma üsuluna, naxış və simvollara qədər Qarabağ, o cümlədən türkmən xalçaları ilə genetik və tipoloji bənzərliyi ilə ortada olan bu əvəzsiz sənət əsəri saqa-oğuz xalısıdır.
Nəticə olaraq, ermənilərin sahibləndiyi, əslində isə bütün xüsusiyyətləri ilə bizim milli xalça sənətimizin əsas elementlərini daşıyan bu nümunəni F.Ağasıoğlunun sözlərilə desək, Qarabağ xalçaçılıq məktəbinin “Saqa-Oğuz xalısı” adlandırmaqla tarixi gerçəkliyi bərpa etmiş olarıq.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir