Brilliant Türkiyəni lərzəyə gətirir (VİDEO/FOTO)

Xalq artistinin yeni klipi Azərbaycan teleməkanında nə zaman göstəriləcək?

Sözləri mərhum dramaturq İslam Səfərliyə, musiqisi SSRİ-nin xalq artisti, görkəmli Azərbaycan bəstəkarı, canlı korifey Arif Məlikova məxsus olan “Qonaq gəl bizə” mahnısına “Yahşi güzel” adı ilə yenidən həyat verən müasir estradamızın seçilən sənətkarı Brilliant Dadaşova son günlər bütün diqqətləri öz üzərinə yönəldib.

Milli.Az xəbər verir ki, illərdən bəri İstanbulda yaşayıb-yaradan balaban ifaçısı Əlixan Səmədovun müşayiəti ilə mahnını türk şivəsində oxuyan xalq artisti, onunla birlikdə çəkildiyi klipi ilə türk tamaşaçılarını heyrətləndirməyə müvəffəq olub. Qardaş ölkənin tanınmış prodüser mərkəzlərinin birində istehsal olunan ekran işi eksklüziv olaraq “Kral TV”də yayımını davam etdirir.

Müğənninin rəsmi Facebook səhifəsində yerləşdirilən fotolardan da aydın görünür ki, türklər bu bəstəni real hitlər sırasına əlavə ediblər. Əldə etdiyimiz məlumata görə, başqa türk müğənniləri, o cümlədən bəzi Azərbaycan sənətçilərimiz külli miqdarda maliyyə vəsaiti ödəyərək kliplərini “Kral TV”də nümayiş etdirdikləri halda, Brilliant xanımın “Yahşi güzel”i təmənnasız olaraq adıçəkilən telekanalda göstərilməkdədir. Anlaşmaya görə, ekran işi daha bir ay boyunca eksklüziv yayımda olacaq, yalnız bundan sonra “Yahşi güzel”in yerli kanallarımızda da nümayişi başlayacaq.

Türkiyəni sanki lərzəyə gətirən klip barəsində ətraflı məlumat vermək əvəzinə, onu növbəti dəfə diqqətinizə çatdırmağı məsləhət bilirik. Muğam çalarlarından məharətlə istifadə edən sənətkar ifasının sonuna yaxın özünün müəllifi olduğu “Maç-maç, quc-quc” mahnısından kiçik bir hissəni səsləndirir. Yəqin, xanım Dadaşova türk tamaşaçılarının diqqətinə çatdırmaq istəyib ki, o, bir vaxtlar məhz o mahnısı ilə hit-paradlarda özünə taxt qurmuşdu…

Hazırda İstanbulda olan estrada ulduzu Bakıya gələn kimi yaradıcılığı haqqında daha ətraflı məlumatı sizinlə bölüşməyə çalışacağıq.