“Azərbaycanlı Allah”ın piramidaları

Münhendə Azərbaycanı Misirlə, Ilham Əliyevi Hüsnü Mübarəklə eyniləşdirən sualın qoyulması heç də repressiv idarəetmə oxşarlığından irəli gəlmir. Son illər Azərbaycanın Misirə, həm də qədim Misirə döndərilməsi yönündə Ilham Əliyev iqtidarının apardığı uğurlu daxili siyasətin məntiqi nəticəsiydi Almaniyanın xarici siyasət və təhlükəsizlik institutunun rəhbəri Folker Pertesi danışdıran. Inqilab xəbərdarlığına qalsaydı, elə Tunislə, Liviya ilə müqayisə edərdilər Azərbaycanı, niyə təkcə Misirin adını çəkirdilər ki…
Məsələ bundadır ki, Azərbaycanı hazırda qədim Misirdəki kimi “Allahlar” idarə edir və bunu Avropadan daha yaxşı görürlər. “Baş Allah” – Heydər Əliyevdir. Qədirbilən xalqımızın yaxşı yadındadır ki, Murtuz Ələsgərov həmişə “Allah Heydər Əliyevə eşq olsun” deyirdi, “Heydər Əliyev Azərbaycanın əzəli və əbədi prezidentidir” sözü ideoloqların dilindən düşmürdü. Yəni, adamın de-yure allahlığı qəbul olunub və ona xalqın səmərəli sitayiş etməsi üçün dövlət nə mümkündürsə, onu da yapıb: küçə və xiyabanlar onun adınadır, hər rayonda, ali və orta məktəblərdə, səhiyyə ocaqlarında, dalanlarda, tinlərdə yüzlərlə büstü qoyulub, ölkə başdan-başa bütləşdirilib və millət bütün xoş, bəd, uğurlu, uğursuz günlərdə bu müqəddəs BÜTün önündə səcdəyə gedir. Xalq – yaşadığına, mövcud olduğuna, nəfəs aldığına, Günəşi gördüyünə görə yalnız ona borcludur və bu borcu qaytarmaq heç bir halda mümkün deyil.
Azərbaycan xalqının xoşbəxtliyindən, “Əzəli və Əbədi Baş Allah” de-fakto əbədiyyətə qovuşandan sonra, onun oğlu Ilham Əliyev ölkəyə rəhbərlik edir. Onu tənqid etmək olmaz, tərs söz demək yaramaz; onun əleyhinə getmək Allaha qarşı çıxmaq kimi bir şeydir və mütləq cəzalandırılır. Qədim misirlilər firona necə baxırdılarsa, azərbaycanlılar da Ilham Əliyevə elə baxmağa, onu Tanrı kimi görməyə və sitayiş etməyə məcburdurlar.
Ölkənin bu cür ideologiya ilə idarə olunmasının qayğısına Baş Kahin qalır – Ramiz Mehdiyev. “Allahlar” da var – Kəmaləddin Heydərov, Ziya Məmmədov, Bəylər Əyyubov, Eldar Mahmudov, Ramil Usubov və s. Bu “ölümsüzlərin” kəsdiyi başa, etdiyi hərəkətə heç bir sorğu-sual yoxdur; onlar didişə, dalaşa, yola getməyə bilərlər, amma “allahlıq” onların taleyidir, bundan azad ola bilməzlər.
Qədim Misirə bənzəməyimizin bir əlaməti rüşvətin, korrupsiyanın piramidalığındadırsa, digəri ölkədə yenidən qurulan, təmir edilən metro stansiyalarıdır – “Içərişəhər”, “Koroğlu” kimi… Tağı Əhmədov ölkənin ideoloji-siyasi xəttini bildiyindən, Azərbaycan fironunun xoşuna gəlmək üçün təmir etdiyi stansiyaları piramida şəklində qayırır. “Koroğlu” – tez-tez “Allah”ın keçib gəldiyi yolun üstündədir, “Içərişəhər” isə iş yerinin yanında. Ilham Əliyev hər gedişində və gəlişində bu piramidaları görməli və özünün fironluğuna – “Tanrılığına” bir daha əmin olmalıdır.
Rayonlarda ətək-ətək pul tökülüb, “bölgələrin iqtisadi inkişaf proqramı” çərçivəsində düzəldilən Heydər Əliyev parklarına diqqət etmisinizmi? Onların da böyük əksəriyyəti piramida şəklindədir, başlarından isə “Böyük Göz” bərq vurur. Başqa cür ola da bilməz, axı – piramidalar “Tanrı”nın bu dünyaya qapısının, Gözlər nəzarətinin görüntüsüdür.
Amma son vaxtlar bu piramidalarda problem yaranıb. Məsələn, “Içərişəhər” kimi, “Koroğlu” piramidası da tikildiyi gündən damır, su buraxır, sazaq keçirir, tökülür, dağılır, elektrik naqilləri su altında qalır, qısaqapanma verir, alışıb yanır. Cəmi bircə ay əvvəl istifadəyə verilən bu piramida niyə dağılmalıdır? Ona görə ki, ora ayrılan vəsaiti basıb yeyiblər, əvəzində keyfiyyətsiz bir stansiya qurublar?
Qətiyyən elə deyil. Görünür, “Allahlıq ideologiyasının” özü çat verib, artıq dammağa, su keçirməyə, qısaqapanma verməyə başlayıb, çırtaçırt alışmağa doğru gedir.
Bəs, siz necə düşünürdünüz? Elə bilirdiniz ki, Allah – ona şərik olub, allahlıq iddiasına düşən “əzəli və əbədilərə” həmişə dözəcək?..