Rayon kəskin enerji qıtlığı yaşayır, icra hakimiyyəti problemin qarşısında çarəsizliyini etiraf edib
“Sabirabad rayonu ”buz dövrü”nə qədəm qoyub. 15 gün əvvəl yağan ilk qar bu rayonda bütün həyatı dondurmaqdadır. Rayon mərkəzində evlərə verilən qaz ən yaxşı halda, şam kimi işıqlanmağa xidmət edir”, – deyə rayondakı mənbə “Azadlıq”a Sabirabaddakı vəziyyətdən danışıb.
Mənbənin sözlərinə görə, hətta icra hakimiyyəti binasının 50 metrliyindəki Vidadi küçəsində də qazın verilməsində ifrat azalma var. Yerli hakimiyyət yaranan böhranın həllində laqeydlik nümayiş etdirir. Qaz problemilə bağlı şikayətlərə Icra Hakimiyyətindən maraqlı cavab verilib. Icra hakimiyyətinin şəhər təsərrüfatına məsul məmurları şikayətçilərə məsləhət görüb ki, qaz probleminə görə onlara yox, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə üz tutsunlar.
“Gücünüz çatırsa, bizi yox, gedin, Abdullayevin başını dəng eləyin”, – deyə dövlət yetkilisi onun üzərinə düşən qınağı ARDNŞ-in rəhbərliyinə yönəltməyə cəhd edib.
Mənbə onu da qeyd edir ki, artıq qazdan əlini üzən rayon sakinləri istilik problemini “dədə-baba qaydasında” həll edirlər: “Adam rayonun mərkəzi küçələrində gəzəndə mal təzəyinin tüstüsü altında özünü azı, XX əsrin əvvəllərindəki kimi hiss edir. Yəqin, analoqsuz enerji siyasəti bu imiş…”
Natiq


