“Putin artıq ölüdür”

Qərb mediası Rusiya baş nazirinin “fətvasını” verdi

Rusiyanın Qərb ölkələrinə qarşı gedərək Bəşər Əsəd rejiminə dəstəyini davam etdirməsinə yanaşmalar birmənalı deyil. Bəziləri hələ SSRİ dönəmindən Suriyanın Kremlin təlimatları əsasında hərəkət etdiyini, bunun qarşılığında da güclü siyasi-iqtisadi və hərbi dəstək qazandığını deyir. Bugünkü dəstək də Rusiyadakı hazırkı hökumətin SSRİ-nin Suriya siyasətinə sadiq qaldığının göstəricisidir.

Böyük Britaniyanın “The Times” qəzetinə açıqlama verən krallığın Rusiyadakı keçmiş səfiri Toni Brenton bildirib ki, Putin Əsədə görə yox, özünə görə Suriya diktatorunu dəstəkləyir. Diplomatın fikrincə, Rusiyanın Suriyaya qarşı BMT qərarlarına veto qoyması öncədən planlaşdırılmış cinayətdir. Putin Əsədi dəstəkləməklə dünyadakı tiranlıq rejimlərinin yanında olduğunu göstərir. O, tiranlıq rejimlərini önə görə dəstəkləyir ki, özünün Rusiyada qurduğu sistem tiranlıqdan fərqlənmir.

ABŞ-da yayımlanan “The Foreign Policy” dərgisində isə Leon Aronun Putin hakimiyyətiylə bağlı məqaləsi yayımlanıb. Onun yazdığına görə, Rusiyada etirazların artan xəttlə davam etməsi Putin rejiminin sona yaxınlaşmasından xəbər verir. Leon Aron yazır ki, Putin getdikcə radikallaşan xalq etirazları qarşısında dayana bilməyəcək:“Putin və putinizm artıq ölüdür. Baş nazir paytaxt Moskva və elitanın dəstəyindən məhrum olub. Putin bütün ölkəni itirmək üzrədir”.

Informasiya şöbəsi