Oliqarxlar Bakının mərkəzini ələ keçirir

«Qış bulvarı» üçün boşaldılan ərazidə ticarət mərkəzinin inşası üçün özül qazılıb

Fuad Ağayev: «Azərbaycanda mülkiyyət hüquqlarının pozulmasının dünyada analoqu yoxdur»

Azərbaycanda vətəndaşların mülkiyyət, əsasən daşınmaz əmlak hüquqlarının pozulmasının MDB və Yaxın Şərqdə analoqu yoxdur. Tanınmış vəkil Fuad Ağayev belə hesab edir. “Hətta Heydər Əliyevin dövründə belə Azərbaycanda bu cür hüquq pozuntuları olmayıb”,- F.Ağayev mülkiyyət hüquqlarının müdafiəsinə həsr olunmuş forumda bildirib.
Forumu bir neçə QHT təşkil edib. Tədbir Amerikanın NED (Demokratiyanın Dəstəklənməsi Fondu) və Norveç Insan Hüquqları Fondunun dəstəyi ilə keçirilib.   
Ağayevin sözlərinə görə, dövlət ehtiyacları üçün daşınmaz əmlakın götürülməsi bəhanəsi ilə mülkiyyətin kobud, qanunsuz şəkildə yenidən bölünməsi və torpaqların inzibati metodlarla zəbt edilməsi baş verir. Hüquqşünas açıqlama verib ki, dövlət ehtiyacları üçün torpaq yalnız Nazirlər Kabinetinin qərarı əsasında və ədalətli kompensasiya ödənilməsi ilə götürülə bilər. Dövlət ehtiyacları dedikdə yolların və kommunikasiyanın inşası, sərhəd zonalarında dövlət sərhədinin etibarlı qorunmasının təminatı, müdafiə əhəmiyyətli obyektlərin, dağ-mədən sənayesi obyektlərinin inşası başa düşülür.
Lakin praktikada bu tələblərə əməl olunmur. “2010-cu il noyabrın 19-da Şəmsi Bədəlbəyli və Füzuli küçələrində onlarla ailənin məcburi köçürülməsi üçün polis əməliyyatı həyata keçirilib. Sakinləri zorla polis şöbələrinə aparıblar. Bu müddətdə onların əmlakını küçəyə atıblar, evləri texnika ilə söküblər”, – Ağayev qeyd edib.
O, bunu “qeyri-insani davranış” adlandırıb.
“Qış bulvarı” adı altında sözügedən küçələrdən 5 minə yaxın adam köçürülüb. Əslində həmin yerdə ticarət mərkəzinin inşası üçün özül qazılıb. Şəhər hakimiyyəti evlərin sökülməsini Bakının baş planının həyata keçirilməsi ilə əsaslandırır. Halbuki, 1987-ci ildə qəbul edilmiş bu sənədin müddəti 2005-ci ildə bitib. Söküntünün dayandırılması barədə məhkəmə qərarlarının olmasına baxmayaraq, söküntü işləri aparılır. Buna misal olaraq Sülh və Demokratiya Institutunun ofisinin sökülməsini göstərmək olar.
Ağayevin fikrincə, adamların köçürülməsinin əsl səbəbi bir qrup oliqarxın Bakının mərkəzində torpaq mülkiyyətini ələ keçirməsidir. Burada bir sot torpağın qiyməti 200-700 min manatdır. Ağayev sosial-iqtisadi repressiyalar və onların qurbanlarına kompensasiyaların verilməsi haqqında qanun layihəsinin hazırlanmasını təklif edib.
“Aydın məsələdir ki, indiki parlament onu qəbul etməyəcək, lakin bu, nə vaxtsa baş verəcək”, – o vurğulayıb.
Digər vəkil Şəfa Camalzadə deyib ki, Azərbaycanda ikinci dəfədir ki, vətəndaşların mülkiyyət hüquqları kütləvi şəkildə pozulur- 20-ci əsrin əvvəllərində və 21-ci əsrdə. “Əgər ötən yüzillikdə varlıların mülkiyyəti əllərindən alınırdısa, indi yoxsulların mülkiyyəti alınır”.
Camalzadə qeyd edib ki, məhkəmə qaydasında mülkiyyət hüquqlarını müdafiə etmək getdikcə mümkün olmur. Məhkəmələr kompensasiyanın məbləğini 1 kv. metrə görə 1500 manatdan çox artırmayıblar. Odur ki, problem ictimai-siyasi xarakter alır və onun həlli üçün ictimaiyyətin müdaxiləsi lazımdır.
Sonda “Azad iqtisadiyyata yardım” QHT-nin eksperti Ülviyyə Əsədzadə Azərbaycanda mülkiyyət hüquqlarının vəziyyətinə dair hesabatı təqdim edib. Araşdırmada qanunvericilik təhlil edilir, hüquq pozuntuları ümumiləşdirilir.