Rahim Hacıyev: «ABŞ Rusiya ilə gərgin münasibətdə olan Gürcüstana hərtərəfli dəstək verdiyini göstərmək istəyir»
ABŞ dövlət katibi Hillari Klinton yaxın günlərdə Gürcüstana səfər edəcək. ABŞ nümayəndə heyəti ilə gələcək dövlət katibinin səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq müzakirə ediləcək. Qeyd edək ki, təxminən iki həftə əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona səfərə getmişdi. Səfər zamanı bir sıra vacib məsələlər, iki ölkə arasında strateci əməkdaşlıq müzakirə olunmuşdu. Bu halda qısa müddətdən sonra Hillari Klintonun Tbilisə səfəri nəyə işarədir?
Siyasi ekspert Rahim Hacıyev Azərbaycandan fərqli olaraq Gürcüstanda demokratik rejim formalaşdığını, bu ölkənin demokratiyanın inkişafı sahəsində çox böyük yol keçdiyini deyir. Buna görə də Gürcüstanın Qərb ölkələri, Avropa, ABŞ-la münasibətlərinin yaxşı olması tamamilə başa düşüləndir.
Ekspertin sözlərinə görə, Saakaşvilinin ABŞ-a səfəri, prezident Obamanın onu qəbul etməsi Gürcüstana çox böyük diqqətin göstəricisi idi. Bunun ardınca Hillari Klintonun Gürcüstana gəlməsi göstərir ki, ABŞ-Gürcüstan münasibətləri çox yüksək səviyyədə qurulub və bu münasibətlər yüksələn xətlə inkişaf edir.
Ekspertin fikrincə, belə jestlərlə ABŞ Rusiya ilə gərgin münasibətdə olan Gürcüstana hərtərəfli dəstək verdiyini də göstərmək istəyir. Intensivləşən görüşlər bir tərəfdən Gürcüstana çox ciddi dəstək nümayişidir. Digər tərəfdən, bununla həm də Moskvaya göstərmək istəyirlər ki, Rusiyanın Gürcüstana pis münasibəti ABŞ-ı qətiyyən narahat etmir. ABŞ Gürcüstanı müdafiə edir və bundan sonra da müdafiə etməkdə davam edəcək.
Regionda münasibətlərin gərginləşdiyini, eyni zamanda Qafqaza marağın artığını vurğulayan R.Hacıyevin fikrincə, ABŞ dövlət katibinin Gürcüstan səfəri zamanı təhlükəsizlik məsələləri ilə yanaşı regionun bundan sonra da demokratikləşməsi istiqamətində atılacaq addımları da müzakirə edəcəyi istisna deyil: “Indi regionda münasibətlərin gərginləşdiyi bir dövrdür. Iranın ABŞ-la münasibətləri hədsiz gərginləşib. Digər tərəfdən, Qafqaza çox ciddi marağın yaranmasının şahidiyik. Hətta Almaniyanın Azərbaycanla bağlı problemlərə diqqət yetirməsi onu göstərir ki, artıq inqilab küləkləri bizim regiona doğru əsir və ölkəmizin də yerləşdiyi Qafqazda da vəziyyətin dəyişməsinin şahidi olacağımız ehtimalı olduqca yüksəkdir. Şübhə etmirəm ki, Hillari Klintonun Gürcüstan səfərində regiondakı vəziyyət, təhlükəsizlik problemləri ilə yanaşı regionun bundan sonra da demokratikləşməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.
Fizzə