Həqiqət nədən acı olur?

Münhendə baş vermiş kiçik qalmaqal dərhal hamının diqqətini çəkdi. Həmin o epizodu prezidentin demokratikliyinin və hazırcavablığının nümunəsi kimi geniş auditoriyaya təqdim edən hakimiyyətyönümlü telekanallar bəlkə bizim üçün hansı işi gördüklərinin elə də fərqində deyillər. Nələri göstərdi bu kiçik epizod?
1.Bir daha bəlli oldu ki, hətta göydələnlər belə həqiqətin qarşısında bir sipər ola bilmir, həqiqət su kimi sızmaqda və yolunu tapmaqdadır. Bunu qəbul etmə, onu qərəzli hesab et – beynəlxalq təşkilatlara qarşı belə münasibət də bir gün nəticəsini verməli idi. Bunu dəfələrlə yazmışam. Bizim hökumət adamlarının hətta şərh vermək istəmədikləri o hesabatlar, qəbul otaqlarında gözlətdikləri ictimai fəallar bir gün bumeranq olub geri qayıtmalı idi.
2.Bu epizod I.Əliyevin bəzi məsələlərə necə bəsit yanaşdığının sübutudur, o bir çox məsələləri bəsitləşdirir və hesab edir ki, bununla onları sanki tamam neytrallaşdırır. Əvvəla, onun sübut kimi gətirdiyi bütün ədədlər yalnız ciddi mübahisə predmeti ola bilər. Bu ədədlərlə bağlı iqtisadçılar dəfələrlə analiz və təhlillərini təqdim ediblər. Ona görə onların üzərində dayanmaq, bir qədər vaxt aparmaq istəmirəm. Insanlar özləri hər şeyi bilir. Bu ölkədə necə dolanmaq olar, nə qədər kasıb var, nə qədər işsiz var – bunları ölkədəkilərin özləri hamıdan yaxşı bilirlər. Mən başqa bir məqama toxunmaq istərdim.
3.Azərbaycan Misirlə müqayisə olundu. I.Əliyev də bunun müqabilində bəzi ədədləri misal gətirərək xalqın necə firavan yaşadığını sübut etmək istədi. O bir məsələni unudur ki, nə Misirdə, nə Liviyada, nə də Tunisdə insanlar heç də acından ölmürdü, ortabab həyat şəraiti vardı. Bundan başqa, indilər belə qəbul olunub ki, inqilablar tək sosial problemlər ucbatından baş vermir. Bir çox zəngin ölkələrdə də insanlar etiraz edir. Bəs bunun səbəbi nədir? Bunu onunla izah edirlər ki, getdikcə daha çox insan öz ləyaqətini dərk edir, daha çox insan aldadılmaq istəmir, daha çox insan səsinin düzgün hesablanması üçün mübarizə aparır, daha çox insan söz və ifadə azadlığı istəyir. Bir sözlə, insanlar 21-ci əsrə və onun ruhuna adekvat yaşamaq istəyirlər. Budur bəzi ölkələrdəki etirazların həqiqi səbəbi! Bu simptomlar bizim ölkədə varmı? O dedi ki, parlamentdə 10-dan çox partiya təmsil olunub! Amma beynəlxalq müşahidəçilər daha bu dekorasiyanı qəbul etmək istəmirlər. Nədən həmin o partiyaların hamısının yalnız bircə mandatı var? Bu da sualdır! Nədən etiraz edən insanlar təqib edilir, həbsə atılır, insanların səsləri seçkilərdə düzgün sayılmır? Mən daha bir detalı qeyd etmək istərdim. A.Pinoçet ölkəni iqtisadi börandan qurtardı, onun xarici borclarını kəskin şəkildə azaltdı və işsizlərə iş verdi! Bir sözlə, Çilidə insanlar acından ölmürdü. Amma onlar Pinoçetdən qurtulmaq üçün mübarizə apardılar və buna nail oldular! Diktatorlar bir çox hallarda sadə insanları başa düşə bilmirlər. Amma resept sadədir. Məsəl var ki, insanlar təkcə çörəklə tox olmur! Budur həqiqət və nə qədər acı olsa da bir gün onu qəbul etmək lazım gələcək! Indi bir çox şeylər gülməli görünür və bir çox şeylərə bu hakimiyyət ironiya ilə yanaşır. Olsun… Qələbə axırıncı gülənindir!
30 yanvar oldu, amma…
Bəli, 30 yanvar oldu, amma “körfəzdə fırtına” olmadı. Mən bununla bağlı öz tərəddüdlərimi yazmışdım. Yada salım ki, söhbət Irandan gedir. Azca haşiyə çıxmaq yəqin qüsurlu görünməz, çünki bu problem də bizim böyrümüzdədi.
Mənə elə gəlir ki, burada analitiklər bir qədər tələsirlər. Məsələ bundadır ki, nüvə silahı olan Iran dünya geopolitikləri, silah-sursat sənayesi üçün daha əlverişli və daha cəlbedici modeldir, çünki dünyanın təhlükəsizlik modelini və arxitekturasını bu amil üzərində formalaşdırmaq olar. Bin Ladenin cəsədi körfəz sularına qərq olandan sonra növbəti düşmən obrazına ehtiyac var. O məsələni də başa düşürəm ki, bəzi rejimlərin Rusiya və Çin kimi qahmarları yaranıb, bir çox hallarda onların bu rejimlər ətrafında yaratdığı siyasi səddi aşmaq heç də asan olmur, bunu Suriyanın misalında görürük. Amma adam bu otra əsrlər ölkəsinin – Iranın çökməsini görməyə tələsir, çünki o, dünyanın palitrasında bir qara rəngdir, lap Maleviçin qara kvadratı kimi…