Hakimiyyət vətəndaş fəallığından qorxur

Intiqam Əliyev: «Çünki öz legitimliyindən əmin deyil»

Fevralın 3-5-də Tbilisidə hüquq müdafiəçilərinin BMT-nin sərbəst toplaşmaq və birləşmək azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi və ATƏT/DTIHB nümayəndələri ilə görüşündə Cənubi Qafqaz ölkələrində toplaşmaq və birləşmək azadlığı ilə bağlı problemlər müzakirə olunub.
Konfransda Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Rusiya, Ukrayna, Polşa, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Böyük Britaniya və Norveçin hüquq müdafiəçiləri iştirak ediblər. Azərbaycan Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri Intiqam Əliyevin “Turan”ın müxbirinə verdiyi məlumata görə, görüş Cənubi Qafqaz ölkələrində və bir sıra Şərqi Avropa dövlətlərində bu sahədə hüquqi vəziyyətlə bağlı məlumat toplanması məqsədilə keçirilib.
Konfransda müxtəlif ölkələrin vətəndaş cəmiyyətlərinin ümumi problemlərin həlli üçün birləşməsi zərurəti haqqında fikir səslənib. BMT-nin xüsusi məruzəçisi Mayna Kayya inandırıb ki, təmsil etdiyi qurum görüşdə qaldırılan məsələlər üzərində ciddi işləyəcək və BMT-nin yeni çağırışlara daha operativ reaksiya verməsi üçün səy göstərəcək.
“Azərbaycan hakimiyyəti vətəndaşların fəallığından qorxur. Çünki hakimiyyət öz legitimliyindən əmin deyil. O, başa düşür ki, cəmiyyətə bitmək bilməyən repressiyalara baxmayaraq can atdığı azadlığı versə bu, hakimiyyətin sonu olacaq”, Əliyev belə hesab edir.