Əbülfəz Qurbanlı: «Gənclərin ciddi sosial problemlərinin qabardılmasına çalışacağıq»
Səxavət Soltanlı: «Təhsil müəssisələrindəki dostlarımız vasitəsilə məqsədimizi gerçəkləşdirmək fikrindəyik»
Ictimai Palatanın 4 fevral tarixli sessiyasında 2012-ci ilin planlarını əks etdirən sənəd qəbul olunub. 2012-ci ildə IP-nin fəaliyyətinin əsas məqsəd və hədəfləri sırasında gənclərlə bağlı bölmə də var. Orda bildirilib ki, IP-in bütün səviyyələrdəki təşkilat strukturlarında gənclik qollarının yaradılması və gücləndirilməsi, eləcə də ali və ixtisas təhsil müəssisələrində IP üzvləri şəbəkəsinin formalaşdırılması nəzərdə tutulub.
AXCP Gənclər Təşkilatının rəhbəri Əbülfəz Qurbanlı söyləyib ki, IP-in Gənclər Təşkilatının bu ildə qarşısında duran əsas məsələ bütövlükdə ölkə gəncliyinin fəallığının artırılması istiqamətində çalışmaqdır: “Bu mənada biz müxtəlif gənclər təşkilatları və qrupları, blogerlər, eyni zamanda, xaricdə təhsil alan, yaşayan gənclərlə əlaqələrimizi genişləndirmək məqsədi qoymuşuq. Azərbaycan gəncliyinin böyük bir hissəsi ciddi sosial problemlər içində yaşayır və bu problemlərin müzakirə olunaraq qabardılması vəzifələrimiz sırasındadır. Həmçinin, Azərbaycanda siyasi hüquqları tapdanan gənclərlə, o cümlədən gənc siyasi məhbusların azadlığa çıxması, onların müdafiəsi istiqamətində IP Gənclər Təşkilatının fəaliyyəti var. Başlıca məsələ isə Azərbaycan hakimiyyətinin gənclər siyasətini daim diqqətdə saxlamaq və bu siyasətin alternativini hazırlayıb ortaya qoymaqdır. Hökumət uzun illərdir gənclərlə bağlı müxtəlif proqramlar, qərarlar qəbul edir, amma onların heç birinin nəticəsi yoxdur. Ona görə ki, bu proqramlar gəncliyin həyatına təsir etmir. Bu məqsədlə alternativ proqram və sənədləri hazırlayıb ortaya qoyacağıq”.
Müsavat partiyası Gənclər Təşkilatının sədri Səxavət Soltanlı bildirib ki, gənclər təşkilatlarının birgə fəaliyyəti yönündə yerlərdə müvafiq işlər görüləcək: “Müsavat, AXCP, Vətəndaş Həmrəyliyi və digər partiyaların gənclər təşkilatları təhsil müəssisələrində IP üzvlərinin şəbəkəsinin formalaşdırılmasına çalışacaq. Biz qarşımıza müxtəlif təhsil müəssisələri və universitetlərdə təhsil alan dostlarımızın vasitəsilə gənclərin şəbəkəsinin formalaşdırılaraq yaradılması, gənclərin fəaliyyətinin yayılması məqsədini qoymuşuq”.
Nigar
İctimai Palata təhsil müəssisələrində gənclər şəbəkəsi yaradacaq
•


