Güclü külək bu gün səhər 05:00 radələrində Bakıda Qaradağ rayonu ərazisində qaz kəmərində partlayışa səbəb olub. Yüksək gərginlikli elektrik xətləri güclü külək nəticəsində qoparaq qaz kəmərinin üzərinə düşüb və kəmər partlayıb. Partlayış Sahil qəsəbəsi 720 millimetrlik Qaradağ-Daşgil qaz kəmərində meydana gəlib. Hadisə nəticəsində güclü alov göyə yüksəlib.
ANS-in verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları gəlib. Yanğının qarşısinı almaq üçün qaz kəməri birbaşa yataqdan bağlanıb.
Hadisə hər hansı xəsarətə yol açmasa da, ətraf qəsəbələrə qazın verilişinə təsir göstərib. Bunu əraziyə baxış keçirən “Azəriqaz” səhmdar cəmiyyətinin əməkdaşları da təsdiqləyib. Ancaq bununla belə, digər alternativ qaz kəmərləri vasitəsilə ətraf qəsəbələrə qazın verilişi qismən bərpa edilib. Partlayış baş verən Qaradağ-Daşgil qaz kəmərinin də tez bir zamanda bərpa edilməsi üçün tədbirlər görülür.


