17-ci kalonda məhbuslar soyuq baraklarda saxlanılır

Eynulla Fətullayev vicdan məhbusları ilə görüşüb

Məhbuslar hüquq müdafiəçisinə nədən şikayət ediblər?

Hüquq müdafiəçisi Eynulla Fətullayev dünən Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində olub və vicdan məhbusları – Arif Alışlı, Elnur Məcidli, Elşən Həsənov həmçinin həbsdə olan hərəkatçı Nemət Pənahlı ilə görüşüb. Neçə gündür mətbuatda 17-ci kalonda işıq, su, isitmə problemlərinin olduğu ilə bağlı məlumatlar yayılırdı. E.Fətullayev kalonda olarkən bu məsələləri də araşdırdığını deyir:
“Baraklara, cərimə təcridxanasına, yeməkxanaya, mətbəx-məişət otaqlarına, görüş otaqlarına baxış keçirdim. Bir sözlə, elə yer qalmadı ki, orada monitorinq aparmayım. Bu kalon sovet dövründə 2 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sahəsi olub. 90-cı illərdə məhkumların sıxlığını nəzərə alaraq bu istehsalat sahəsi cəzaçəkmə müəssisəsinə çevirilib. Heç şübhəsiz ki, bu, çətin kalondu və orada şərait qanedici səviyyədə deyil. Məhbusların dediyinə görə, üstünlük yalnız ondadır ki, bu kalonda rüşvət yoxdur, ötən ildən bu yana isə işgəncə aradan qaldırılıb. Onu da deyim ki, 17-ci kalon lokal tipli müəssisədir. Orada məhkumların bir qrupu başqa bir qrupdan hasarla təcrid olunub. Bu da daha çox istintaq təcridxanasının rejiminə bənzəyir. Ona görə burada saxlanma şəraiti o biri cəzaçəkmə müəssisələrindən daha pis hesab olunmalıdır. Əsas şikayətlər su və işıqla bağlı idi. Mən olduğum müddətdə su var idi. Rəis bildirdi ki, fasilələrin olması şaxtaya görə su turbalarının donması ilə bağlıdır. Işığa gəlincə, bildirdi ki, Binə qəsəbəsinə elektrik enerjisinin verilməsində tez-tez fasilələr olur, bu zaman kalonda da eyni vəziyyət yaranır. Məni narahat edən məsələ barakda temperaturun aşağı olmasıdır. Düzdür, Elnur Məcidlinin qaldığı barak digərlərindən daha istidir. Orada temperatur 15-17 dərəcədir. Amma digər baraklarda temperatur 10 dərəcədir. Istilik təəssüf ki, təmin olumur”.
E.Fətullayev daha sonra məhbuslarla görüşləri barədə məlumat verdi: “Arif Alışlı ilə Elşən Həsənov tibbi hissədə qalırlar, ambulator müalicə keçirlər. Arif Alışlı atasının hüzr mərasimindən qayıdandan sonra möhkəm soyuqlayıb. Ona görə də yanvarın 29-dan müalicə alır. Elşən Həsənovun da həbsdən əvvəl səhhətində problem olub və hazırda müalicə olunur. Saxlanma şəraitindən və onlara olan münasibətdən şikayətlənmədilər. Dedilər ki, onlara böyük hörmət göstərilir. Amma Arif Alışlı başqa kalona köçürülməsini istəyir. Bu da onunla bağlıdır ki, bu cəzaçəkmə müəssisəsi dediyim kimi, lokal tiplidir. Müəssisənin gəzmək üçün ümumi həyəti yoxdur. Bu da istər-istəməz sıxıntılar və psixoloji gərginlik yaradır. Elnur Məcidli həmməruzəçi Jozep Qrexin kalona gələrkən onunla görüşməməsində məyus olub. Söz verdim ki, onun bu iradını mütləq Qrexin diqqətinə çatdıracam. Elnurun səhhəti normaldır. Sadəcə dişləri ilə bağlı problemi var idi ki bu məsələni də yerindəcə həll etdik. Bir gün sonra o, müəssisənin stamotoloji xidmətindən istifadə edə biləcək. Rəis bildirdi ki, Elnur bununla bağlı onlara müraciət etməyib, etsəydi, heç bir problem olmazdı.
Nemət Pənahlı ilə də görüşdüm. O çox hiddətli, əsəbidir. Özünə qarşı olan ədalətsizlikdən, atasının vəfatı zamanı ona ezamiyyət verilməməsindən narazıdır. Təşəkkür etdi ki, bizim yardım kampaniyamızdan sonra evinin işıqları yanıb. Yardım edən insanların hər birinə təşəkkürünü çatdırdı. Mən də bildirdim ki, bu bizim missiyamızdır. Səhhətində problemlər yaranıb və məndən müalicəsinə şərait yaradılması üçün çalışmağımı xahiş etdi. Eyni zamanda anasının səhhətindən problemlərin olduğunu və siyasi səbəblərə görə onun xəstəxanadan məcburi çıxarıldığını bildirdi. Xahiş etdi ki, bu məsələni araşdırım və mümkün köməkliyi edim. Mən də bu məsələni araşdıracağıma söz verdim”.

Gültəkin