Vərdişkar olmuşuq; hansı ay Ilham Əliyevin bayrağımıza qarşı sayğısızlığını görmürüksə, düşünürük ki, əcəba, dünyanın sonumu gəldi?! Qibleyi-aləmi də sağ olsun, bizə belə həyəcanlı anları tez-tez yaşatmır, üçrəngli bayrağa qarşı “həssaslığını” hər fürsətdə nümayiş etdirir.
Bu mənada 2012-ci ilin ilkini o, Hillari Klintonla görüşərkən etdi. Qabaq bayrağımızın rəng düzümü çaş-baş düşərdi, yaşılı yuxarı, mavini aşağı asardılar, indi isə analoqsuz addım atılmışdı – yaşıl yığışdırılmış, onun da yerində mavi peyda olmuşdu.
Rəsmi dövlət agentliyi “AzərTAC”ın yaydığı foto olmasaydı, düşünərdim ki, bu işi hansısa dələduz, prezidenti sevməyən qüvvələr kompüter qrafikası vasitəsilə edib. Ilham müəllimin öz rəsmi saytında da fotoda yaşıl rəngi görməyincə barmağımı dişlədim.
Deməli, bayraqla bağlı bunca səs-küy olur, amma bunların heç veclərinə də deyil… Deməli, bunlar nə qəzet oxuyur, nə saytlara baxırlar… Əks halda, hər dəfə bayraq qalmaqalı yaşanarkən ünvanlarına deyilənlərdən bir nəticə çıxarardılar.
Dünyanın ən uca bayrağını ölkəsində ucaltmaqla qürrələnən prezidentin ayda azı bir dəfə mötəbər tədbirlərdə bayrağının tərs asılmasıyla bağlı skandal yaşaması heç də yaxşı hadisə deyil. Adam arada düşünür ki, bəlkə bunlar o boyda bayrağı ona görə tikiblər ki, rənglər unudulmamaq üçün göz deşsin, yadlarından çıxmasın. Hətta belədirsə də, çox faydasız… Çünki rəngləri hey unudurlar.
Bayrağın üstündəki rəngləri simvolizə edən dəyərlərə Əliyevin və onun məmurlarının ehtiramından söz açmağa dəyməz.
Mavi – türkçülüyü ehtiva edir. Bu hakimiyyət ölkənin etnik çoxluğuna – türklərə hələ də öz adı ilə çağırılmağı yasaq edib;
Qırmızı – çağdaşlıq, demokratiya deyəcəksiniz. Amma deməsəniz yaxşıdır. Ölkə başçısı, hətta formal olaraq, bu ifadələrin işlədilməsindən qaçır. Ona görə, bu sözlər ictimaiyyət arasında işlədilməsi rəva bilinməyən, abırsız ifadələr misalındadır.
Yaşıl – Islam… Yadımda qalan budur ki, Azərbaycanın yaxın 20 illik tarixində Ilham Əliyevdən başqa birinin hakimiyyəti dövründə məscid uçurulmayıb, azan yasaqlanmayıb.
Indi bəlli olur ki, dövlətin vacib rəmzi sayılan bayrağa Ilham Əliyevin heç rəmzi sayğısı da yoxdur. Təəccüblü deyil.
Gəlin, biz yaddaşlarımızı təzələyək. 2003-cü ilin avqustu… Parlamentdə Ilham Əliyevin baş nazirliyi təsdiqlənir. Nəyə görə, bilmirəm, bu qərardan dərhal sonra parlamentdə himn çalındı. Ilham müəllim nəinki himni oxudu, onu heç dinləmədi də… Üzünün çevirib, telekanallara müsahibə verdi.
Yüzlərlə belə nümunə var. Azərbaycan hakimiyyəti ilə Azərbaycanın dövlət rəmzləri su və yağ kimi qarışıq məhluldular, onlar heç cür yekcins ola bilmirlər, bilməyəcəklər də…
Bu bayraq skandallarında həmişə biz bayrağımızı zərərçəkən kimi göstəririk. Ancaq mən əksini düşünürəm. Bayrağımız daim öz qisasını Ilham Əliyevdən alır, onu pis vəziyyətdə qoyur. Ən uca bayrağın açılışının elə səhəri bayrağımızın şaqqalanması da Ilham müəllimin süni vətənsevərliyinə bir təbii etiraz idi.
Ruhlar aləmində açılan iş yerləri
Ilham Əliyev Almaniyada bizi təkcə bayraqla təəccübləndirmədi. Onun açdığı yeni iş yerləri ilə bağlı işlətdiyi fikirlər əsl sensasiyadır. Bir milyondan çox iş yeri açdığını o, bütün avropalıların üzünə dedi. Bir milyon iş yeri…
Deyəsən, Göbbelsin fikri beləydi ki, yalanı elə uca səslə deyin ki, kimsədə onu təkzib etməyə cəsarət olmasın.
Qibleyi-aləm iş yerlərilə bağlı rəqəmləri, real olmayan rəqəmləri elə şövqlə, elə əminliklə deyir ki, adam, “axı bunlar hamısı nağıldır…” deməyə də abır eləyir, utanır.
Bu iş yerləri niyə gözəgörünməzdir axı? Niyə onlara əllə toxunmaq olmur? Bu bir milyon insan arasında niyə bizim tanıdıqlarımız, bildiklərimiz yoxdur? Ümumiyyətlə, bu bir milyon adam nə işlə məşğuldur? Nə edir o adamlar?
Ilham Əliyev hakimiyyəti qəsb edəndən sonra ancaq bir iş növünün rövnəqləndiyini təsdiq edə bilərəm. Bu, qarovulçuluqdur.
Nə qədər iş qüvvəsi, yaradıcı potensialı yüksək olan cavanlar var, hamısı bir ucdan “mühafizəçi”, qarovulçu işləyirlər. Həmin bu insanlarımızın gücü ilə normal dövlətdə möcüzələr yaratmaq olardı. Bizdə isə onları yeni ağalar, kəndxuda və mülkədarların sərvəti, biznesi üçün güdükçü işlədirlər. Azərbaycan gəncinə bundan artığını hələ ki, qıyan yoxdur…

Üçrəngli qənim
•