Egemen Bağış: «Türkiyənin hər hansı nazirini həbs edə biləcək güc tanımıram»
“Erməni soyqırımı yoxdur. Gəlib məni tutsunlar…” dediyinə görə Sürixdə haqqında ibtidai istintaq başlanan Türkiyənin dövlət naziri Egemen Bağış məsələyə münasibət bildirib.
Nazir Brüsselə səfəri öncəsi hava limanında jurnalistlərə açıqlamasında bir daha bəyan edib ki, 1915-ci ildə soyqırım baş verməyib: “Bunu həmişə deyəcəyəm. Bu cəhdlər bizim ölkəmiz üçün ”yox” hökmündədir. Türkiyə Cümhuriyyətinin hər hansı nazirini həbs edə biləcək güc tanımıram. Əlində sənədi, məlumatı olan, buyurub ortaya çıxsın. Tarixçilər danışsınlar. Lazım olsa, bir daha Davosa gedər və bir daha bunu deyərəm. Türkiyənin hər hansı nazirini həbs edə biləcək güc tanımıram”.
Nazir onu da qeyd edib ki, siyasətin vəzifəsi keçmişi, tarixi müəyyənləşdirmək deyil. Onun sözlərinə görə, keçmişi tarixçilər müzakirə etməlidir: “Meydan açıq, arxivlər açıq. Dünyadakı arxivlər açılsın, tarixçilər müzakirələr aparsınlar. Yersiz ittihamı qəbul etməmişik və etməyəcəyik. Mənim əldə etdiyim məlumatlar, sənədlər soyqırım olmadığını göstərir”.
Isveçrədə prokuror Kristin Braunşveyq də təsdiqləyib ki, Sürix prokurorluğu Egemen Bağışın “erməni soyqırımı yoxdur, gəlib məni tutsunlar” açıqlamasıyla əlaqədar ibtidai istintaqa başlayıb. Bu da Isveçrədəki erməni icmasının prokurorluğa şikayətindən sonra baş verib.