Rəfsəncani “Xomeyninin qayıdışı”na qarşı çıxdı

Iran Məsləhət Şurasının sədri, ölkənin keçmiş prezidenti, Əli Əkbər Haşimi Rəfsəncani ali dini lider, ayətullah Seyid Əli Xamneyiyə etiraz məktubu yazıb. Rəfsəncani məktubunda Iran islam inqilabının lideri Ruhullah Xomeyninin Fransadan Irana qayıdışının Tehranda qəribə bir mərasimlə səhnələşdirilməsinə qarşı çıxıb. Rəfsəncani Xomeyninin siluetinin hazırlanmasını kəskin tənqid edərək, dövlət rəsmilərini belə lazımsız işlərdən əl çəkməyə çağırıb.
Qeyd edək ki, Xomeyni 1979-cu il fevralın 1-də 14 illik mühacir həyatından sonra “Air France”ın təyyarəsi ilə Parisdən Tehrana qayıdıb. Bu il onun ölkəyə qayıdışı qeyri-adi şəkildə qeyd olunub. Xomeyninin kartondan hazırlanan maketi Tehran hava limanında dayanan təyyarənin pilləkənində görünüb, onun maketinin şərəfinə fəxri qarovul düzülüb. Kartondan hazırlanmış Xomeyni fəxri qarovulun önündən keçərək Tehran küçələrini dolaşıb.