Türkiyə Suriya diktatorunun devrilməsi planında fəallığını artırır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Əadlət və Inkişaf Partiyasının (AKP) qrup toplantısında Suriyadakı vəziyyətə də toxunub və Bəşər Əsədə sərt mesajlar yollayıb. Ərdoğan Suriya diktatoruna ərəbcə səslənərək “Nə əkərsən, onu da biçərsən” deyib.
Baş nazir bildirib ki, tez, ya gec Homsda törədilən qırğının hesabı sorulacaq: “Bizim üçün Suriya sıradan bir qonşu, Suriya xalqı sıradan bir xalq deyil. Suriyanın hər kvadratmetrində bizim ortaq tariximizin izlərini görə bilərsiniz. Suriya xalqı bizim qardaşımızdır. Bu, tarixə qanla yazılmış bir qardaşlıqdır. Suriyada yaşananlara səssiz qala bilmərik. Suriya xalqına arxa çevirməyəcəyik. Biz öz xalqını qətl edən zalımların kürəyinə sığal çəkmərik.
Bəşər Əsəd, getdiyin yol yol deyil. Bu yol çıxılmaz dalandır. Daha çox qan axıtmadan, daha çox günahsız vətəndaşın canını almadan bu yoldan dönməni bir daha tövsiyə edirəm. Biz Suriyada sülhün və sabitliyin bərqərar edilməsi üçün səy göstəririk. Suriya rəhbərliyinin deyil, xalqının yanında olan ölkələrlə əməkdaşlığa başlayacağıq. Bunun hazırlığını aparırıq. Ərəb Liqanın cəhdlərini dəstəkləməyə davam edəcəyik”.
Ərdoğan Bəşər Əsədi qorxaq adlandırıb. Onun sözlərinə görə, öz xalqında hücum etmək qəhrəmanlıq yox, qorxaqlıqdır: “Öz silahsız xalqında hücum etmək qəhrəmanlıqdırmı? Bu, qəhrəmanlıq deyil, qorxaqlıqdır. Heç bir zülm qarşılıqsız qalmaz. Məzlumun ahı gec, ya tez səni tutar. Iraqda məzlumun ahı tutdu. Heç narahat olmayın Suriyada da eyni şey olacaq. Əsəd döndü, dolaşdı, atası kimi xalqına silah çevirdi. Verdiyi bütün sözləri unutdu. Həmanın hesabı sorulmadı, ama Homsun hesabı sorulacaq”.
Bu arada Türkiyə prezidenti Abdulla Gül də Suriyada baş verənlərə münasibət bildirib. Türkiyə rəhbəri Suriyada vəziyyətin daha da ağırlaşdığını söyləyərək Bəşər Əsədin geri çəkilməsini tələb edib. Cənubi Koreyalı həmkarı ilə birgə mətbuat konfransında çıxış edən Gül deyib ki, Suriya xalqı zorakılıqlara görə ağır itkilər verib və bu hal artıq dözülməzdir: “Suriyada baş verən insanlıq qətliamına göz yummaq olmaz. Suriya hökuməti artıq Türkiyəyə geri dönə bilməz. Ona görə də Bəşər Əsədin dəyişikliyə getməkdən başqa seçimi qalmayıb”.
Bundan başqa, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Suriyadakı hadisələrlə bağlı ABŞ-da səfər edəcəyi açıqlanıb. Onun amerikalı həmkarı Hillari Klintonla görüşü zaman Əsəd rejiminə qarşı sərt addımların atılmasında Ankara-Vaşinqton tandeminin səylərinin artırılması və Suriya hakimiyyətinə yönəlik dünyanın vahid mövqə sərgiləməsinə nail olmağın yolları müzakirə ediləcək.
Informasiya şöbəsi
azadlıq.info


