NATO nümayəndəsi Bakıya gəlir

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın fevralın 9-da Azərbaycana səfəri başlayır. Bu barədə “MilAz” İnformasiya Agentliyinə diplomatik mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, Appaturay Azərbaycana səfərinin gedişində rəsmi strukturların – Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici İşlər Nazirliyinin rəhbərlikləri ilə görüşəcək. Onun ölkə başçısı İlham Əliyevlə də görüşəcəyi gözlənilir.
Səfər çərçivəsində Azərbaycan – NATO münasibətlərinin bu günkü vəziyyəti və perspektivləri, Əfqanıstanda sülhyaratma prosesi, Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsinin implementasiyası prosesi, regional problemlər müzakirə olunacaq.
Fevralın 10-da C.Appaturay Azərbaycanda NATO Beynəlxalq Məktəbində (NİSA) tələbələrlə görüş keçirəcək. Görüşdə Azərbaycan – NATO tərəfdaşlığı, NATO-nun Yeni Strateji Konsepsiyasının adaptasiya olunması prosesi, alyansın Çikaqo sammiti və günün mövzuları, NATO-nun Liviya, Əfqanıstan və Kosovo əməliyyatlar, NATO üçün Cənubi Qafqaz regionunun əhəmiyyəti və s. məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, C.Appaturay 2010-cu ilin sonlarından xüsusi nümayəndə vəzifəsini yerinə yetirir. Sonuncu dəfə o, Azərbaycanda 2011-ci ilin iyul ayında olmuşdu.