Qıran da, qıralan da özümüzünkülərdir
Diaspor təşkilatları isə «daxili və xarici» siyasəti dəstəkləməklə məşğuldurlar
“Moskvada azərbaycanlıların qanlı bazar davası”. Bu həftənin istər çap, istərsə də elektron variantlarında bu xəbər diqqəti daha çox cəlb edirdi. Bəlkə də çoxlarına adi görünə biləcək bir xəbər idi; Vasif Əliyev adlı şəxs yaşadığı binanın blokundaca güllələnib. Istintaqın gəldiyi ilk və qəti versiya budur ki, qatil də azərbaycanlıdır və hadisə bazar münaqişəsi zamanı baş verib.
Oqtayın qətli, Sarıyevlərin aradan götürülməsi
Azərbaycanlılar, necə deyrlər, öz bazarları uğrunda 2000-ci illərin əvəllərindən müharibəyə başladılar. Müharibə acınacaqlı həqiqət də olsa, Ucar və Şəmkir qruplaşmaları arasında gedirdi. Şəmkirlilər Moskvaya təzə gəlmişdilər. Onlar əsasən Peterburqun meyvə-tərəvəz nöqtələrini ələ keçirib hökmranlıq edirdilər. Ucarlıların isə “Xlebnikovo” deyilən yerdə Moskvanın ən böyük topdansatış bazaları, “Vıxino” kimi həm topdansatış, həm də parakəndə satışla məşğul olan və Moskvada həcminə görə böyük bir bazarları vardı.
Müharibənin ilk qurbanı şəmkirlilərin “Pokrovsk” adlı yerdə yerləşən böyük topdansatış bazasının şəriklərindən biri olan Oqtay adlı şəxsin qətli oldu. “Pokrovsk” bazarı günü-gündən inkişaf edirdi və hətta iş o yerə gəlib çatmışdı ki, Gəncəbasar zonasında elə bir rayon yox idi ki, ordan Moskvaya, daha dəqiqi, həmin bazara avtobuslar işləməsin. Bu bazarın hətta özünün Azərbaycana pulköçürmə məntəqələri belə vardı. Bazarın günü-gündən genişlənməsi rəqiblərə də narahatçılıq yaradırdı. 2005-ci ilin yayında bazarın şəriklərindən olan Oqtay adlı şəxs qətlə yetirildi. Amma onun qətli indiyədək açılmayıb. Amma ondan bir qədər əvvəl, ucarlılara məxsus “Xlebnikova” bazasının Samir adlı sahibinə də sui-qəsd edilmişdi. Samiri avtoqzada öldürmək istəyirdilər. Amma o, qəzadan qurtula bilmişdi. Təsadüfə bax ki, elə həmin ilin əvvəlində Samirin sağ əli sayılan və adıgedən bazarda az qala xəzinədar rolunu oynayan Elnur Məmmədov Azərbaycanda avtomobil qəzasına salınaraq öldürüldü. Onun idarə etdiyi maşının üstünə Kürdəmir rayonu ərazisində “KamAZ” markalı maşın çıxmış və qarşı tərəfdəki avtomobili sadəcə adi metal qırıntılarına çevirmişdi.
Bu, artıq müharibənin ilk təzahürləri idi.
Amma müharibə davam edirdi
2006-cı ildə Moskvada azərbaycanlı iş adamı Çingiz Sarıyevi naməlum şəxs qətlə yetirdi.
Qətl hadisəsi Moskvanın Jemçuqov xiyabanında 5 saylı evin qarşısında baş verdi. “Kraysler” markalı avtomobilinə əyləşmək istəyən Çingiz Sarıyevə naməlum şəxs yaxınlaşıb və onun gicgahına atəş açıb. Həmyerlimiz hadisə yerində keçinib. Qətl hadisəsini araşdırmaq üçün xüsusi istintaq qrupu yaradılır. Çingiz Sarıyev “Vıxino” bazarının şəriksiz sahibi idi. Bu yerdə bir məqamı xüsusi qeyd edək, Çingiz Sarıyev Ucar rayonunun Qaracallı kəndində anadan olub, 9 qardaş olan Sarıyevlərin böyük qardaşıdır. Bəri başdan deyək ki, Çingizdən əvvəl doquz qardaşlardan biri artıq qətlə yetirilmişdi. O, ikinci idi. Amma dalı da gələcəkdi. Az sonra onun qardaşı Şöhrət Sarıyev də evinin qarşısıda gülllənəcəkdi. Və bütün bu qətillərin üstü hələ açılmayıb,
“Çeçen Ruslan” nəyi etiraf edə bilərdi?
2007-ci ildə Bakıda “Çeçen Ruslan” ləqəbli kriminal avtoritet qətlə yetirilir. Sonradan istintaqa məlum olur ki, “Çeçen Ruslan” peşəkar killer olub və onun həyatına bir neçə dəfə sui-qəsd olub. “Çeçen Ruslan”ın üzvü olduğu qrup – özü iştirak etməyib – 2006-cı il fevralın 15-də Moskva şəhərində Ucar rayonundan olan iş adamı Çingiz Sarıyevi öldürüb. “Çeçen Ruslan” öz ölümündən əvvəl Akif Sarıyev və qətlə yetirilən Çingiz Sarıyevin oğlu Əlinur Sarıyevlə Bakıdakı “Tonqal” restoranında yeyib-içib. Görüşün səbəbi də Ə.Sarıyevin atası Çingiz Sarıyevi kimin qətlə yetirdiyini aydınlaşdırmaq olub. Onlar restorandan birgə çıxarkən yolu keçən ağ rəngli “BMV” markalı avtomobildən Ruslana atəş açılıb. Avtomobil dərhal hadisə yerindən uzaqlaşıb. R.Rüstəmovun yaxınları onun qisasçılıq zəminində qətlə yetirildiyini iddia edirdilər. Görünür, sifarişçilər Ruslanın Sarıyevlərə hanısa etiraf edəcəyindən narahat imişlər.
Dəmir qutularda
Qeyri-rəsmi informasiyaya görə, Rusiyada təxminən 3 milyona qədər azərbaycanlının yaşadığı bildirilir. Məlumatlara görə, onların da böyük hissəsi kiçik və orta ticarətlə məşğuldur. Bu ölkəyə üz tutan azərbaycanlıların əksəriyyəti bir parça çörək ucbatından öz ailəsini, yaxınlarını tərk edənlərdir. Və çox təəssüf ki, onların çoxu evə dəmir qutularda qayıdır.
Rusiyada yaşayan azərbaycanlıların özləri deyir ki, burada soydaşlarımızın həmrəyliyi yoxdur. Onlar erməni, gürcü, çeçen və digər Qafqaz xalqlarından fərqli olaraq, bir-birini dəstəkləmir. Yaxın qohumluq əlaqəsində olan azərbaycanlıların da müəyyən bir qisminin düşmən münasibətdə olduğunu bildirən azərbaycanlıların sözlərinə görə, qətl hadisələri əksər vaxtlarda pul-para üstə baş verir. Bəzi azərbaycanlılara elə gəlir ki, o, işləməməlidir və maddi imkanı olan azərbaycanlı ona aylıq pul ödəməlidir. Imkanlı azərbaycanlı da soydaşına havayı pul vermək istəmədikdə isə sonu qisasalma ilə nəticələnir.
“Böyük qardaşların” yoxluğu
Amma bu, “Lotu Hikmət” və “Masallı Mamed”in öldürülməsindən sonra daha intensiv xarakter alıb. Böyük qardaşların yoxluğu azərbaycanlıların öz aralarındakı “razborka”ları da daha qanlı vəziyyətlərə gətirib çıxarır. Azərbaycanlıları öz soydaşlarımızın öldürməsi, oğlurlaması, şikəst etməsi Rusiyada yaşayan soydaşlarımızı ciddi narahat edir. Amma nə olsun, nə ciddi avtoritet var, nə də diaspor qurumu. Moskvadakı diaspor qurumlarımız – ÜAK, “Azerros”, Moskva Azrbaycan Cəmiyyəti, o birilər ancaq və ancaq Bakıdan gələn instruksiya ilə hrəkət edirlər. O instruksiyalarda isə söhbət Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətini dəstəkləmək kimi şablon şüarlar yer alır, nəinki millətə qayğı və onun problemlərini həll etmək.
Bəzi sosioloqların fikrincə, azərbaycanlıların bir çox hallarda cinayət işlərinə əl atması onların asan yolla qazanc əldə etmək istəməsindən irəli gəlir. Bunun Azərbaycan dövləti və cəmiyyəti tərəfindən həyəcan təbili kimi qarşılanmalı olduğunu deyən sosioloqlar bildirir ki, soydaşlarımızın bir-birinin qətlində yaxından iştirakı birbaşa maddiyyatla bağlıdır.
Aqil Abbas haqlıdır?
Məşhur yazıçı-publisist, millət vəkili Aqil Abbas mətbuata açıqlamasında maraqlı məqama toxunur. Onun dediyinə görə, keçmiş SSRI-nin bir parçası olan Rusiyada çirkli pul qazanmağa şərait olduğu üçün soydaşlarımız bu kimi işlərə əl atır. Avropa ölkələrində isə cinayət törətmək, əyri yollarla pul qazanmaq imkanı olmadığı üçün bu ölkələrdə soydaşlarımız bir-birini öldürmür: “Oraya insanlar elm dalınca, işləmək üçün gedir. Avropa ölkələrində soydaşlarımız oğurluq, cinayət işlərinə girişə bilmir. Çünki Almaniyada bir azərbaycanlı ”qara pul” qazana bilməz. O, mütləq hansısa bir müəssisədə, qurumda işləməlidir. Ticarət sahəsində çalışsa da, o, qanunlar əsasında öz ticarətini quracaq. Başqa yolla işləməsi mümkün deyil. Rusiyaya gəlincə, bu ölkədə böyük bir cinayətkar aləm var. Rusiya cinayətlərin qarşısını ala bilmir, bu ölkəni cinayətkarlar, avtoritetlər idarə edir. Buradan gedən və orada soydaşını qətlə yetirən azərbaycanlıların həyat tərzilə tanış olsanız görərsiz ki, onlar iş adamı deyil. Onlar bəzən iş adamlarını öldürürlər. Bunun da səbəbi var.
Reketlik edən azərbaycanlının başqa xalqların iş adamlarından aylıq haqq almağa gücü çatmır
O, gedib rusun qarşısına o iddianı qoya bilməz ki, mənə ayda bu qədər pul verməlisən, mənim üçün bu işi görməlisən. Rusun özünün öz mafiyası var, o, rusdan pul tələb edən reketin qulağını kəsib özünə yedirdər. Ona görə də gedib tələblərini azərbaycanlılar qarşısında qoyurlar. Onlar öz azərbaycanlılarımıza ilişir. Azərbaycanlılar bir-birilə alver edir, nəticədə problem yaranır. Belə olanda isə bir-birinə silah çəkir, bir-birini öldürür, bir-birinin malını, sərvətini ələ keçirmək istəyirlər. Bu hadisələri törədənlər isə orta təbəqənin adamlarıdır. Onlar aralarındakı münasibət zəminində bir-birindən intiqam alır. Görün, yüksək işlərdə çalışan azərbaycanlılar bir-birilərinə qarşı belə iş tutarmı? Onları da buradan getmiş “çemodan oğru”ları vurur. Onlar yalnız bir-birini vura, bir-birilərindən oğurluq edə bilər”.
***
Bu gün də Rusiyada milyonlarla azərbaycanlı piştaxta arxasındadır. Sakitcə alverlərini edirlər. Və… Və heç kim zəmanət verə bilməz ki, günlərin bir günü onlar əllərindəki çəki daşları ilə bir-birinin başını yarmayacaq. Bəs bunun qarşısını necə almaq olar? Təbii ki, deyəcəksiz diaspor təşkilatlarımız hərəkətə keçməlidir.
Hansı diaspor təşkilatlarımız: yuxarıda adlarını çəkdiklərimiz? Bilirsinizmi onlar, ümumiyyətlə, nə işlə məşğul olurlar? Bu barədə gələn sayımızda…
Mürsəl Ibrahimli


