Misir ssenarisi Azərbaycanda…

İham Əliyev sələfləri kimi bunu istisna edir

Elxan Mehdiyev: «Ilham Əliyev Münhendə rastlaşdığı səhnə ilə yenə üzləşə bilər»

Münhendə keçirilən Təhlükəsizlik Konfransında ölkə başçısı Ilham Əliyev onu çətin vəziyyətə salan sualla qarşılaşıb. Konfrans iştirakçılarından biri Azərbaycanı Hüsnü Mübarəkin dövründəki Misirlə müqayisə edib.
Azərbaycanı öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzədən sual müəllifi konfrans iştirakçılarına üz tutaraq “Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?” soruşub.
Ilham Əliyev isə Azərbaycandakı mövcud vəziyyəti Mübarək Misirindəki vəziyyətlə eyniləşdirən bu suala ölkə ilə bağlı bir sıra göstəriciləri sadalamaqla cavab verib. O eyni zamanda deyib ki, kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq, bunu görməyəcəksiniz.
Ilham Əliyevin bu sözləri, məzmununa görə, devrilmiş ərəb diktatorlarının vaxtilə səsləndirdikləri fikirlərə çox bənzəyir. Məsələn, Tunisdə baş verən hadisələrdən sonra Misir prezidenti Hüsnü Mübarək 2011-ci ilin yanvarında “Bura Misirdir, Tunis deyil!” demişdi. O, bununla Tunis hadisələrinin Misirdə təkrarlanmayacağına işarə vururdu. Liviya diktatoru 2011-ci ilin fevralında “Liviya Misir və Tunisə bənzəməz!” fikrini səsləndirmişdi. Ancaq hər iki diktatorun aqibəti göz qabağındadır. Onlar bu fikirləri səsləndirəndən qısa müddət sonra hakimiyyətdən uzaqlaşdırıldı. Hazırda hakimiyyəti ciddi laxlayan və beynəlxalq aləmin hərbi müdaxiləsi ilə üz-üzə qalacağı gözlənilən Bəşər Əsəd də ötən ilin mart ayında “Liviya ssenarisi Suriyada təkrarlana bilməz!” demişdi. Ancaq hadisələr bunun tam əksini göstərir. Indi isə Ilham Əliyev sərt şəkildə: “Azərbaycanda Misirdə baş verən hadisələri görməyəcəksiniz!” deyir. Ölkə başçısının bu ifadəsi birmənalı qarşılanmır. Çünki bu vaxta qədər eyni fikirləri səsləndirənlərin aqibəti yaxşı olmayıb.
Konfliktoloq Elxan Mehdiyev Ilham Əliyevin ona deyilənə sərt cavab verməsinin daxildəki qorxudan irəli gəldiyini deyir. Çünki sualı verən adi jurnalist yox, Almaniyanın ən böyük düşüncə mərkəzinin başında dayanan şəxsdir. Əliyevin ona ölkədəki iqtisadi inkişaf barədə danışması isə heç bir əhəmiyyət kəsb etmir. Çünki inqilablardan əvvəl Liviyada, Misirdə də iqtisadi artım yüksək idi.
Ekspertin sözlərinə görə, ərəb ölkələrində inqilablara səbəb iqtisadi durum yox, 30-40 il davam edən siyasi sistemin fəaliyyəti idi. Mübarizə insanların haqları və azadlıqları uğrunda idi. Inqilablara səbəb məhz bu oldu.
Ekspert Ilham Əliyevin yenidən Münhendə rastlaşdığı səhnə ilə üz-üzə gələ biləcəyini də istisna etmir. Çünki Azərbaycandakı rejim hətta ərəb ölkələrində olduğundan da pisdir. Keçmiş SSRI məkanında yeganə Azərbaycanda hakimiyyət atadan oğula keçib. Siyasi sistem də Misirdə, Liviyada, Tunisdə, Suriyada olduğu kimidir. Bu baxımdan da Qərb Əliyev rejiminə bəraət qazandırmayacaq.
Fizzə