İlham Əliyev Qarabağda vuruşanda ziyalılar harada idi?

YAP-ın yetişdirdiyi ünlü siyasətçi, “yeni azərbaycanlılar”ın siması, Milli Məclisin yaraşığı Siyavuş Novruzov növbəti açıqlaması ilə gündəmi zəbt edib. Adam Ziyalılar Forumunda təmsil olunan ziyalıları sərt tənqid edib, deyib ki, “erməni ziyalılar Dağlıq Qarabağla bağlı mübarizə aparanda, həmin ziyalılar Moskva restoranlarında yeyib içirdilər”. Sitat: “Bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır… Bunlar fərari ziyalılardır. Vətəni dar gündə qoyub qaçan əsgərlə belə ziyalıların heç bir fərqi yoxdur”.
Çox unikal bir yanaşmadır. Nəhayət, ölkənin taleyüklü məsələlərində vaxtilə öz əməli, canı və qanı ilə rol almış insanların hazırda söz sahibi olmalarına haqqı çatdığı YAP nümayəndəsi tərəfindən etiraf edilir. Bundan daha əxlaqlı bir mövqe təsəvvür edirsinizmi?
Məsələn, Səyavuş Novruzovun təmsil olunduğu partiyanın lideri Ilham Əliyev əlində silah Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edəndə Ziyalılar Forumunda təmsil olunan Cəmil Həsənli haradaydı? Moskvada yeyib-içirdimi, biznes qururdumu?
1988-ci il hadisələri zamanı Dağlıq Qarabağın Azərbaycandan qoparılması prosesinə xalqımızın etiraz aksiyalarını Ilham Əliyev, Ziya Məmmədov, Kəmaləddin Heydərov, Eldar Mahmudov, Ramil Usubov təşkil etmirdilərmi? Zoribalayanların palaz-palaz avantüralarına YAP-ın hazırkı ideoloqu, elmi-kommunist Ramiz Mehdiyev və YAP ziyalıları – Abel Məhərrəmov, Şəmsəddin Hacıyev, Mahmud Kərimov… cavab vermirdimi? Yazıqların, yazmaqdan barmaqları da qabar bağlamışdı.
Artur Rəsizadənin rəhbərliyi ilə xalq 1990-cı ilin yanvarında xəyanətkar hakimiyyəti devirmək istəyəndə fərari Rüstəm Ibrahimbəyov rus qoşunlarının Azərbaycana çağırılması barədə rəsmi sənədi imzalamadımı? 20 Yanvarda tökülən qanın günahını Ziyalılar Forumu daşımırmı?
1992-ci ildə Səfər Əbiyevin ön sıralarında vuruşduğu Azərbaycan ordusu ermənilərə qarşı qəti həmləyə hazırlaşdığı bir məqamda Naxçıvanla Ermənistan arasında “sülh sazişini” Eldar Namazov imzalamadımı? Ermənistana Naxçıvanla sərhədi qoruyan Sasun David ordusunu da Qarabağdakı döyüşlərə göndərmək səviyyəsində şərait yaradan bu müqavilənin bağlanması Səfər Əbiyevin apardığı uğurlu döyüş əməliyyatlarına vurulan balta deyildimi?
Hələ mən Səyavuş Novruzovun özünü demirəm. Həmin ərəfədə perspektivli və intellektli gənc olan hörmətli deputat öz lideri Ilham Əliyevlə bərabər səngərlərdə yatır, elmi-tarixi məqalələri ilə Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Bir əllərində qələm, o biri əllərində “Kalaşnikov” tutmuş YAP rəhbərlərinin bu böyük xidmətləri qarşısında həmin ərəfədə Rusiya və Türkiyədə alver etməklə məşğul olan Rüstəm Ibrahimbəyov, Cəmil Həsənli, Eldar Namazov və başqaları nə deyib danışa bilərlər? Onların haqqı varmı Qarabağ müharibəsi veteranı Siyavuş Novruzovla haqq və hüquq, ziyalı və şərəfli ömür davası aparsınlar?
Hazırda da eyni proses gedir: YAP rəhbərliyi ölkənin gələcəyi üçün çalışır, ancaq Ziyalılar Forumu, xüsusən də müxalifət liderləri korrupsiya ilə Azərbaycanı talayır, ölkənin sərvətlərini xaricdəki banklarına yığır, Dubayda övladlarının adına villalar alır, min hoqqadan çıxırlar; Isa Qəmbərin övladı bir milyona ayı kababı yeyir, ancaq Ziya Məmmədovun oğlu gözdən zəif olmasına baxmayaraq, ön cəbhəyə gedib Səyavuş Novruzov nümunəsi göstərir…
Belə faktları saymaqla bitməz. Ona görə də Ziyalılar Forumu gərək hansısa sözü deyəndə öz tərcümeyi-halına nəzər salsın, bilsin ki, 1994-cü ilə qədər Azərbaycanda olmayan, əsgərlik çəkməyən, Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunun məzunu olmasına baxmayaraq, ermənilərə qarşı bir cümlə belə yazmayan, ancaq Rusiyada biznes fəaliyyətilə məşğul olan bir şəxs Azərbaycana rəhbərlik iddiasına düşərsə, Səyavuş Novruzov kimi ləyaqətli, vicdanlı, vətənpərvər ziyalının sərt tənqidinə məruz qala bilər.
Doğru deyirsiniz, Səyavuş müəllim, öz gözündə tiri görməyib, başqasında tük axtarmaq vicdansızlıq, allahsızlıqdır. Belələrinə faktla cavab verin: Ilham Əliyevin Qarabağda döyüşərkən çəkdirdiyi şəkilləri, Ramiz Mehdiyevin ermənilərə qarşı yazdığı o dövrdəki məqalələri Ziyalılar Forumunun gözünə soxun ki, ağıllasınlar.
Yoxsa, sizin bu müdrik sözlərinizi çürük qoz qabığı sayarlar, biabır olarıq…