Rusiyanın işi asandır. Prezident seçkisinə bir o qədər çox müddət qalmayıb və elə bu səbəbdən hakimiyyətin də, müxalifətin də perspektivini analiz etmək elə də çətin deyil. Çətini bizim işimizdir. Həm müddət böyükdür, həm də ölkədaxili vəziyyət daha qəlizdir. Mən hər iki ölkənin müxalifətinin reallıq hüdudlarında nəyə nail ola biləcəyi haqda çox düşünmüşəm. Artıq bununla bağlı müəyyən qənaətim də var. Düzdür, siyasət bir qədər qəliz məsələdir və bir də görürsən ki, adama elə sürprizlər göstərir ki, lap məəttəl qalırsan. Bu detala baxmayaraq və ya onu nəzərə alaraq, yenə ehtiyatla olsa da, kiçik bir proqnoz verməyə cəhd etmək olar.
Bəli, martın 4-də Rusiyada kimin və necə prezident olacağı mübahisə predmeti deyil – o, Vladimir Putin olacaq. Üsullar da bizə çox tanışdır – bəzi federal subyektlərdə, güc strukturlarında 100 faiz ona səs verəcəklər, qalan vahidlərdə isə səslər sayılacaq. Bu gün başqa bir məsələ həll olunur. O da budur ki, V.Putin hansı cəmiyyəti, hansı Rusiyanı təhvil alacaq? Indi şaxtalı, buzlu meydanlarda keçirilən aksiyalar əslində, bu suala cavab verməlidir. Indisə gələk öz ölkəmizə…
Mən də öz müxalifət düşərgəmizdə baş verən proseslərə diqqət yetirirəm və bu prosesləri anlamağa cəhd edirəm. Amma mənə elə gəlir ki, biz tələbi bir o qədər adekvat qoymuruq. Bu iki il ərzində qeyri-adi bir hadisə baş verməsə, hakimiyyət müstəvisində ciddi dəyişiklik olmayacaq. Yəni, bizə də, bu hakimiyyətə də yaxşı bəlli olan üsullarla eyni adamı üçüncü dəfə prezident edəcəklər. Təbii ki, mən də bunu arzulamazdım, amma bu, böyük ehtimalla baş verəcək. Bir daha deyirəm ki, iki il az müddət deyil, bu müddətdə çox şey dəyişə bilər. Elə buna görə də mən yazdım ki, qeyri-adi bir hadisə baş verməsə…
Elə bu səbəbdən biz indi kimin prezident olacağı məsələsini deyil, həmin adamın hansı cəmiyyəti, hansı ölkəni təhvil alacağını müəyyən etməyə cəhd göstərməliyik. Məsələn, ruslar deyir ki, Putin bu dəfə başqa Rusiyanı təhvil alacaq. Biz də belə deyə bilsəydik, nə qədər rahatlıq olardı!
Mənə belə gəlir ki, güclü müxalifət anlayışını güclü cəmiyyət anlayışı ilə əvəz etmək lazımdır. Düzdür, bunlar bir-birilə bağlı şeylərdir, ona görə də bu tezis bir qədər təəccüblü görünəcək. Amma həmin rusların 95 il bundan əvvəlki tarixi “güclü müxalifət – zəif cəmiyyət” tandeminin hansı fəsadlarla nəticələnə biləcəyini göstərdi. Bolşeviklər güclü müxalifət idi, bunu ən azı, onların hakimiyyətə tam gəlmək üçün çıxdığı “oyun”lara bir nəzər yetirərək demək mümkündür. Amma o vaxt rus cəmiyyəti çox zəif idi, ona görə də bu güclü müxalifət hakimiyyətə çevrilərkən onu istədiyi kimi deformasiya edə bildi.
Ümumiyyətlə, tarix “güclü müxalifət-zəif cəmiyyət”, “güclü hakimiyyət-zəif cəmiyyət” kimi sosial-siyasi modelləri çox ifşa edib, onların acı nəticə və yekununu dəfələrlə açıb göstərib. Ona görə də biz əgər idarə edənləri və hakim zümrəni dəyişə bilmiriksə, gərək onda idarə edilənləri – bu cəmiyyəti dəyişək ki, dəyişilməmiş idarə edənlər dəyişmiş idarə edilənləri daha əvvəl olduğu kimi idarə edə bilməsinlər.
Bunu söz oyunu kimi qəbul etmək lazım deyil, çünki mən bunun yolunu da deyəcəm. Yol isə siyasi və hüquqi maarifçilikdən keçir. Siz öz hüququnuz uğrunda mübarizə aparırsınızsa, bu, o deməkdir ki, siz həm də yaxşı cəmiyyət uğrunda mübarizə aparırsınız!..
Mən Rusiyadan nədən ümidsizəm?
Növbəti aksiyanın fevralın 20-dən sonraya təyin olunması artıq onu sübut edir ki, ölkə müxalifəti bu seçkiyə, necə deyərlər, oynamır və “stavka” daha uzun müddətə götürülüb. Əgər buna qədər dediklərimi bir daha xatırlasam, heç bunun özü də pis deyil, çünki bir çox məsələlərə real baxmaq lazımdır. Insanların böyük qismi hələ də tərəddüd içindədir. Onlar deyir ki, yenidən 90-cı illərə qayıtmaq istəmirik! Amma özləri də unudur ki, məhz elə həmin dövrdə bir çox müsbət işlərin başlanğıcı qoyuldu. Fəqət, nə edəsən?
Yaddaşsızlıq cəmiyyətin imtiyazıdır. Onlar səhv etməkdən də qorxurlar. Zira onlara elə seçki siyahısı təqdim olunub ki, burada səhv etmək mümkünsüz görünür…

İdarə edənləri dəyişə bilmiriksə…
•


