Azərbaycan teatrının mogikanı – Mirzağa Əliyev

Səhnədəki sözlərinə görə həbs…

Mirzağa Əliyev Azərbaycan səhnəsinin qüdrətli sənətkarlarından biridir. Görkəmli aktyor Azərbaycan aktyorluq məktəbində musiqili komediya janrının oyun, ifadə vasitələrinin formalaşmasında böyük işlər görüb. O, öz estetik prinsipləri, zəngin ifadə vasitələri, forma və üslub prinsipləri olan bir məktəb yaradıb.
Qüdrətli sənətkarın məktəb yaratmış aktyor kimi, böyüklüyü  ondaydı ki, bu sənətkar müasirliyi klassik ənənələrdən uzaqlaşmaqda deyil, onu yeni-yeni ifadə keyfiyyətlərilə zənginləşdirməkdə görürdü.
Mirzağa Əliyev 1883-cü ildə Bakının Hövsan kəndində kasıb ailədə doğulub. Ilk təhsilini mollaxanada, sonra 2 saylı Bakı rus-tatar məktəbində alıb. Əmək fəaliyyətinə şəhər toxuculuq fabrikində başlayıb. Aktyor Murad Muradovla tanışlıqdan sonra onda teatra və xüsusən, aktyor sənətinə böyük rəğbət oyanıb. Mirzağa Əliyev səhnəyə ilk dəfə 1901-ci ilin iyununda Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin” (“Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı”) faciəsinin tamaşasında Şahmar rolunda qədəm basıb. Şahmar rolu ilə də dövrün teatr xadimlərinin diqqətini cəlb edib. Ona Isgəndər bəy Məlikovun “Yaxşılığa yamanlıq”, Sultanməcid Qənizadənin “Axşam səbri xeyir olar”, “Xor-xor”, “Dursunəli və ballıbadı”, Rəşid bəy Əfəndiyevin “Qan ocağı”, Vasaq Mədətovun “Qırt-qırt” kimi kiçik dramları və vodevillərinin tamaşalarında müxtəlif rollarla yanaşı, ciddi tamaşalarda da xarakterik obrazlar tapşırıblar. Qısa müddətdə o, nasir-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin baş rejissorluq etdiyi teatr truppasında Kərəməli (“Hacı Qara”), Hatəmxan ağa və Xudaverdi (“Müsyö Jordan və dərviş Məstəli şah”), Xacə Məsud (“Lənkəran xanının vəziri” – Mirzə Fətəli
Axundzadə), Aşıq Vəli (“Yağışdan çıxdıq, yağmura düşdük” və ya “Hacı Qəmbər”), Əhməd “Pəhlivanani-zəmanə” – Nəcəf bəy Vəzirov), Hacı Murad (“Tamahkar” – Süleyman Sani Axundov)  rollarını oynayıb.
Paralel olaraq “Nicat”, birinci və ikinci “Müsəlman teatr dəstəsi”ndə komik-dramatik rollar ifa edən Mirzağa Əliyev 1906-cı ilin payızında özü “Həmiyyət” truppası yaradıb. Bir ilə yaxın müddətdə bir çox pyeslər və dramları tamaşaya hazırlayıb və əsas rolları da özü ifa edib.
1907-ci ilin yazında “Həmiyyət” teatr truppası ikinci Müsəlman Teatr Dəstəsi ilə birləşdi. Mirzağa Əliyev müxtəlif illərdə həmin truppada, “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr kollektivlərində, teatr şirkətində (“Müsəlman dram artistləri ittifaqı”), “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti” teatr heyətində çalışıb. Hətta eyni zamanda, bütün mövcud truppalarda xarakter rollarını oynayıb.
Mirzağa Əliyev 1912-ci ildə tamaşa zamanı səhnədən çar üsul-idarəsinin əleyhinə tənqidi fikirlər söylədiyinə görə Həştərxana sürgün edilib. Bir il sonra Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv edilib və yenidən Bakıya qayıdıb. Sürgün dövründə də teatr fəaliyyətində olub. Həştərxanda yaşayan azərbaycanlılarla və tatar səhnə həvəskarları ilə tamaşalar hazırlayıb, özü müxtəlif rollarda çıxış edib.
Istedadlı aktyor nəsli ilə çiyin-çiyinə…
1913-1918-ci illər arasında Mirzağa Əliyev həm özünün təşkil etdiyi, həm də Hüseyn Ərəblinskinin, Mustafa Mərdanovun, Sidqi Ruhullanın və digər görkəmli səhnə ustalarının topladıqları teatr dəstələrilə Türkiyənin, Iranın böyük şəhərlərində (məsələn, Istanbul, Tehran, Rəşt, Təbriz, Ənzəli), Volqaboyu şəhərlərdə, Tiflisdə, Irəvanda, Batumda, Dərbənddə, Petrovski Portda (indiki Mahaçqala), Orta Asiyada qastrol səfərlərində olub. 1918-ci il 28 mayda Azərbaycan Demokratik Cümhuriyyəti (Respublikası) quruldu və az sonra müxtəlif teatr truppaları birləşərək Türk Hökumət Teatrosu adlandırıldı. Hökumət teatrının açılışı 1919-cu il 24 oktyabrda “Azərbay və Can” (Isa bəy Aşurbəyli) pyesinin tamaşası ilə bayram edildi. Həmin teatrın aparıcı aktyorlarından biri də Mirzağa Əliyev idi.
1920-ci ilin iyununda bu kollektiv əsasında Azərbaycan Şura hökumətinin Dövlət teatrı fəaliyyətə başladı. Yeni dövlət qurumunun ideoloji siyasət mövqeyini gücləndirmək məqsədilə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı yaradıldı. Mirzağa Əliyevlə Hacıağa Abbasovun rəhbərlik etdikləri kollektivə həmçinin “Hacımirzə teatrı”, “Hacımirz” deyilirdi. Repertuarı kiçik həcmli ideoloji-təbliği pyeslərdən, məzhəkələrdən, vodevillərdən ibarət olan teatrda Mirzağa Əliyev onlarla rol oynayıb.
1924-cü ildə yenidən doğma kollektivə, yəni, bugünkü Akademik Milli Dram Teatrına qayıdan Mirzağa Əliyev ömrünün sonunadək bu sənət ocağının səhnəsində çalışıb və yüzdən çox səhnə obrazı yaradıb.
Mirzağa Əliyevin Isgəndər (“Ölülər” – Cəlil Məmmədquluzadə), Osip (“Müfəttiş” – Nikolay Qoqol), Hacı Qara (“Hacı Qara” – Mirzə Fətəli Axundzadə), Atakişi, Mirzə Səməndər, Əmiraslan bəy Salamov, Əmirqulu, Oddamdı, Balaxan (“Sevil”, “Almaz”, “1905-ci ildə”, “Yaşar”, “Od gəlini” və “Aydın” – Cəfər Cabbarlı), Skapen (“Sıkapenin kələkləri” – Can Batist Molyer), Kərəmov, Bərbərzadə (“Toy” və “Xoşbəxtlər” – Sabit Rəhman), Hacı Salman (“Dumanlı Təbriz” – Məmməd Səid Ordubadi), Ser Tobi (“On ikinci gecə” – Vilyam Şekspir), Qraf Almavno (“Fiqaronun toyu” – Pyer Bomarşe), Poqanel (“Kapitan Qrantın çocuqları” – Jül Vern), Həmzə bəy, Mirzə Qoşunəli (“Köhnə dudman”, “Bəxtsiz cavan” – Əbdürrəhim bəy Haqverdiyev) rolları milli səhnə sənətimizin ən parlaq səhifələrini təşkil edir.
Roluna görə Stalin mükafatı
Mirzağa Əliyev Azərbaycanın yeganə aktyorudur ki, bir rola görə Stalin mükafatı ilə təltif edilib. Həmin rol 1942-ci ildə oynadığı, Mirzə Ibrahimovun “Məhəbbət” dramındakı Məşədi Qulamhüseyn obrazıdır. Aktyor həmin mükafata ikinci dəfə 1948-ci ildə Nəcəf bəy (“Şərqin səhəri” – Ənvər Məmmədxanlı) roluna görə layiq görülüb. Bu dəfə mükafatla tamaşanın yaradıcı heyətinin bir qrupu təltifləndirilmişdi.
Üzeyir Hacıbəyovun “Ər və arvad” (Kəblə Qubad), “Arşın mal alan” (Soltan bəy), “Şah Abbas və Xurşid banu” (Vəzir), “O olmasın, bu olsun” (Məşədi Ibad), Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan” (Orduxan bəy), “Aşıq Qərib” (Güloğlan) operetta və operalarındakı səhnə surətləri aktyorun yaradıcılığında ayrıca yer tutur. O, dəfələrlə müxtəlif quruluşlarda bu tamaşalarda iştirak edib.
Dramaturgiya janrında qələmini sınayan Mirzağa Əliyev “Vəzirin gözləri”, “Məşədi evlənir”, “Orada elə, burada belə”, “Necə qan ağlamasın”, “Ey dad şümür əlindən”, “Telefon”, “Qısqanclıq” dramları və digər pyeslərin müəllifidir. “Bismillah” (1925), “Hacı Qara” (1929), “Məhəbbət oyunu” (1936), “Almaz” (1936), “Bakının işıqları” (1950) və başqa filmlərə çəkilib. Mirzağa Əliyev rejissorlardan Cahangir Zeynalovun, Əbülfət Vəlinin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseyn Ərəblinskinin, Hüseynqulu Sarabskinin, Abbasmirzə Şərifzadənin, Ismayıl Hidayətzadənin, Aleksandr Tuqanovun, Cəfər Cabbarlının, Yusif Yulduzun, Əlihüseyn Rzayevin, Ədil Isgəndərovun, Şəmsi Bədəlbəylinin, Səftər Turabovun, Ələsgər Şərifovun quruluş verdiyi tamaşalarda çıxış edib.
Mirzağa Əliyev 1926-cı ildə Azərbaycan Respublikasının namdar (əməkdar), 1933-cü ildə xalq, 1949-cu ildə SSRI xalq artisti fəxri adları ilə təltif olunub.
Görkəmli səhnə ustadı Mirzağa Əliyevin aktyorluq məktəbinin əsasını realizm, səmimiyyət, təbii kolorit, məhrəm sadəlik, emosional cazibədarlıq, xalq gülüşünün poetik təcəssümü kimi  keyfiyyətlər təşkil edir. Azərbaycanda realist aktyor məktəbinin banisi Cahangir Zeynalov sayılır. Bu günədək davam edib formalaşan həmin məktəbin ilkin və ən layiqli davamçılarından biri Mirzağa Əliyev olub.
Xüsusi teatr təhsili görməmiş sənətkarlar arasında Mirzağa Əliyev qədər sevilən, çıxışları həmişə alqışlarla qarşılanan aktyor yoxdur. Tipajlıqdan bacardıqca uzaq olmağa çalışan aktyor yumoru, satiranı, “öldürücü” gülüşü əsasən obrazın xarakterində cəmləşdirirdi.
Görkəmli aktyor Mirzağa Əliyev 25 oktyabr 1954-cü ildə vəfat edib. Məzarı Bakıda Fəxri Xiyabandadır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir