Elçibəyin keçmiş əsgərləri ilə yaptokratların əlbir olub Azərbaycanın adını dəyişməyi, “Şimali Azərbaycan Respublikası” qoymağı təklif etməsinə ironiyasız yanaşmaq mümkün deyil. Ölkənin daha taleyüklü problemləri, dərdləri, ağrıları qarşısında səssiz qalanların dilindən, hətta ilk baxışda milli, vətənpərvər görünən təkliflər, fikirlər də çox gülməli səslənir, adamda ikrah yaradır.
Mənə ən gülməli görünən yaptokratların da son vaxtlar özlərini Güney Azərbaycan sevdalısı kimi göstərmələridir. Oysa, dünənədək Güney Azərbaycan məsələsinə görə bunların Elçibəyə yağdırmadıqları həqarət, etmədikləri küfr, qoşmadıqları şəbədə qalmamışdı. Ən yumşaq halda, Bəyin Güney Azərbaycanla bağlı mövqeyini “xəyalpərvərlik”, “siyasətçi səbatsızlığı” adlandırırdılar, onu uzaqgörən olmamaqda, diplomatiyadan başı çıxmamaqda, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaqda ittiham edirdilər.
Indi soruşmaq ayıb olmasın, o nə pəhriz idi, bu nə turşu? Dünənəcən yerdən-yerə vurduğunuz, səriştəsizlikdə suçladığınız Elçibəyin dəyərini, uzaqgörənliyini indimi anladınız? Indimi anladınız kimin liderinin daha uzaqgörən, müdrik olduğunu?
Əlbəttə, Güney Azərbaycan bizim bağrımızın başıdır, bir gözümüz, bir qulağımız daim ordadır. Amma Güneylə bağlı danışmağı da, türklər demiş, “hak etmək” lazımdır. Azərbaycanın şimalında Irandakı rejim qədər basqıçı, əzici, anti-demokratik, anti-insani rejimə səssiz qalıb, səssiz qalmaq bir yana, ona yandaşlıq edib, onunla işbirliyində olub Güney Azərbaycan mövzusunda qəhrəmanlıq etmək istəyənlər daim gülüş obyektinə çevrilib, bundan sonra da gülüş obyekti olmaqda davam edəcəkdir.
Bu gün Azərbaycanın adını dəyişməyi təklif edənləri o vaxt ciddi qəbul etmək, onların bu təklifdə səmimiyyətinə, yanğısına o vaxt inanmaq olardı ki, onlar əvvəlcə Azərbaycanın özünün dəyişməsində maraqlı olsunlar. Azərbaycanın dəyişməsini istəməyib, bunun üçün vicdanla, dürüstcə bir mövqe ortaya qoymayıb, Azərbaycanın bir zülm bataqlığından, bir korrupsiya girdabından qurtulub çağdaş, uyğar, modern ölkəyə çevrilməsində iştirak etməyib də, Azərbaycanın adını dəyişməyi təklif etmək yalançı vətənpərvərliyin, urpatriotizmin pik nöqtəsidir.
Bu gün dəyişimə Azərbaycanın özünün ehtiyacı var. Bu gün Azərbaycanda insana münasibətin, dövlətə münasibətin, hüquqa, azadlıqlara münasibətin dəyişməsinə ehtiyac var. Bu dəyişim olmadan Azərbaycanın adını dəyişməklə bir yerə varılmaz. “Şimali Azərbaycan” adı da korrupsiya ilə, repressiya ilə, hüquqsuzluqla, saxtakarlıqla, “pripiska”larla assosiasiya olunacaqsa, Bakıdakı rejimin Tehrandakı rejimdən fərqi qalmayacaqsa, Güney Azərbaycan davasında heç nə qazanmayacağıq. Oradakı soydaşlarımıza lazımdırmı yağışdan çıxıb yağmura düşsünlər? Qurddan qaçarkən quzğun caynağına keçmək lazımdırmı onlara?
Azərbaycan bütün yaralarını yalnız uyğar, modern ölkəyə çevrilməklə sarıya bilər.
Azərbaycan bütün dərdlərinə yalnız çağdaş hüquq dövləti olmaqla dərman tapa bilər.
Gerisi mifdir, əfsanədir. Filfilodur. Işin içində qüdrət həsənquliyevlər, siyavuş novruzovlar, fazil mustafalar varsa, ümumiyyətlə, komediyadır.
Öyrənməyənlər
Ilham Əliyevə Münhendə növbəti çətin sual verdilər. Bu barədə ətraflı qəzetimizdən oxuya bilərsiniz.
Mənim diqqətimi hakimiyyət yandaşlarının bir-birinin ağzına tüpürübmüş kimi, sual müəllifini “öyrədilmiş adam”, sualın özünü isə “təxribat” kimi qələmə vermələri çəkdi.
Mən o sual müəllifinin “öyrədilmiş adam” olduğunu bilmirəm, heç bilmək də istəmirəm. Amma onu doğrudan da öyrədiblərsə, eşq olsun ona. Hər halda, Ilham Əliyevlə qarşılaşacağını uzağı bir-iki gün əvvəldən bilib, bu bir-iki gün də ona bizim əlahəzrəti necə pis vəziyyətdə qoyacağını öyrənmək üçün kifayət edib.
Halbuki, biz 18 ildir bunlara hüququn, demokratik dövlətin, təməl insan haqlarının, azadlıqların nə olduğunu heç cür öyrədə bilmirik. Öyrənmək istəmirlər.
Əsəblərimə toxunan oxucu reaksiyaları – 2
BIR: “Səni sevmirəm, amma bu yazını bəyəndim”;
IKI: “Səni sevirəm, amma bu yazını bəyənmədim”;
ÜÇ: “Ağrımayan başını niyə ağrıdırsan, sakitcə otur yerində hamı necə, sən də eləcə”;
DÖRD: “Guya bunu yazanda nəsə düzəlir?”;
BEŞ: “Azərbaycanda söz azadlığı yoxdursa, səni niyə hələ də tutmayıblar?”

Azərbaycanı dəyişin, Azərbaycanı!
•
•