Dünən ailəsi AXCP fəalına baş çəkib
AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli ötən həftənin şənbə günü 14 saylı cəzaçəkmə müəssisəsindən müalicə müəssisinə köçürülüb. Vəkil Əlayıf Həsənovun sözlərinə görə, Ş.Həsənlinin orada nə qədər qalacağı müalicənin gedişindən asılıdır: “Şahin bəylə telefon əlaqəsi saxladım. Bildirdi ki, səhhətində bir-balaca irəliləyiş var. Amma müəssisənin şəraitinin o qədər də yaxşı olmadığını bildirdi”.
Qeyd edək ki, Ə.Həsənov ötən həftə Penitensiar Xidməti məhkəməyə verməyi planlaşdırırdı. Vəkilin sözlərinə görə, Ş.Həsənli müalicə müəssisəsinə köçürüldüyü üçün bu məsələ qüvvədən düşdü: “Amma mən yenə də Penitensiar Xidmətə müraciət edərək Şahin Həsənlinin səhhətindən narahat olduğumuzu bildirdim və bu məsələni diqqətdə saxlamalarını xahiş etdim”.
Dünən ailəsi Ş.Həsənliyə baş çəkə bilib. Bu barədə AXCP fəalının həyat yoldaşı Zülfiyyə Həsənli məlumat verib. O bildirib ki, görüş Ş.Həsənlinin ad günü ilə bağlı olub: “Müalicə müəssisəsi ”Şəfa” stadionunun yaxınlığındadır. Ad günü tədarükü edib uşaqlarla birlikdə Şahinə baş çəkdik. Ürəyində, belində, ayaqlarında ağrılar var. Bu ağrılara görə ayaqları da şişib. Yaxın günlərdə analizlər verəcək və nəticəsinə görə də müalicə aparılacaq”.
Xatırladaq ki, Ş.Həsənli müalicə müəssisəsinə hüquq müdafiəçisi Eynulla Fətullayevin Penitensiar Xidmətə müraciətindən sonra köçürülüb.
Gültəkin


